Payız mövsümünün gəlişi iqtisadiyyatın bir çox sahələrində canlanmaya səbəb olub. Bura avtomobil bazarı da daxildir. Yay ayları böyük məbləğli alış-veriş, o cümlədən avtomobil alışı üçün o qədər də uğurlu hesab olunmadığı üçün bir müddət idi ki, bu bazarda durğunluq hökm sürürdü. Bəs indiki vəziyyət necədir? Qiymətlər dəyişibmi? Daha çox hansı avtomobillərə ehtiyac var?
FED.az xəbər verir ki, avtomobil bazarı üzrə ekspert Elməddin Muradov bildirib ki, payız mövsümünün gəlişi ilə əlaqədar avtomobil bazarında dirçəlmə hiss olunur:
“Yay mövsümündə adətən bu bazarda zəifləmə müşahidə edilir. Hazırda bazarda avtomobillərin alqı-satqısı gedir. Təəssüflər olsun ki, Bakıda ictimai nəqliyyat sistemi günü-gündən zəiflədiyi üçün daha çox avtomobil alışına maraq artır. Ehtiyat hissələrinin artması və digər amilləri nəzərə alaraq insanlar daha çox kiçik mühərrikli maşın almağa çalışır. Hazırda bazarda elektrik-hibrid avtomobillərə tələbat çoxdur. Həm bu il, həm də ötən il daha çox hibrid avtomobilləri satılıb. İkinci əl “Toyota Prius” modelləri üstünlük təşkil edib. Amma bu ildən daha çox yeni hibrid avtomobillərin alışına üstünlük verilir”.
Ekspert qeyd edib ki, hazırda ikinci əl avtomobil bazarı daha çox inkişaf edir:
“Yeni avtomobillərin qiyməti çox bahadır, xüsusilə də mühərrik həcmi böyük olan avtomobillərin idxalına tətbiq olunan gömrük rüsumları yüksəkdir. Bunu da böyük həcmli avtomobillərin ölkəyə çox gəlməsinin qarşısını almaq üçün dövlət məqsədli şəkildə edir. Belə avtomobillər nə qədər az olsa, bir o qədər ətraf mühiti çirklənməyəcək və yanacaq sərfiyyatı da az olacaq. Bunun müqabilində elektrik və hibrid avtomobillərə güzəştlər tətbiq olunur. Zamanla da biz bu fərqi hiss edəcəyik”.
E.Muradlı onu da əlavə edib ki, iyul ayı ilə müqayisədə avqustda avtomobil bazarında maşınların qiymətində 10-15 % artım baş verib:
“Qiymətlərə Rusiya-Ukrayna müharibəsinin təsiri də var. Belə ki, avtomobillərin ölkəyə gətirilməsində problemlər yaranır. Hazırda 0 kilometrajlı avtomobillərin ölkəyə gətirilməsində çətinlik var. Yəni, müxtəlif ölkələrdən sifariş verib aylarla gözləyən insanlar var. Ona görə əsas yük ikinci əl avtomobillərə düşür. Sentyabr ayında da cüzi olaraq qiymət artımı gözlənilir.
Mühərriki 2000 kubsantimetrə qədər olan avtomobillərdə qiymət artımı müşahidə edilir. Böyük kuzası olan avtomobillərə də maraq var. Böyük kuzası olan avtomobillərin həmişə öz həvəskarları olur. Avtomobil bazarında Çin və Azərbaycanda istehsal olunan “Xəzər” avtomobillərinə də maraq artıb. Ən çox alınıb satılan avtomobillərin mühərrik həcmi 2 000 kubsantimetrdən çox olmur. Xüsusən də taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər belə maşınlara maraq göstərir”.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə avtomobil bazarındakı qiymətlərdə hələlik durğunluq olduğunu qeyd edir:
“Qiymətlərin artımı gözlənilir. Ənənəvi problem hələlik qalır. Bu, avtomobillərin təmiri ilə bağlıdır. Ehtiyat hissələrinin bəzilərinin ölkəyə gəlişində çətinlik olur. Bu da maşın bazarında alqı-satqıda özünü göstərir.
İkinci əl bazarında avqust ayında qiymətlər çox da dəyişməyib. Amma ikinci əl bazarında durğunluq var. Bu da alıcıların Mərkəzi Bankın elektromobillərə tətbiq etdiyi güzəştlərin qüvvəyə minməsini gözləmələri ilə bağlı idi. Ölkəyə aşağı qiymətdə elektromobillərinin gəlməsi gözlənir deyə, hazırda maşın alanlar çoxluq təşkil etmir”.
Ekspert hesab edir ki, yeni maşınların qiymətində artımı müşahidə edilməyib: “Bazarda daha çox kiçik həcmli ekonom maşınlara üstünlük verilir. Maşın bazarında canlanma noyabr və dekabr aylarında gözlənilir”.
Qeyd edək ki, Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş aşağı faizlə tətbiq ediləcək. Belə ki, elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10 %, hibrid mühərrikli avtomobil alınan zaman isə 20 % olacaq. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”sında öz əksini tapıb. Sözügedən yenilik istehsal tarixi 3 ilə qədər olan elektromobil və 1 ilə qədər hibrid avtomobillərə şamil edilir.
Elektromobilin istehsal tarixi 3 ildən artıq olduqda, hibrid avtomobillərdə isə 3 ilə qədər olduqda ilkin ödəniş 40 % təyin edilir. Hibrid avtomobillərin istehsal tarixi 3 ildən çox olduqda ilkin ödəniş kreditin 50 %-i həcmində nəzərdə tutulub. (Report)