Azərbaycanda bank girovlarını satışı mexanizmi və bu sahədə real prosesdə böyük probemlər var. Bank kreditlərinin şərtlərinin sərt və faiz dərəcələrinin bəzən yüksək olmasının səbəblərindən biri də budur.
Eləcə də bax: Azərbaycan banklarında çoxsaylı - KƏND EVİ GİROVLARI VAR – SATA BİLMİRLƏR
Bu barədə FED.az-a Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquqşünası Qorxmaz Ağayev bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kredit vaxtında qaytarılmayanda borc tələbi girov qoyulmuş əmlaka yönəldilir. Qanunla həmin əmlak hərraclarda satılmalı və əldə ediən vəsait kreditin ödənilməsinə sərf edilməlidir.
Bank sektorunun təmsilçiləri bu sahədə ciddi problemlərin olduğunu bildirirlər. Ekspertlərin fikrincə, hərraclar qeyri-şəffaf təşkil olunur, ictimaiyyətin diqqətindən kənarda qalır, hərracların təşkilində inhisarçılıq var.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev FED.az-a bildirib ki, hazırda girov əmlakının sataldığı hərracları bir neçə şirkət keçirir: «Hərracın sifarişçisi məhkəmə qərarlarının icrasını həyata keçirən icra məmurlarıdır. Hərracı keçirəcək şirkətləri də məhz icra qurumu müəyyən edir. Banklar bu prosesə qarışa bilmirlər, banklar bu prosesdə yalnız müşahidəçi kimi iştirak edir».
Mütəxəssis deyir ki, bu sahədə əsas problemlərdən biri də girov hərraclarının bir neçə şirkətin əlində cəmləşməsidir: «Əsas məsələlərdən biri hərracın xidmət haqqının əsasən banklardan tutulmasıdır. Bunlar icra ödənişi deyilən 7 faizlik ödəniş və hərracın xidmət haqqıdır 2-5%. Bunların ikisi də banklardan tutulur. Halbuki burada iki məsələ pozulur. Birincisi hərrac haqqı məbləği icra ödənişinin içərsində olmalıdır, yəni ayrı-ayrı olmamalıdır. İkincisi isə bu ödənişləri banklar deyil, cavabdeh tərəf, yəni krediti götürən və qaytarmayan tərəf etməlidir. Çünki məhz onun günahından kredit qaytarılmır və hərrac keçirilir. Burada bank ziyanda olan tərəfdir, amma bunların heç biri edilmir, bütün xərclər bankların üstündə qalır».
Q.Ağayev bildirir ki, bəzi hallarda hərraclarda satışlar formal olduğu üçün, ipotekaya xitam verilməsin deyə, banklar həmin əmlakı özləri almaq məcburiyyətində qalırlar. Banklar bu əmlakı alanda isə vergi öhdəlikləri yaranır və onu da ödəmək tələb olunur: «Tutaq ki, 100 minlik əmlakın satışı həyata keçirilirsə, hərracın 2-5 faiz məbləğində xidmət haqqı banklardan tutulur. 7 faizlik icra ödənişi deyilən xərclər də bankların üzərinə qoyulur. Nəhayət bank bu əmlakı alanda və sonradan satanda əlavə dəyər vergisi və əmlakın satışı ilə bağlı daşınmaz əmlak vergisi ödəməli olur. Bu da banklara əlavə yük olur».
Hüquqşünas deyir ki, əksər hallarda xidmət haqlarının yüksək olması səbəbindən, girov əmlakın satışından əldə edilən məbləğ krediti bağlamağa kifayət etmir:
«Əmlakın dəyəri borcu bağlamır, nəticədə borc qismən ödənilməmiş qalır. Qismən vurulmuş zərərin əmlak hesabına bərpa etmək üçün banklar əlavə pul ödəyir. Hesab edirəm ki, hərracın 2-5 faizlik xidmət haqqı, eləcə də 7 faizlik icra ödənişləri ümumiyyətlə, olmamalıdır. Çünki hərracın sifarişçisi banklar deyil. Bunlar böyük məbləğdir. Adətən ipoteka predmeti ilə əlaqədar olaraq borcun məbləği az olmur. Qanuna görə, 7 faiz icra ödənişi iddiaçı tərəfindən yox, cavabdeh tərəfindən qarşılanmalıdır. Banklar bu prosesdə heç bir xərc ödəməməlidir. Çünki onlar iddiaçı tərəfdir».
Mütəxəssis bildirir ki, bu prosesin ən ədalətsiz məqamı bankların sifariş etmədiyi məsələyə görə ödəniş etməsidir: «Nəyə görə bank seçmədiyi tərəfə (yəni hərrac şirkətinə) görə pul ödəməlidir? Hərracı təşkil edən şirkəti bank yox, icra məmuru seçirsə, xərci bankın ödəməsi heç bir məntiqə sığmır».
ABA nümayəndəsi bildirir ki, hərraca daha çox şirkət cəlb olunmalıdır. Bundan əlavə hərraclar, eləcə də satış prosesi elektron qaydada keçirilməlidir.
Q.Ağayev deyir ki, bu problemlə bağlı ABA və Ədliyyə Nazirliyi arasında işçi qrup yaradılıb və müzakirələr aparılır: «Bizim fikirləri dinləyirlər, adekvat yanaşırlar, bu və ya digər formada həll etməyə çalışırlar. Ancaq elə məsələlər var ki, qanun səviyyəsində öz həllini tapmalıdır. Bunun nəticəsi isə təbii ki, qısa müddətdə olmayacaq».
Hüquqşünas bildirir ki, ilk növbədə məhkəmə qərarlarının icra haqqında qanunda dəyişikliklər edilməlidir. Daha sonra Vergilər Məcəlləsində dəyişikliyə ehtiyac var. Yəni daşınmaz əmlakla bağlı ipotekaya tələblə bağlı olan bu tip ödənişlər ya vergidən tamamilə azad edilməlidir, ya da, normal, daha adekvat bir faizlə vergiyə cəlb olunmalıdır».