2019-cu ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosunun icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98 tələb üzrə kompensasiya icraatı başa çataraq qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişləri verilib.
Bürodan FED.az-a verilən məlumata görə, həmçinin 40 kompensasiya tələbi üzrə icraat 2018-ci ildə başlansa da, bu tələblər üzrə icraat 2019-cu ildə başa çatdığından ödənişlər 2019-cu ilə təsadüf edib.
Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində 35 ölüm halına görə 138 000 manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 380 manat, 31 az ağır xəsarət halına görə 43 703,32 manat, 4 halda əlillik dərəcəsinə görə 11 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə görə 6 416,67 manat kompensasiya ödənişi verilib. Ümumilikdə 2019-cu ilin ilk altı ayı üzrə zərərçəkən və üçüncü şəxslərə cəmi 227 999,99 manat kompensasiya ödənişi olunub. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilib, 51 tələb isə baxılma mərhələsindədir.
2018-ci ilin müvafiq dövrü ərzində 60 ölüm halına görə 233 750 manat, 11 ağır dərəcəli xəsarət halına görə 16 200manat, 36 az ağır dərəcəli xəsarət halına görə 53 750 manat, 7 halda əlillik dərəcəsinə görə 17 500 manat, 12halda yüngül dərəcəli xəsarətə görə 8 125 manat, 126 tələb üzrə cəmi 329 325 manat məbləğində kompensasiya ödənişləri verilib.
Göstəricilər müqayisə edildikdə, verilmiş kompensasiya ödənişləri üzrə 30,8% azalma müşahidə olunur.
2019-cu ilin ilk altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları ilə bağlı ödənişlərdə 41%, şəxsin az ağır xəsarət alması halında 18,7%, əlillik dərəcəsi alması halında 34,3%, yüngül dərəcəli xəsarət alması halında 21% azalma, ağır xəsarət alması halında 75% artım qeydə alınıb.
Qeyd edilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar inteqrasiyanın tamamlanması nəticəsində cari ildə sığortalı avtomobillərin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Sığortalı avtomobillərin sayında qeydə alınan artım öz növbəsində kompensasiya ödənişləri ilə bağlı halların azalmasına səbəb olub.
Gələcək illərdə qarşısıalınma tədbirləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən digər tədbirlərin həyata keçirilməsi (dövlət qurumları ilə inteqrasiyaların tamamlanması, nəzarət mexanizmlərinin gücləndirilməsi və s.) sayəsində kompensasiya ilə bağlı hadisələrin sayının daha da azalacağı ehtimal olunur.
Qeyd edək ki, Azərbaycanda baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən sağlamlığa zərər vurulduqda və icbari sığorta müqaviləsinin tərəfi olan sığorta şirkəti iflas etdikdə, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişləri verilir.
İflas halı istisna olmaqla, kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən şəxslər (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri) malikdirlər.