Sudan sonra ən çox içilən içkilərdən biri də çaydır. Elə buna görə də çayçılıq ən gəlirli sahələrdən hesab edilir. Bir zamanlar ölkəmizdə çayçılıq sahəsində çox önəmli tədbirlər görülmüşdü. Çay əsasən Lənkəran, Astara, Masallı, qismən də Zaqatalada əkilirdi. Ölkədə fəaliyyət göstərən ilk çay fabriki də 1937-ci ildə, məhz Lənkəranda qurulmuşdu. Ötən əsrin 80-ci illərində ölkədə fəaliyyət göstərən çay fabriklərinin sayı 16-ya çatmışdı. Lakin 90-cı illərdə bu sahə məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Bütün infrastruktur demək olar ki, yox oldu. İndi isə bu sahədə sürətli inkişafa şahidlik edirik.
Hazırda çay istehsalına görə dünya ölkələri arasında Çin öz liderliyini qoruyub saxlayıb. Statistikaya görə, ikinci sırada qoxusu ilə məşhur olan “Hind çayı”nın beşiyi Hindistan yer alır. Azərbaycanın çay istehsalının bu ölkələrin sahib olduqları məhsuldarlığa çatması üçün bizə xeyli zaman lazımdır. Ancaq artıq hədəf var və bu istiqamətdə ciddi tədbirlər görülür. Qeyri-neft sektorunun inkişafına ayrılan diqqət sayəsində baramaçılıq, pambıqçılıq kimi sahələrlə yanaşı, çayçılığın da inkişafı üçün dövlət büdcəsindən ciddi vəsaitlər ayrılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu istiqamətdə lazımı işlərin görülməsinə dair tapşırıqlar verib.
İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov bildirdi ki, ötən illərdə bu sahədə kifayət qədər durğunluq müşahidə edilsə də, son dövrlərdə görülən işlər çay plantasiyalarının sayının artırılması istiqamətində müsbət nəticələr verəcək:
“2016-cı ilin dekabr ayında cənab prezident tərəfindən ölkədə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalandı. Bu sənəddə Azərbaycanda 2020-2025-ci ilədək və sonrakı dövrlər üçün 15 sahə üzrə iqtisadi inkişaf strategiyası və tədbirlər planını nəzərdə tutulub. Buna görə də, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kənd təsərrüfatının bir çox sahələrinə diqqət artırılıb. Çayçılıq isə kənd təsərrüfatının demək olar ki, ən geniş və önəmli qollarından biridir. Artıq 2017-ci ildə dövlət tərəfindən bu sahəyə kifayət qədər subsidiyalar, maliyyə dəstəyi ayrıldı. Bu bir daha sübut etdi ki, ölkədə kənd təsərrüfatı sahələrinin inkişafına ciddi təkan verilir. Bütün sahələr üzrə mütərəqqi addımlar atılır. Hələ sovet illərindən çayçılıq Azərbaycanda ən yaxşı inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri olub. Bu sahədə, xüsusilə cənub zonası - Lənkəran, Astara, Masallı fərqlənib. Bizim bölgələrdə əkilən çaylar həm keyfiyyətinə, həm xoşagələn ətrinə görə çox seçilib. Müəyyən dövrlərdə yaşanılan problemlərdən dolayı bu sahəyə olan diqqət azalmışdı. Amma artıq yenidən bu istiqamətdə ciddi addımlar atılır. Yaxın gələcəkdə müxtəlif çeşiddə çay istehsalına başlanılacaq. İlkin olaraq ölkə daxili tələbatın böyük qisminin qarşılanması üçün zəruri olan bütün addımlar planlaşdırılıb”.
V.Əhmədov qeyd etdi ki, çay emalı çox ciddi məsələ olduğundan, ölkədə ən son texnologiyalara cavab verən çay fabriklərinin açılmasına da ehtiyac yaranacaq:
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamına əsasən, müxtəlif çay növlərinin istehsalı üçün kəndlilərə zəruri şəraitlər yaradılacaq. Çay emalı birbaşa keyfiyyətdən xəbər verdiyi üçün bu öz-özlüyündə çox ciddi məsələdir. Təbii ki, burada fabriklərin sayının artırılması, yeni ərazilərin salınması da nəzərdə tutulub. Bu isə həm əhalinin yeni iş yerləri ilə təmin olunmasında, həm də ölkə daxilində çaya olan yüksək tələbatın ödənilməsində mühüm rol oyanayacaq.
Bu gün reallıq budur ki, xarici ölkələrdən Azərbaycana müxtəlif çeşiddə çay idxal edilir. Qeyri-neft sektoruna ayrılan diqqətin əsas məqsədlərindən biri bu sahələrdə idxalın mümkün qədər minimuma endirilməsidir. Artıq bildiyiniz ki, Azərbaycan öz brendini - “Made in Azerbaijan” brendini dünya bazarına tanıdıb. Gələcəkdə isə ölkə daxilində istehsal edilən yüksək keyfiyyətli çaylar məhz “Made in Azerbaijan” brendi altında dünya ölkələrinə satıla bilər. Bu gün dünyada ən məşhur çaylardan biri “Hind çayı”dır. Lakin, mən deyərdim ki, Azərbaycanda istehsal edilən çaylar həm keyfiyyətinə, həm qoxusuna görə, heç də ondan geri qalmır. Əvvəllər, “əla” növ, birinci, ikinci, üçüncü növ çaylar var idi. Amma hazırda Astarada istehsal edilən çayın dadı çox gözəldir. Şəxsən mən özüm ondan istifadə etdiyim üçün, əminliklə deyə bilərəm ki, bir zamanlar hər birimizin tərif etdiyimiz “Hind çay”ından geri qalmır. Bu sahədə dünya bazarına çıxmaq üçün bütün imkanlarımız var və ilbəil də yeni imkanlar yaradılır”.
V.Əhmədov çay istehsalı üçün yeni torpaqların ayrılacağını da diqqətə çatdırdı. O bildirdi ki, xüsusilə subtropik zonalarda istifadə olunmayan, lakin istifadəyə yararlı hesab olunan torpaqlar bu sahənin inkişafı üçün ayrıla bilər.
Millət vəkili valyutanın ölkə daxilində qalması üçün çayçılıq sektorunun inkişafının əvəzsiz olduğunu bildirdi:
“Bu sahədə yaxın 2-3 il ərzində ixrac proseslərinə başlanılacağına ümid edirəm. Azərbaycan “Made in Azerbaijan” brendi altında dünya bazarına növbənöv çaylar ixrac edəcək potensiala sahib ölkədir”.
Publika.az