Rayonlarda ot biçini və ot bağlamalarının satışı başlayıb.
FED.az xəbər verir ki, köhnə ot bağlamaları baha, yeni çıxanlar isə nisbətən ucuzdur.
Cəlilabadda köhnə ot bağlamaları ilə yanaşı təzə biçilmişlər də satışa çıxarılıb. Yeni ot bağlamaları əsasən Salyan və Neftçala rayonlarından gətirilir. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə qiymətlər enib. Həmçinin hazırda yeni ot bağlaması ilə köhnəsinin arasında 2 manat fərq var.
Ötən ildən qalan yonca bağlamasının qiyməti 5-7 manat arasındadır. Yeni yonca bağlamasının qiyməti isə 3 manatdan 4 manat 50 qəpiyə qədər dəyişir.
Satıcılar deyirlər ki, qiymətlər mövsümdən asılıdır. İkinci-üçüncü biçinlərdə isə ot bahalaşa bilər.
Ucarda da ot bağlamalarının qiymətləri keyfiyyətdən asılı olaraq 3 manatla 4 manat 50 qəpik arasında dəyişir. Sakinlər deyirlər ki, bu il yağıntılar otun vaxtında yığımına təsir göstərib.
Bildirilir ki, əslində yeni çıxan otun qiyməti enməliydi. Ot biçildikdən sonra yağan yağıntılar qiymətlərə təsir göstərib.
O da bildirilir ki, ikinci biçindən sonra qiymət enə bilər. Otun qiymətinin mal ətinə təsiri isə növbəti biçinlərdən sonra bəlli olacaq.