15 avqust 2019 08:10

Maliyyə Bazarlarına Nəzarət Palatası - RUSİYA TƏCRÜBƏSİNİ ÖYRƏNİR

Maliyyə Bazarlarına Nəzarət Palatası nümayəndə heyəti bank olmayan ödəniş xidməti təchizatçıları, o cümlədən pulköçürmə sistemləri, elektron pul təşkilatlarının fəaliyyətinin təşkili, habelə maliyyə bazarları sahəsində fintexlərin iştirakı və ödəniş ekosistemində qanunvericilik bazasında aparılan son islahatlar üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə Rusiya Federasiyasına rəsmi səfərdədir.

FED.az xəbər verir ki, “Zolotaya Korona” pulköçürmə sisteminin rəhbərliyi ilə keçirilmiş görüşdə pulköçürmələri sahəsində innovativ texnologiyaların tətbiqi, pulköçürmələri üzrə ölkə qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının daha da artırılması, banklarda pulköçürmələri üzrə risk əsaslı nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib.

Səfər çərçivəsində Rusiyanın Fintex Assosiasiyası ilə baş tutmuş görüş zamanı məsafədən eyniləşdirmə prosedurunun tətbiqi, təcili ödənişlər sisteminin fəaliyyəti, habelə bank sistemində açıq bankçılıq texnologiyası (Open API) üzrə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Rusiya Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi zərurəti diqqətə çatdırılıb.

Rusiya Banklar Assosiasiyası və Milli Ödəniş Assosiasiyası ilə keçirilən görüşlərdə ödəniş ekosistemi üzrə qanunvericilik bazasında aparılan son islahatlar, o cümlədən elektron ödənişlərdə tətbiq olunan xidmət haqlarının nəzarət qurumu tərəfindən tənzimlənməsi alətləri, ödəniş terminallarının fəaliyyətinin təşkili, habelə elektron ödənişlərdə ödəniş agenti modelinin tətbiqi və agent bankçılıq layihəsi müzakirə edilib.

Həmçinin elektron pul emissiyası üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə qabaqcıl mobil rabitə operatoru ilə görüş keçirilib və bankların bu ödəniş alətinin tətbiqində iştirak perspektivləri və tətbiq olunan risk əsaslı yanaşma modeli təhlil edilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz