Ölkənin tərəvəz məhsulları ilə təminatında böyük payı olan Şəmkir fermerləri ciddi problemlə üzləşiblər.
Qeyd edək ki, rayonun əksər kəndlərində istixanalar var. Oradan hər gün Bakıya və ölkənin digər şəhər və rayonlara tərəvəz daşınır. Amma bu gün Şəmkirdə xiyarın satış qiyməti fermerləri qane etmir. Bakıda xiyarın kiloqramı 50 qəpik olduğu halda Şəmkirdə 10 kiloqramı 50 qəpikdir, yəni kilosu 5 qəpik.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, Şəmkirin ən böyük bazarlarında qiymətlər fermerləri qane etmir. Burada xiyarın 10 kiloqramlıq kisəsinin qiyməti 25 qəpikdən 70 qəpiyə kimi dəyişir. Qiymətin aşağı olması onları ziyana salır. Fermer deyir ki, qiymətin aşağı olması məhsulun çox olması ilə əlaqədardır.
«Bu gün kilosu 5 qəpikdir. Nə qədər parnik sahibləri, təsərrüfatçılar bu dəqiqə zərərdədir. Hərəsi 30-40 min manat zərərdədir» - deyə Şəmkir sakini Şəhadət Əliyev bildirir.
Onun sözlərinə görə, bu xiyarları Rusiyaya göndərmək olmur, çünki yol uzaqdır, buna 7-8 gün vaxt tələb olunur, maşınlar sərhəddə ləngiyir və məhsul yolda xarab olur.
Şəmkir sakini Elnur Məsimov bu il 3 hektar xiyar əkdiyini, amma sata bilmədiyinə görə sahənin yarısında məhsulu ümumiyyətlə yığmadığını bildirib.
«3 hektar əkmişəm, təzə çıxıb, 50 min manat mayası var, bu qədər də hələ sahədədir, yığdırmamışım, çünki sərf eləmir. Gətirib 50 qəpiyə verirəm, 30 qəpiyə paketləyirlər, 10 qəpik də salafanın puludur. Cibimizdən pul xərcləyirik, sata bilmirik, sərf eləmir».
Fermerlər bildirir ki, məhsulları hətta Şəmkirdə belə çətinliklə çox ucuz sala bilirlər. Vaxtilə qiymətin yaxşı olduğunu deyən təsərrüfat sahibləri indi əziyyətlərinin bəhrəsini görə bilmirlər.
İntiqam Əhmədov: «Bu paketin (10 kilo xiyar) birini yetişdirib bazara çıxarmaq 4 manatdır. Kilosu isə 30 qəpikdir. Baxın vəziyyət nə yerdədir».
Rayonun digər sakini Məzahir Məmmədov: «Kisəsi 50 qəpik, kilosu 5 qəpik. Vaxitlə kilosu 4-5 manat idi kisəsi 30 -35 manat, indi isə əkinin sonudur deyə ucuzlaşıb».
Paytax bazarlarında isə xiyarın 60-70 qəpikyə qədər yüksəlir. Yerindən məhsulu alıb Bakı bazarına çıtdırana qədər məhsul bir neçə əldən ələ keçir və ona görə qiyməti artır.
İqtisadçı Xalid Kərimli bildirir ki, bu məhsulun istehsalı ilə müqayisədə ixrac çox kiçikdir. İldə 225-230 min ton istehsal edilir, ixrac isə cəmi 4 min tondur, yəni cəmi 2-3%-i ixrac edilir.
Ekspert bildirir ki: «Bu sahədə bir sıra prorblemlər var. İxracda gömrükdə problemlər, sərhəddən keçidi zamanı ləngimələr, xiyar istehsal edən sahibkarların işini düzgün təşkil etməməsi, xarici bazara çıxmaq üçün, vaxtında treyder və brokerlərlə müqavilə bağlamaması kimi səbəblər var».
Bundan başqa, ekspert bildirir ki, eyni zamanda Rusiya da uzaq bazardır, Şəmkirdən, Gəncədən, Naxçıvandan xiyarın Rusiyaya çatdırılması sox vaxt çəkir və xiyar da tez köhnələn məhsul olduğuna görə, bu da onun keyfiyyətinə mənfi təsir göstərir.
Şəmkirdə örtülü sahədə 201 hektarda xiyar əkilir ki, burada hektardan məşsuldarlıq 1162 sentnerə çatır. Açıq sahədə isə 162 hektarda əkin aparılır, hər hektardan məhsuldarlıq 175 sentnerdir.