Zaqatalada tütünçülüyün inkişafında problemlər də mövcuddur. Belə ki, göstərilən bütün səylərə baxmayaraq, tütün əkininin daha çox artırılması mümkün olmur. Çünki rayonda yay aylarında çaylarda suyun olmaması nəticəsində suvarmada çətinliklər yaranır, tütün əkini üçün keyfiyyətli və suvarmaya əlverişli torpaq sahələrinin icarə haqqı isə ilbəil yüksəlir.
Astara sakinləri çıxılmaz vəziyyətdə: Məhsullar məhv olur - VİDEO
Başqa bir problem isə budur ki, rayonda tütün yığımı ilə fındıq yığımı kampaniyalarının üst-üstə düşməsi nəticəsində işçi qüvvəsi çatmır və bu amil günəmuzd işçilərin gündəlik əməkhaqlarının artmasına səbəb olur.
Yuxarıda qeyd edilənlərlə yanaşı, gübrələrin qiymətinin yüksək olması fonunda tütünün faktiki alış qiymətinin aşağı olması fermerlərin tütün əkininə marağını azaldır. Belə ki, bir ailə təsərrüfatı öz mülkiyyətində olan 1 hektar torpaq sahəsində tütün istehsal edilməsi üçün, (yəni torpaq icarəsinə və işçi qüvvəsinə əlavə vəsait tələb edilməsə), 1867 manat sərf edilir. Cari ildə orta məhsuldarlıq yaş tütündə 0,9 – 1 ton olmuşdur. Bir kiloqram yaş tütün emal müəssisələri tərəfindən orta hesabla 0,30 manata alınır (I növ kiloqramı – 0,35 AZN, II Növ – hər kiloqramı – 0,29 AZN, III Növ – hər kiloqramı – 0,22 AZN). Beləliklə, 1 hektar sahədə istehsal edilmiş 8 ton yaş məhsulun dəyəri təxminən 2400 manat təşkil edir. Əlavə olaraq yaş tütünün hər tonuna 26 manat subsidiya verilir ki, bu da 8 tona görə 208 manat edir. Yəni, fermer il ərzində 741 manat qazanmış olur. Əgər fermer hər hektara ən azı 400 manat icarə haqqı və işçi qüvvəsinə vəsait xərcləyərsə, 1 hektar sahədə tütün istehsalına 3917 manat sərf edilir ki, burada rentabellikdən danışmaq mümkün deyil.
Tütün yetişdirmək o qədər də asan iş deyil. Amma tütünün satış qiymətinin aşağı olması bu sahədə çalışan çox sayda fermer və mütəxəssisləri haqlı olaraq narahat edir. Onlar müvafiq qurumlardan soruşmaq istəyirlər: tütünün satış qiyməti niyə bu qədər ucuz olmalıdır. Həqiqətən, niyə? (Xalq qəzeti)