Bu ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq. Bu, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub ki, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır. Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.
FED.az xəbər verir ki, mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə, son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşması ilə nəticələnəcək. Dəyişikliyə əsasən, 2 litr həcmli mühərriklə təchiz edilən avtomobilin idxalına görə, 600 manat (ötən il 400 manat), 2,2 litrli mühərrik üçün 1600 manat (ötən il 1000 manat), 3 litr mühərriklə təchiz edilən avtomobilə görə, 5600 manat (ötən il 3400 manat), 5,7 litrlik mühərrik üçün 102,6 min manat (ötən il 59,4 min manat) aksiz vergisi hesablanacaq. Bu barədə Cəbhəinfo yazıb.
Artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir. Ekspertlər hesab edir ki, avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac, hətta qəzalar baxımdan problemlər yarada bilər. Mütəxəssislər buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyacın olmadığı qənaətindədirlər. Lakin gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının cüzi olması məqsədəuyğun hesab olunur.
Eləcə də bax: Neftçalada yığılan avtomobillər necə satılır?
Son məlumatlara görə, ikinci əl avtomobil bazarında qiymətlər 20-40 faiz artıb. Tələbatın yüksəlməsinin əsas səbəbi kimi yeni avtomobillərin ölkəyə gətirilməsində tətbiq olunan gömrük rüsumlarının ciddi şəkildə artırılması göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu amil bazarda qiymətlərin artması ilə yanaşı, həm də alıcı qıtlığı ilə müşahidə olunur. Yeni avtomobillərin təzə qərarla daha da əlçatmaz olması bu bazarda da vəziyyəti qəlizləşdirir. Yanvarın 1-dən etibarən qüvvəyə minən qərar hətta həmin dövrdən öncə ölkəyə gətirilən yeni avtomobillərin qiymətində də artıma səbəb olub. Bu avtomobil gətirənlər üçün əlavə xərclərin yaranmasına səbəb olduğu üçün baş verib. Qiymət artımı demək olar ki, bütövlükdə avtomobil bazarına mənfi təsirini göstərib.
Əməkdar jurnalist Azər Həsrətin də sözügedən məsələyə özünəməxsus yanaşması var. O, yaxınlarda Azərbaycanda avtomobil qəzalarının çoxunun köhnə nəqliyyat vasitələrinin üzündən baş verməsi barədə məlumatla tanış olduğunu deyib:
“Azərbaycan son illər ərzində xeyli inkişaf edib. Amma Azərbaycanın gözəlləşən mənzərəsini ölkədəki avtomobillər korlayır. Qəzalarda köhnə avtomobillərin iştirak payı heç də az deyil. Bəs, niyə insanlarımız köhnə avtomobillərə daha çox üstünlük verir? Özü də hər keçən il avtomobillər yenilənməkdənsə, köhnələrin sayı artır? Niyə, səbəb nədir?”
Azər Həsrətin gündəmə gətirdiyi məsələ əslində avtomobillərə tətbiq olunan gömrük rüsumlarının artırılması ilə bağlıdır. Yeni avtomobillərin böyük əhali kütləsi üçün əlçatmaz olduğunu nəzərə alsaq, köhnə avtomobillərin daha çox istifadə olunması zəruri haldır. Yerli bazarın qorunması məsələsi əslində burada öz aktuallığını itirir. Baxmayaraq ki, Azərbaycanda “Xəzər” avtomobilləri istehsal olunur, ancaq bu, tam yerli istehsal hesab olunmur. Çünki avtomobilin hazırlanması üçün lazımi avadanlıqlar idxal hesabına təmin edilir. Azərbaycan isə həmin avadanlıqların yalnız birləşdirilməsini həyata keçirir. Sözügedən avtomobillərin qiymətinin digər xarici istehsal avtomobillərindən fərqlənməsinin başlıca səbəbi də məhz budur. Yerli bazarla xarici avtomobil bazarında olan qiymətlərin müqayisəsinə Azər Həsrətin yanaşması ilə baxaq: “Gürcüstanda 2008-ci il istehsalı olan işlənmiş “Toyota Camry” avtomobilinin orta qiyməti 5 min dollardır (8500 manat). Azərbaycanda isə eyni maşın ən azı 2 dəfə və bəzən də daha artıq qiymətədir. O maşını Azərbaycanda 17-18 min manata almaq olar. Niyə bütün göstəriciləri ilə bizdən xeyli geri qalan Gürcüstanın vətəndaşları daha yeni maşınlar sürə bilməlidir, bizim vətəndaşlarsa yox?
