Kartofçuluq üzrə ixtisaslaşmış rayonlardan olan Cəlilabadda bitki mühafizə tədbirlərinin aparılmasında innovativ yanaşmanın tətbiqinə başlanılıb. Hər il yazlıq və payızlıq əkinlər üzrə rayonda 5 min hektardan çox sahədə kartof əkilir.
Azərbaycanda intensiv yeni şaftalı, nektarin və ərik bağları salanlara əkin subsidiyası ödəniləcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, bəzi təsərrüfatlarda kortəbii becərmə səbəbindən bitki normal vegetasiya dövrü keçmir, bir sıra xəstəliklərə görə inkişafdan qalır, məhsuldarlıq minimuma enir. Buna görə aqrotexniki qulluq qaydaları düzgün aparılmalı, ərazilərdə mövsümə uyğun əkiləcək bitkinin spesifik xəstəlik və zərərvericiləri vaxtında təyin edilməlidir.
Aqronom Mirdaməd Soltanov bildirib ki, istər pestisidlərin düzgün seçimi, istər xəstəlik və zərərvericilərin diaqnostik təhlili və aparılan mübarizə tədbirləri bitkinin sağlam inkişafı üçün vacib amillərdir. “Yaxşı olar ki, fermerlər bu işləri mütəxəssis nəzarəti altında aparsınlar. Belə olarsa, həm əziyyətləri hədər getməz, həm də sahədən qazanc götürərlər”, - deyə o əlavə edib.
Mirdaməd Soltanovun sözlərinə görə, ənənəvi əkinçilikdə mövsümi xarakterli yanaşma mexanizmi tətbiq olunur, yəni bitkiyə qulluq və becərmə prosesində ardıcıllıq gözlənilmir, zərərvericilərə qarşı vaxtlı-vaxtında mübarizə aparılmır, bitki tələbata uyğun suvarılmır. Lakin innovativ becərmə üsullarında isə həm torpağın aqrokimyəvi analizi, aqrotexniki qulluq qaydaları, bitki arasında məsafəlilik, həm də iqlim şəraitinə uyğun olaraq düzgün diaqnostikanın qoyulması, ən əsası xəstəlik və zərərvericilərin aktiv dinamikasına uyğun olaraq preparatların seçimi aparılır.
Müasir becərmə texnologiyası sınaqdan da çıxarılıb. Bu sahədəki bitkilər inkişaf mərhələsində olsa da, digər sahədəki bitkiləri xəstəlik və zərərvericilər məhv edib. Fermer Vasif Aslanov da müasir becərmə qaydaları ilə tanışdır. Belə ki, bu ildən kartof bitkisini yeni yanaşma ilə becərir: “5-6 hektar sahədə kartof əkmişəm. Ən son yenilikləri biz tətbiq etmişik. Bu il məhsuldarlığımız çox olacaq. Mən indiyədək sahədən 12-13 tondan artıq məhsul götürməmişəm. Amma bu il mütəxəssislərin tövsiyəsi ilə yeni becərmə üsulu tətbiq etmişəm və 20-25 ton arası məhsuldarlıq gözləyirəm”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, təkrar əkinlər üzrə bu mövsüm rayonda 1000 hektardan çox sahədə payızlıq kartof əkini aparılıb. Aqrar Subsidiya Şurasının qərarı ilə bu ildən təkrar əkin aparan fermerlərə əkinin hər hektarına görə verilən 90 manat subsidiya məbləği artırılaraq 100 manata qaldırılıb. (Azərtac)