Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində taksi sürücüləri və beynəlxalq yük maşını sürücüləri üçün test imtahanı keçirilib.
Taksi xidmətinin ən baha və ən ucuz olduğu ölkələr - SİYAHI
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron qaydada kompüterlə aparılan imtahan 1 saat çəkib, nəticələr, yəni sürücünün imtihandan keçib keçmədiyi imtahandan dərhal sonra məlum olub. Nəticələr gün ərzində DİM-in saytında da yerləşdiriləcək.
FED.az-ın müşahidələrinə görə, sürücülər üçün itmahan çətin olmayıb, hər halda hər 10 nəfərdən 9-u imtahanı uğurla verərək taksi və ya TIR sürücüsü kimi işləmək hüququ qazanıb.
Belə ki, imtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçib. Onlardan 1 952 nəfəri imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı taksi sürücülərinə xüsusi hazırlığa, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı verilib. Beynəlxalq yük maşını sürücülərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib.
Qaydalara görə, hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar düz cavabı aparmır.
Şərtlərə görə, taksi sürücüsü işləmək üçün sualların yarısına, 10 suala düzgün cavab vermək kifayətdir. Yəni 10 və daha çox bal toplamış taksi sürücüləri, eləcə də 15 və daha çox bal toplamış beynəlxalq yük maşını sürücülər imtahandan keçmiş sayılır və onlara müvafiq şəhadətnamə veriləcək.
İmtahan nəticəsindən narazı qalanlar 7–8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət edə bilər.