Bir ildən artıqdır ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində sonuncunun növbəti dəfə islahatlar həyata keçirməyə vadar edir. Belə ki, rəsmi Kiyev qısa müddətdən sonra avtonəqliyyat vasitələrinin alqı-satqısını daha da təkmilləşdirmək üçün mobil əlavə istifadə etməyə hazırlaşır. Həmçinin iyun ayından etibarən avtomobillərin qeydiyyatı və dövlət nömrə nişanlarının verilməsi yalnız rəsmi qeydiyyatdan keçmiş avtosalonlar tərəfindən həyata keçiriləcək. Bundan əlavə avtomobilin alqı-satqısı zamanı icbari texniki müayinədən keçirilməsi aradan qaldırılır. Digər bir yenilik isə avtomobil nömrələrinin hərrac vasitəsi ilə satışıdır ki, bu prosesin də avqustdan başlanacağı deyilir.
Bir neçə dövlət qurumu avtomobillərini ucuz qiymətə satır - SİYAHI
Ekspertlər hesab edir ki, Azərbaycanda da analoji addımların atılmasının vaxtı çatıb.
FED.az xəbər verir ki, avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, prosesləri asanlaşdırmaq üçün texniki baxışı hər il deyil iki ildən bir etmək olar:
“Bizim ölkədə də bu prosedurların sadələşdirilməsi imkanları var. Misal olaraq biz mobil notariat tətbiqini göstərə bilərik. Vətəndaşlar bu tətbiqdən istifadə edərək bir-birinə çox rahatlıqla etibarnamə verə bilərlər.
Hesab edirəm ki, Ukraynadakı kimi avtomobil nömrələrinin avtoservislərə verilməsi hələ tez ola bilər. Əgər həmin ölkədə bu layihəni icra etməyə başlayırlarsa, deməli onlar bir neçə ilə oxşar layihələrlə tanış olublar və bu gün həmin sistemə keçid ediblər. Azərbaycanda bu gün vətəndaşın istənilən kombinasiyalı nömrə alması üçün o, Dövlət Yol Polisinə ərizə ilə müraciət edir və həmin nömrə bazada varsa vətəndaşa verilir.
Texniki baxışa gəlincə isə mən bunun Azərbaycanda tam ləğv edilməsinin əleyhinəyəm. Hesab edirəm ki, ən azından hüquqi şəxslərin avtomobillərinin yəni ictimai nəqliyyatda yaxud yükdaşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin texniki baxışı hər il məcburi olaraq qalmalıdır. Amma fərdi şəxslər üçün texniki baxışın ləğvi yalnız vətəndaşların xeyrinə ola bilər. Vətəndaşın işini yüngülləşdirmək məqsədi ilə hər il deyil ən azı 2 ildən bir də fərdi avtomobillərin icbari texniki müayinəsini həyata keçirmək olar.
Yaxşı olardı ki, bu gün Azərbaycanda vətəndaşlar avtonəqliyyat vasitələrinin alqı-satqısını onlayn qaydada həyata keçirsinlər. Söhbət ikinci əl avtomobillərdən gedir. Misal üçün, istismar olunmuş avtomobilin texniki vəziyyəti haqqında bir baza olmalıdır. Bu Dövlət Yol Polisində də ola bilər. Bir maşını almaq istəyən vətəndaş həmin avtomobili satmaq istəyən vətəndaşın şəxsi kabinetinə daxil olaraq almaq istədiyi maşınla bağlı məlumat əldə etsin. Yaxud satıcı öz şəxsi kabinetinə daxil olaraq satmaq istədiyi nəqliyyat vasitəsi haqqında məlumatları ya elektron ya da çap şəklində alıcıya ötürə bilər. Bütün bunlar isə alqı-satqı prosesini daha da asanlaşdırar. Hətta onlayn avtomobil alqı-satqısının da həyata keçirilməsinə imkan yarada bilər”.
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə təmsil etdiyi qurumun bu istiqamətdə təkliflər hazırladığını, tezliklə hökumətlə müzakirələr başlanacağını qeyd edib:
“Avtomobillərin və dövlət nömrə nişanlarının qeydiyyatının onlayn olması həm şəffaflığı artırar, həm də vaxta qənaət etməyə imkan yaradar. Texniki baxışın ləğvi məsələsinə gəlincə düşünürəm ki, gələcəkdə bu məsələ dilerlərin öhdəsinə veriləcək. Çünki istənilən maşının texniki göstəricilərini onun dilerindən yaxşı bilən yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Çünki artıq onunla bağlı müraciətlər artıb.
Bu məsələ daim bizim nəzərimizdədir. Assosiasiya olaraq bir sıra istiqamətlərdə olduğu kimi bu yöndə də təkliflər hazırlayırıq və tezliklə aidiyyəti qurumlarla məsələ ətrafında müzakirələrə başlamağı düşünürük”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, bu sahədə rəqəmsallaşmaya getmək üçün Daxili İşlər Nazirliyinin (DİN) imkanları genişdir:
“DİN-in ictimai əhəmiyyət kəsb edən və sosial sifariş olan xidmətlərinin elektronlaşdırılması ilə bağlı uzun müddət müzakirələr aparılıb və ekspert olaraq mən də bunu dəstəklədiyimi bildirmişəm. Bura dövlət nömrə nişanlarının verilməsi, texniki baxış və qeydiyyata alınmaqla bağlı məsələlər daxildir. Təəssüf ki, hələlik bu xidmətlər rəqəmsallaşmayıb. Bu gün DİN ölkədə bəlkə də ən nəhəng rəqəmsal komandaya malik olan mərkəzi icra hakimiyyəti orqanlarından biridir. Hazırda bu qurumun peşəkarlardan ibarət böyük İT komandası var. Həmçinin onların İAMAS (İdarələrarası Avtomatlaşdırılmış Məlumat-axtarış Sistemi) sistemi ən mükəmməl sistemlərdən biridir. Maraqlıdır ki, DİN digər dövlət qurumlarının elektron sistemləri ilə bağlı onlara xidmət göstərir, amma təəssüf ki, onların özlərinin xidmətləri elektronlaşmayıb.
Bildiyimə görə, DİN-in rəqəmsal komandası hazırda “102”-nin və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mobil tətbiqinin hazırlanması, həmçinin nazirliyin elektron xidmətlər bölməsinin işlərinin tənzimlənməsi ilə bağlı müəyyən işlər aparır.
Amma konkret olaraq avtomobilin dövlət nömrə nişanının verilməsinin, texniki baxışın bir hissəsinin, nəqliyyat vasitəsinin qeydə alınmasının rəqəmsallaşması üzrə hansı işlərin aparılması ilə bağlı məlumat yoxdur”.
Ekspert hesab edir ki, DİN-in komandası beynəlxalq təcrübədən və rəqəmsal resurslarından istifadə edərək xidmətlərin rəqəmsallaşdırılmasını sürətləndirməlidir:
"Məncə hazırda DİN-in texniki imkanları dövlət nömrə nişanlarını bir hərrac üzərində şəffaf sistemin qurulmasına imkan verir. Onlar bunu qısa zamanda qura bilərlər. Nömrələrin və onların müxtəlif kombinasiyaların hərrac yolu ilə satışı həm dövlət üçün, həm də vətəndaş üçün faydalı olar. Bu prosesdə DİN-ə Rəqəmsal İnkişaf Agentliyi, xüsusən də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də dəstək verməlidir”. (Report)