2017-ci il digər sektorlarla yanaşı, avtomobil bazarında da bir sıra hadisələrlə yadda qaldı. 2015-2016-cı illərdən fərqli olaraq bazar üçün daha pozitiv il kimi səciyyələndirmək olar.
“2017-ci ilin əvvəlində avtomobil bazarı canlanıb”
Əmlak üzrə ekspert Vaqif Hüseynov bilirib ki, 2017-ci ilin əvvəlində avtomobil bazarında ciddi aktivlik hiss edildi. Yay aylarına doğru isə bu aktivlik bir qədər də artdı: “Azərbaycan avtomobil bazarına aid olan xüsusiyyət var. Azərbaycanda insanlar adətən yay aylarında öz büdcələrinə daha çox qənaət edirlər və qənaət etdikləri büdcəni əmlaka yatırmaqda maraqlı olurlar. Bu avtomobilə də aiddir”.
“Bəzi xəbərlər qiymətləri qeyri-stabil edib”
Onun sözlərinə görə, il sonuna doğru avtomobil bazarında aktivlik azalıb və hazırda durğunluq son həddədir: “Oktyabr ayında etibarən avtomobil bazarında ciddi durğunluq müşahidə edilir. Bununla belə qiymət qeyri-stabildi. Yəni, bir ay qiymətlər qalxır, digər ay düşür. Buna dövlət özü təsir göstərir. Məsələn, sentyabr ayında etibarən, gömürk rüsumlarının artırılacağı ilə bağlı xəbərlər yayılmağa başladı. Ona görə də qiymətlərdə sıçrayış yarandı. Oktyabr ayında müəyyən mənada avtomobil bazarında nisbi canlanma yarandı. Noyabr-dekabr aylarında yenidən durğun başladı”.
Ekspert bildirib ki, onlayn avtomobil satışlarında kritik azalma 2018-ci ilin yanvar ayında da davam edəcək. Oflayn avtomobil bazarında da hazırda potensial alıcı yoxdur.
“2017-ci ildə rəsmi dilerlərin satışı artıb”
V.Hüseynov deyib ki, 2017-ci ildə ikinci əl avtomobil bazarı ilə yanaşı, yeni avtomobillərində satışlarında artım müşahidə edilib: “2016-cı ildə avto kreditlərin dayandırılması yeni avtomobillərin satışında ciddi problem yaratmışdı. Amma 2017-ci ildə rəsmi dilerin satışları artıb. Bu həm də taksi bazarında ciddi dirçəlmə ilə bağlı oldu”.
“2017 Çin avtomobilləri ili olub”
Ekspert bildirib ki, 2017-ci il Çin avtomobillərinin ili kimi də adlandırmaq olar. Belə ki, taksi sürücülərinin yeni və ucuz avtomobillərə marağı avtomobil bazarında Çin istehsalı olan aşağı büdcəli markalara tələbi artırıb: “Taksi sürücüləri uzun müddət eyni avtomobil istifadə etdikləri üçün yeni avtomobil almaqda maraqlıdırlar. Bu da Çin avtomobili satan şirkətləri satışlarına müsbət təsir etdi”.
“Naz Lifan” və krizis bahalı maşınların satışına təsir edib”
Bahalı avtomobillərə gəlincə, bu bazarda satışlarda böyük artım nəzərə çarpmayıb. Belə ki, bu avtomobillərin müştəriləri bəlli və kiçik bir kütlədir. Bu avtomobilləri dövlət qurumları və xüsusi iş adamları alırlar. Krizislə əlaqədar olaraq sahibkarlar bu il avtomobillərini yeniləməyiblər. Digər tərəfdən, Prezident İlham Əliyevin “Naz Lifan”la bağlı çıxışından sonra dövlət qurumlarının diqqəti nisbətən yerli istehsala yönəldi. Nəticədə bahalı avtomobil bazarında ciddi canlama hiss edilmədi.
“Manatın stabilliyi avtomobil bazarını dirçəldib”
Avtomobil eksperti Eldəniz Cəfərov da Fins.az-a açıqlamasında 2017-ci ili Azərbaycan avtomobil bazarı üçün pozitiv il kimi qiymətləndirib: “Avtomobil bazarını pozitiv faktorla qeyd etmək olar. Yəni, 2015-ci il ilə müqayisə etməsək, 2016-cı ilə nisbətən canlanma oldu”.
Ekspert hesab edir ki, avtomobil bazarında nisbi canlamanın əsas səbəbi milli valyutanın nisbətən stabil olmasıdır: “Manat il ərzində kəskin hərəkətlər etmədiyinə görə, avtomobil bazarı az da olsa dirçəlməyə başladı”.
“2017 ikinci əl avtomobil satışında süni qiymət artımları ilə yadda qalıb”
E.Cəfərovv bildirib ki, əsas yadda qalan məqamlardan biri ikinci əl maşın bazarında süni qiymət artımı cəhdləri olub. Lakin təklif olunan maşınlara tələbatın az olması qiymətləri real səviyyədə saxlayıb. Digər tərəfədən, ikinci əl avtomobil bazarında 2006-2011-ci il Yaponiya və Almaniya istehsalı olan maşınların difisiti ilə yaranıb.
“Görmük rüsumu artarsa, gələn il avtomobillər bahalaşacaq”
E.Cəfərov avtomobil bazarı ilə bağlı digər vacib məqamın gömrük rüsumunun yüksəlməsi qərarı olacağını deyib: “Bu da artıq 2018-ci ilin hesabatına aid ediləcək. Və təbii ki, qiymət artımı ilə müşayiət olunacaq”.