Son illər Azərbaycanda arıçılığa maraq sürətlə artır. Xüsusilə əlverişli iqlim şəraiti və və zəngin faunası olan bölgələrdə arıçılıqla məşğul olan və bundan gəlir götürənlər hər il çoxalır.
Belə rayonlardan biri olan Ağstafada hazırda 354 nəfər 6396 arı ailəsinə baxır. Keçən il hər arı ailəsindən 10 kiloqram bal götürən təsərrüfat sahibləri bu il bu rəqəmi 15 kiloqrama çatdıracaqlarını söyləyirlər. Qeyd edək ki, hazırda ölkədə təmiz balın pərakəndə satış qiyməti orta hesabla 25-30 manat arasında dəyişir. Bu hesabla bir arı ailəsindən ildə 250-300 manat gəlir götürmək mümkündür.
Qeyd edək ki, Ağstafada müxtəlif çiçəklərdən toplanan balın dadı və rəngi fərqli olur. Bunu uzun illərdən bəri arıçılıqla məşğul olan və bu işdə zəngin təcrübə toplayan Sadıqlı kəndinin sakini Nizami İsgəndərov da təsdiq etdi. Keçənilki qazancından razılıq edən arıçı baxdığı arı ailələrinin sayını 105-ə çatdırmışdır.
Hazırda arıçılar arı ailələrini yay mövsümünə hazırlayırlar. Əsas işlərindən başqa, arıçılıqla da məşğul olan Qarahəsənli kənd sakini Elşad Mirzəyev deyir ki, bir qədər sonra dərmanlama işlərinə başlayacaq. Bunun üçün artıq dərmanlar da almışdır. Hazırda Elşad 45 arı ailəsinə qulluq edir. Yazda onu 55-ə çatdırmağı qarşısına məqsəd qoyub. Keçən il hər arı ailəsindən 15 kiloqrama kimi bal götürən təsərrüfat sahibinin builki hədəfi 20 kiloqramdır. İndi ən əsas məsələ arı ailələrini soyuqdan qorumaqdır.
Düz Qışlaq kəndində 20 ilə yaxındır ki, arıçılıqla məşğul olan Adil Mehdiyevin də yeni mövsümlə bağlı xüsusi planları var. O, ana arı yetişdirmək üçün fikirləşdiyi yeni üsulu sınaqdan çıxaracaq. Məqsədi yerli iqlimə uyğunlaşan məhsuldar arılar yetişdirməkdir.
Ümumiyyətlə, Ağstafada elə bir kənd yoxdur ki, orada arı saxlanılmasın. Sadıqlı, Muğannı, Köçəsgər, Dağ Kəsəmən və s. kəndlərdə daha çox arı ailəsi var. Muradxanlı kəndində də arıçıların sayı çoxdur. Kənd sakini Murad Vəliyev bu gəlirli sahə ilə uzun illərdir məşğul olur. İstehsal etdiyi balın satışında da problemlə üzləşmir. Keçən il 100 kiloqram balı Bakıda təşkil olunan yarmarkada satıb. Yarmarkanın təşkilatçılarına minnətdarlıq edən Murad kişi bildirir ki, belə yarmarkaların tez-tez təşkil edilməsi arıçıların işini yüngülləşdirər və istehsal olunan balın satışında problem yaşanmaz.
Keçən il, ümumilikdə, rayon üzrə 70 ton bal istehsal olunmuşdur. Lakin bu rəqəm ağstafalı arıçılar üçün son hədd deyl. Onlar cari il 80 ton bal istehsal etmək arzusu ilə hazırlıq işlərinə başlamışlar. Bilirlər ki, bu zəhmətkeş canlılardan daha çox bal götürmək üçün onlara yüksək qayğı ilə qulluq göstərilməlidir.