2022-ci ildən Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxalına və satışına tətbiq edilən vergi güzəştlərinin müddəti bu ilin sonunda başa çatır.
Azərbaycana Çindən gələn elektromobillərin sayı azalıb
Bu da o deməkdir ki, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalına və satışına yenidən əlavə dəyər vergisi (ƏDV) hesablanacaq.
Bəs bu halda maşın bazarını nə gözləyir?
İlk öncə onu qeyd edək ki, vergi güzəştləri ölkəyə hibrid avtomobil idxalının həcmini kəskin artırıb. Məsələn, təkcə bu ilin yanvar-may aylarında Azərbaycana 18 426 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Kəskin artım ölkənin avtomobil parkının əsasən Çin avtomobilləri hesabına nəzərəçarpacaq dərəcədə yenilənməsinə töhfə verib. Xeyli sayda insan 20-25 min manat ödəməklə kifayət qədər funksional yeni maşın əldə edib.
FED.az xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, vergi güzəştlərinin müddətinin başa çatması bazarda qeyri-müəyyənlik yaradıb: "Həmin güzəştlərin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Odur ki, alıcılar qeyri-müəyyənliyi nəzərə alaraq indiki imkanlardan maksimum yararlanmağa çalışır, yeni avtomobil alırlar. Çünki, yeni ildən yeni maşın indikindən baha ola bilər".
Onun sözlərinə görə, ölkədə yeni avtomobil almağa maraq xeyli gücləndiyindən köhnə avtomobillərə tələbat kəskin azalıb, onlar 30-40 % ucuzlaşıb: "Hazırda belə maşınlar əsasən onlayn satış platformaları, sosial şəbəkələr vasitəsilə realizə edilir. İnsanlar əvvəlcə avtomobilin şəkilini və videosunu "Instagram", TikTok kimi platformalarda izləyir, daha sonra canlı baxışa gedirlər. Bundan başqa, insanlar sosial şəbəkələrdə satış elanlarını izləyir, istifadəçi rəyləri ilə tanış olur, forumlara qoşulur, avtomobili almadan əvvəl evdən çıxmadan onun haqqında bütün məlumatları öyrənə bilirlər. Bu tendensiya klassik bazar yerlərinin gələcəyini sual altına qoyur. Əvvəllər bazara gedib avtomobilə baxmaq anlayışı var idi. Artıq ənənəvi bazar yerlərinin əhəmiyyəti azalıb. Bazar sahibləri bu dəyişiklikləri nəzərə alaraq, gələcəkdə fəaliyyətlərini sosial şəbəkələr üzərindən fərqli formatda davam etdirməyə çalışacaq. Yaxın illərdə bazarın böyük hissəsi onlayn platformalar üzərindən reallaşacaq və avtomobil bazarındakı şəffaflıq daha da artacaq”.
Ekspert qeyd edib ki, uzun illərdir ikinci əl avtomobil bazarında süni qiymət şişirtməsi və texniki göstəricilərin, o cümlədən yürüş (kilometraj) məlumatlarının gizlədilməsi halları mövcud olub: "İndi isə xüsusi baxış mərkəzlərinin fəaliyyəti, elektron sistemlər və rəqəmsal izlər bu hallara nəzarət xeyli gücləndirib. Əvvəllər aldatma daha rahat idi. İndi isə avtomobilə baxış keçirən mərkəzlərdə kilometrajın dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək mümkündür”.
Xarici ölkələrin təcrübəsi göstərir ki, onlayn avtomobil bazarı yalnız elan yerləşdirmə ilə məhdudlaşmır.
Məsələn, ABŞ-da bəzi şirkətlər yalnız onlayn satış modeli ilə fəaliyyət göstərir. Müştəri avtomobili onlayn seçir, sifariş edir, sənədləşmə rəqəmsal şəkildə başa çatır və avtomobil birbaşa evə çatdırılır.
Almaniyada avtomobil satışı ilə məşğul olan platformalar yalnız elan yerləşdirmir, eyni zamanda avtomobilin rəqəmsal ekspertizasını, texniki hesabatını və hətta virtual test sürüşlərini təklif edir.
Çində isə xüsusilə elektrikli avtomobil bazarında sosial şəbəkələr üzərindən satışlar sürətlə inkişaf edir. Şirkətlər canlı yayımlar vasitəsilə avtomobilləri təqdim edir, sualları cavablandırır və satışı həyata keçirirlər.
Bu təcrübələr göstərir ki, onlayn satış modeli yalnız bir tendensiya deyil, avtomobil bazarının gələcəyidir. Azərbaycanda da bu tendensiya güclənir. (Report)