Yeri gəlmişkən, Gürcüstanda 17 min manata “Toyota Camry”nin 2015-ci il buraxılışını almaq olar. Eyni maşının Azərbaycandakı qiyməti isə 25 min dollar - 42 min 500 manatdır. Səbəb odur ki, Azərbaycana avtomobil idxalına fantastik gömrük və aksiz vergisi tətbiq edilir. Hələ üstəlik avtomobilin gömrük dəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) ƏDV hesablanır.
Gürcüstandan və ya Almaniyadan 5 min dollara aldığınız maşını Bakıda gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra onun qiyməti 10 min 500 manat artmış olur. Bunun üstünə 5 min dolların manat qarşılığını - 8 min 500 manatı da gələndə, 19 min manat edir. Bu qiymətə Gürcüstan vətəndaşları nəinki 2015, hətta 2016-cı ilin “Toyota Camry”sini alıb sürürlər. Onu da əlavə edim ki, mənşə ölkəsindən (və ya göndərən ölkədən) gətirilən maşını orada həqiqətən 5 min dollara aldığını da gömrükdə sübut edə bilmirsən. Avtomobil biznesi ilə məşğul olanların dediyinə görə, gömrük keçid məntəqəsində maya dəyəri 5 min dollar olan avtomobilin sənədini bir kənara atıb, özlərindən daha baha qiymət təyin edirlər. Nəticədə də, digər faizlər artır və qiymət bir az da şişir”.
Avtomobil bazarında baş verən bahalaşma hələlik tam şəkildə görünməsə də, yaxın aylarda hər kəs bu bahalaşmanı hiss edəcək. İlk növbədə, avtomobil xidməti ciddi şəkildə bahalaşacaq. Bu da avtomobil sahibi olmayan əhali kəsiminə də öz təsirini göstərəcək. Problemin həlli olduqca zəruri olsa da, hələlik bu istiqamətdə konkret təkliflərin olduğunu görmürük. Yalnız problemin həllinə dair müəyyən fikirlər səslənir. Mövcud vəziyyətin düzəlməsi üçün Azər Həsrətin fərqli yanaşması var:
“Sadəcə gömrük və aksiz dərəcələrinə yenidən baxılmalıdır. Özü də bu sahə bir sərəncamla ASAN Xidmətə verilməlidir ki, neqativ hallar haqqında söhbətlər yığışdırılsın. Məntiqlə də bunu etmək çətin deyil. Zatən bir insan xaricdən avtomobil gətirirsə, gömrük onu sərhəddə yoxlayıb buraxır. Qalır vergisini, aksizini ödəyib rəsmiləşdirmək. Bunun üçün də ayrıca idarə və gərəksiz işçi ştatı saxlamağa ehtiyac yoxdur. Hə, indi kimsə çıxıb deyəcək ki, gömrükçülər əlavə olaraq nəyisə yoxlamalıdır və s.
Heç elə şey yoxdur. Çünki, dediyimiz kimi, ölkəyə daxil olan maşınlar sərhəddə yoxlanır. Əlavə yoxlamanı isə DYP həyata keçirir. Yəni qaçaqmalçılıq üçün heç bir imkan qalmır. Onu da əlavə edim ki, haradasa 10-15 il öncə Azərbaycan avtomobil ticarətində regionun mərkəzinə çevrilirdi. Buradan həm Qafqaz, həm də Orta Asiya və İrana maşınların satılması üçün imkanlar yaranırdı. Lakin sonradan hansısa sehrli qüvvələrin tətbiq etdiyi gömrük və aksiz hədləri ona səbəb oldu ki, bu ticarət mərkəzinə Gürcüstan sahibləndi. Və o dövlətin büdcəsi həmin mərkəzdən hər il milyonlarla pul qazanır”. Ümid edirik ki, qiymətlərin bahalaşmasını stimullaşdıran qərarlara alternativ olaraq ölkənin daxili avtomobil bazarı təkmilləşdiriləcək. Əks halda, qiymət artımı sürətlə gedəcək, bu da istər ikinci əl, istərsə də yeni avtomobillərin alqı-satqısında ciddi problemlərin yaranmasına səbəb olacaq. Bütün bu sadalananlar, xüsusilə də aztəminatlı əhali üçün avtomobil sahibi olmağı əlçatmaz edəcək.