Azərbaycan Avtomobillər Dilerləri Assosiasiyası ölkədə avtomobil bazarının inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlayıb.
Eləcə də bax: Azərbaycanda geri alma zəmanəti ilə - Avtomobil Satışı Başlayıb – İLK DƏFƏ
FED.az xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Assosiasiyanın üzvü Emil İsmayılov deyib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcədə çətinləşdirib və rəsmi avtomobil dilerlərinin fəaliyyətinə ciddi zərər vurub.
“Bu müddətdə işlənmiş və istismar müddəti 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olmasından və yeni avtomobillərin satışını stimullaşdırıcı amillərin olmamasından irəli gəlir. Nəticədə, ekoloji cəhətdən zərərli və keyfiyyəti aşağı olan avtomobillər ölkəyə idxal olunur. Yaranan vəziyyətdən çıxış yolları araşdırılaraq, ölkənin avtomobil sektorunda dinamik inkişafına nail olmaq, satış göstəricilərini artırmaq, büdcəyə ayrılan vergilərin həcmini yüksəltmək, iş yerlərinin qoruyub-saxlanması və bütövlükdə ölkə və cəmiyyətin həyatında aktiv iştirak naminə Assosiasiya tərəfindən bəzi təkliflər hazırlanıb”, - deyə E. İsmayılov qeyd edib.
Assosiasiyanın üzvü bu təkliflər sırasında ən başlıca yeni avtomobillər üçün imtiyaz və güzəştlərin verilməsi, idxal zamanı şərtlərin yüngülləşdirilməsi kimi amillər durur.
“Təbii ki, bu nəticə etibarı ilə avtomobillərin idxal və satışların artması, büdcəyə rüsum yığımlarının artmasına, ölkədə avtoparkın yenilənməsinə, ekologiya və yol hərəkəti təhlükəsizliklə bağlı vəziyyətin sağlamlaşmasına gətirib çıxaracaq. Didər önəmli məsələ ekoloji təmiz avtomobillərin idxalında təşviq və imtiyazların verilməsidir. Burada söhbət elektrik və hibrid avtomobillərin idxal və satış zamanı imtiyazların tətbiq olunmasından gedir”, - deyə E. İsmayılov bildirib.
Təkliflərdə ölkədə sivil ikinci əl avtomobillər bazarının formalaşmasının təşviq edilməsi də yer alıb. Belə ki, hazırda E. İsmayılovun sözlərinə görə, rəsmi dilerlər əhalidən qəbul etdikləri avtomobilləri yenidən satdıqları zaman ƏDV əlavə etməli olurlar ki, bu da qara bazarla müqayisədə rəqabətliliyi aşağı salır.
“Təklif odur ki, bununla bağlı digər qonşu ölkələrin təcrübəsindən istifadə olunsun. Və sonda yeni avtomobillərin əlçatan olması, yeni kredit imkanlarının və lizinq imkanlarının təşviq edilməsi də təklif olunur”, - deyə E. İsmayılov əlavə edib. (Apa)