Avtomobil istehsalçısının “BMW of North America” şöbəsi yaşıl elektrik enerji istehsal etmək üçün Kaliforniyanın süd fermalarındakı peyindən istifadə edəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, onun əsas tərəfdaşı yeni nəsil bioreaktorun yerləşdiyi “Bar 20 Dairy” ferması olacaq.
Ekspertlərin fikrincə, bu üsulu tam olaraq ekoloji adlandırmaq olmasa da, peyinin vurduğu zərər karbohidrogenlərin yandırılması zamanı yaranan istixana qazları ilə müqayisədə çox azdır. Şirkət qeyd edir ki, metan qazının elektrik enerjiyə çevrilməsi sayəsində karbon qazı emissiyaları 100%-dək endiriləcək.
“Bar 20 Dairy” ferması ənənəvi generatorlardan iki dəfə çox enerji istehsal edir. Bununla yanaşı, emal edilmiş material sonra gübrə kimi də istifadə oluna bilir.
Bioreaktorun iş prinsipi metan fermentasiyası prosesinə əsaslanır. Biokütlə reaktora daxil olur və sonrakı mərhələlərdə metan, su və karbon qazına çevrilir. Növbəti addım olaraq bioqaz təmizlənir və yanacaq elementlərinə ötürülür, burada buxar riforminqindən istifadə etməkdə təmiz hidrogen alınır. Son mərhələdə kimyəvi reaksiyalardan istifadə edərək hidrogendən cərəyan əldə edilir.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson “Microsoft”un yaradıcısı Bill Qeytslə yaşıl texnologiyaların inkişafı üzrə 400 milyon funt sterlinq (552 milyon dollar) dəyərində müqavilə bağlayıb.
Conson “Breakthrough Energy Catalyst” proqramına qoşularaq ölkəyə yaşıl enerji istehsalını sürətlə genişləndirməyi vəd edib. Tərəfdaşlıq 2050-ci ilə qədər Böyük Britaniyaya karbon neytrallığına nail olmağa kömək etməlidir.