Almaniyanın İkinci Dünya müharibəsindən sonrakı illərdə sənaye qüdrətinin rəmzi olan “Volkswagen” indi bu ölkənin iqtisadiyyatında və siyasi mənzərəsində əks-səda doğura biləcək hadisə - zavodların bağlanması ilə qarşı-qarşıyadır.
Alman avtomobil şirkətləri - İXTİSARLARA HAZIRLAŞIRLAR
FED.az xəbər verir ki, şirkətin ənənəvi daxiliyanma mühərriklərindən elektrikli nəqliyyat vasitələrinə (EV) keçidi idarə etmək üçün apardığı mübarizə alman avtomobil sənayesinin üzləşdiyi daha geniş problemləri vurğulayır. Avropanın ən böyük iqtisadiyyatı artan rəqabət, azalan istehsal həcmi və siyasi qeyri-sabitliklə mübarizə apararkən, “Volkswagen” zavodlarının bağlanması ehtimalı Almaniyanın sənaye güc mərkəzi kimi yeni və çətin bir dövrünün başlanğıcı ola bilər.
Avqustun ortalarında “Volkswagen”in Zvikau şəhərindəki elektromobil zavodunda işçilərin ixtisarı aparılıb. Şirkət artıq gecə növbələrini ləğv edib və yüzlərlə müvəqqəti işçi ilə müqavilələrə xitam verib. Xərclərin azaldılması tədbirləri kimi başlayan bu proses tez bir zamanda seysmik hadisəyə çevrilib: Almaniyanın ən məşhur istehsalçılarından biri olan bu şirkət özünün 87 illik tarixində ilk dəfə zavodların bağlana biləcəyini elan edib. Bu addım təkcə “Volkswagen”in problemlərini bildirmir, həm də Almaniyanın sənaye mənzərəsindəki daha geniş böhranı vurğulayır. Ölkə hələ də güclü sənaye potensialına sahib olsa da, son aylarda rəqabət mənzərəsi dəyişib. Çinin yüksəlişi və daha sərt ekoloji qaydalar Almaniyanın ənənəvi sənayeləri üçün ekzistensial təhlükələr yaradır.
Kansler Olaf Şolts və onun hökuməti Almaniya iqtisadiyyatını canlandırmaq məqsədilə uzunmüddətli proqramlarla qısamüddətli seçki narahatlıqlarını balanslaşdırmağın bir yolunu tapmalı olacaq. Böhranın qarşısını almaq üçün Almaniyanın sənayedə daha bir iqtisadi möcüzə yaratması, Avropada təmiz enerji liderinə çevrilməsi lazımdır.
Almaniya iqtisadiyyatının gələcəyi və onun sənaye identikliyi indi “Volkswagen” kimi şirkətlərin bu təlatümlü dövrü uğurla idarə edə biləcəyindən asılıdır. Hazırda şirkətin çətinlikləri köhnə sənaye modellərinin XXI əsrin tələblərinə uyğun olmaması ilə əlaqədardır. (Azərtac)