Azərbaycanda avtomobillərin saatlıq və günlük icarəsini nəzərdə tutan yeni layphə başlayır.
FED.az xəbər verir ki, bu yenilik «Baku Carsharing Company» MMC tərəfindən reallaşdırılan startap layihəsi çərçivəsində baş tutacaq.
Ölkədə ilk dəfə başlayan layihəyə əsasən istifadəçilər mobil tətbiqdən istifadə etməklə elektrik avtomobillərini icarəyə götürəcəklər.
«Bakıda nəqliyyat inqilabı edəcəyik»
Layihənin detallarını FED.az-a açıqlayan «Baku Carsharing Company»nin rəhbəri Əhməd İbrahimovun sözlərinə görə, bu yenilik paytaxtın avtomobil və nəqliyyat sistemində inqilaba, o cümlədən tıxacların azalmasına səbəb olacaq.
Adından da göründüyü kimi «Baku Carsharing Company» MMC-nin layihəsi Carsharing – yəni avtomobillərin paylaşılmasınə nəzərdə tutur, amma yenilik ilkin olaraq avtomobil icarəsi prinsipi ilə işləyəcək. Onun indiyədək mövcud olan avtomobil icarəsindən fərqi – burada yalnız elektrik avtomobillərinin istifadə edilməsi və prosesin tamamilə rəqəmsal olaraq – tətbiq üzərindən həyata keçirilməsi dir.
TİR-lara yeni rəqib gəlir - 40 tonluq “Mercedes” TIR-ı bir enerji doldurma ilə - 1000 KM GETDİ
Bir neçə dəqiqəliyə avtomobil icarəsi
Yeni startap elektrikli avtomobillərin mobil tətbiq üzərindən dəqiqəlik və saatlıq icarəsinə imkan yaradır. «Kite» mobil tətbiqi vasitəsilə istifadəçilərin elektrikli nəqliyyat vasitələrini icarəyə götürə biləcəklər.
Avtomobillərin icarəsindən gəlir avtomobillərdən istifadə müddətinə və qət edilən məsafəyə uyğun olaraq tətbiq vasitəsi ilə hesablanacaq və ödənişlər istifadəçinin əlavə etdiyi bank kartları vasitəsi ilə yanlız onlayn şəkildə həyata keçiriləcək.
Start qiyməti 9.000 manat “Toyota Camry” markalı avtomobili - 15.000 MANATA SATILDI - SİYAHI
İlk dəfə Azərbaycanda tətbiq olunacaq
Əhməd İbrahimovun sözlərinə görə, «Carsharing» ideyası başqa ölkələrin bu sahədəki təcrbəsindən götürülüb, amma ilk dəfə olaraq Azərbaycanda bu sistem yalnız elektromobillər üçün işləyəcək: «Bir çox inkişaf etmiş dünya ölkələrində artıq bu texnologiyaların alternativləri olsa da, «Kite» dünyada ilk ekoloji car sharingdir. Azərbaycan bazarında belə bir texnologiya və belə bir həll yoxdur».
Mobil tətbiqlə maşın tapıb sürəcəklər
Startap müəllifləri bazardakı boşluqdan istifadə edərək belə layihə yaratmağı qərara alıblar: «Belə bir həll yaratmaq ideyası da bazarda olan boşluqlardan irəli gəldi. Vətəndaşlarımızın çox hissəsi avtomobil istifadəsinə üstünlük verir. Bu həll vasitəsi ilə avtomobili olan və ya olmayan şəxslər avtomobil almaq əvəzinə sadəcə lazım olan anlarda və ya gündəlik həyatlarında Kite tətbiqindən istifadə edərək yeni model elektrikli avtomobillərlə şəhər daxili səyahət edə biləcəklər».
2024-cü ildən işə düşəcək
Yeni startap üzərində texniki işlər artıq 4 aydır ki başlayıb və hazırda davam edir. Startap real fəaliyyətə 2024-cü ilin yanvarından başlayacaq. Yeni layihəyə dövlət qurumları da dəstək verirlər. «Baku Carsharing Company»nin rəhbəri Əhməd İbrahimovun sözlərinə görə, layihənin bir neçə tərəfdaşı var.
Məsələn, şirkət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-la bir neçə isitqamətdə çalışır və “AzInTelecom”un yaratdığı SİMA texnologiyasından istifadə edir. Əlavə olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus olan yerüstü parkinqlərin ödənişi üçün «Azparking» həllindən istifadə edəcək.
Məsələ bundadır ki, yeni layihənin icarəyə verəcəyi elektrik avtomobilləri yalnız AYNA-ya həvalə edilmiş
yerüstü dayanacaqlarda dayanacaq: «Bu ödənişləri istifadəçilərin üzərinə qoymaq istəmədiyimiz üçün bu məbləği özümüz hər ayın sonu ödəyəcəyik. Bu məbləğ hər ay istifadə edilmiş dayanacaqlara görə ödəniş, və ya əvvəlcədən razılaşdırılmış fiks olunmuş məbləğ də ola bilər»-deyə layihənin rəhbəri bildirir.
Sürücülərin intizamını DİN yoxlayacaq
Başqasının avtomobilini idarə etmək bu maşına zərər vurmaq ehtimalını artırır. Buna görə də layihə sürücülərin intizamlı olub-olmadığını da araşdıracaq. Sürücülərin necə intizamlı olduqları isə DİN-in köməyi ilə yoxlanacaq. Layihənin digər tərəfdaşı isə Daxili İşlər Nazirliyi ola bilər. Nazirlik avtomobilləri götürəcək şəxslərin nə qədər intizamlığı olduğunu araşdırmağa və etibarnamənin avtomatik yazılmasına kömək edəcək: «DİN-nə yollardakı təhlükəsizliyi təmin etmək üçün, tərəfimizdən yaradılmış xüsusi hesablama sistemi vasitəsi ilə sürücülərin təcrübə tarixçəsi haqqında lazımi məlumatları əldə etmək üçün müraciət etmişik. Eyni zamanda sözügedən istifadəçinin hüquqi olaraq qanuni avtomobili idarə etmək üçün, sadə dildə desək, rəqəmsal etibarnamənin verilməsi üçün də nazirliklə əməkdaşlıq edəcəyik».
20 yaşına çatmış şəxslər istifadə edə biləcək
Qaydalara görə, 20 yaşına çatmış, 2 illik sürücülük təcrübəsi olan istənilən Azərbaycan vətəndaşları bu həlldən istifadə edə biləcək və avtomobili icarəyə götürüb sürə biləcək.
Əvvəl 50 avtomobil, daha sonra 2000 avtomobil
Əhməd İbrahimovun sözlərinə görə, şirkət ilin əvvəlindən etibarən 50 avtomobillə fəaliyyət başlayacaq, daha sonra onların sayı 2000-ə çatdırılacaq. «Hal-hazırda 50 avtomobillə başlayırıq, bunlar Çin istehsalı olan elektrik avtomobilləridir. Yaxın 2,5-3 il ərxində hədəf avtomobillərin sayını 2000-ə çatdırmaqdır.
"Avtomobillərin hamısı şirkətin özünə məxsusdur"
Layihənin reallaşması üçün tələb olunan vəsaiti açıqlamayan şirkət rəhbəri bunu büdcənin tez-tez dəyişməsi ilə əsaslandırıb. İstənilə halda layihənin hələlik kənar investora ehtiyacı yoxdur və öz gücü ilə realaşdırır: «Hələlik kənardan heç bir sərmayə cəlb etməmişik və layihəni öz hesabımıza gerçəkləşdiririk».