Görüşdə 20-dək beynəlxalq təşkilat və inkişaf agentliklərinin nümayəndələri iştirak edib. Burada aqrar sektorun inkişafı ilə bağlı Strateji Yol Xəritəsi, burada göstərilən hədəflər və aparılan işlər barədə məlumat verilib.
İnvestorların diqqətinə çatdırılıb ki, aqra sektor və burada həyata keçirilən proqramlar prezident İlham Əliyevin xüsusi diqətindədir. Bu amil və qanunvericiliyin təkmilləşdirilməsi strateji hədəflərə daha tez nail olmağa imkan verir.
Görüşdə son vaxtlar aqrar sektorda əldə edilən ilkin nəticələr təqdim edilib. Xüsusi vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının ixracı 40-60% artır, ərzaqlıq buğda idxalı isə azalır.
Bundan başqa, Azərbaycanda fermerlərin kreditlərə çıxışının asanlaşdırılması ilə bağlı araşdırmalar aparılıb, tədbirlər planı hazırlanıb, eləcə də aqrar sığorta sisteminin qurulması ilə bağlı layihəyə start verilib və s.
Görüşdə donorlarla strateji hədəflər üzrə növbəti əməkdaşlıq imkanları müzakirə edilib, Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi barədə təqdimatı nümayiş da etdirilib. Məqsəd xarici təşkilatları və investorları bundan sonra da aqrar layihələrə dəstək vermək üçün cəlb etməkdir.
Xatırladaq ki, xarici təşkilatlar indiyədək də Azərbaycada aparılan aqrar layihələrdə yaxından iştirak ediblər. Hazırda ölkədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) xətti ilə bir neçə böyük layihə reallaşdırılır. KTN-nin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin məlumatına görə, bunlar aşağıdakılardır:
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi
Layihənin məqsədi | Mikro-layihələrə sərmayə qoyaraq infrastruktur xidmətlərindən istifadəni artırmaq və bununla da əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq. |
Layihənin ümumi dəyəri | US$ 53.6 mln |
Layihənin maliyyə mənbələri | Azərbaycan Respublikası Hökuməti -23,6 milyon ABŞ dolları, Dünya Bankı -30 milyon ABŞ dolları |
Layihənin icra müddəti | 04.12.2012 - 30.09.2017 |
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi, Əlavə Maliyyələşdirmə
Layihənin məqsədi | Mikro-layihələrə sərmayə qoyaraq infrastruktur xidmətlərindən istifadəni artırmaq və bununla da əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq. |
Layihənin ümumi dəyəri | 80 milyon ABŞ dolları |
Layihənin maliyyə mənbələri | Azərbaycan Respublikası Hökuməti - 30 milyon ABŞ dolları Dünya Bankı -50 milyon ABŞ dolları |
Layihənin icra müddəti | 05.11.2014 - 30.09.2018 |
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Layihənin məqsədi | sanitar və fitosanitar xidmətlərin gücləndirilməsi, seçilmiş dəyər zəncirlərinin genişləndirilməsi və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara girişini asanlaşdırmaqdan ibarətdir. |
Layihənin ümumi dəyəri | 53.25 milyon ABŞ dolları |
Layihənin maliyyə mənbələri | Dünya Bankı (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) - 34.50 milyon ABŞ dolları, Azərbaycan Respublikası Hökuməti – 18.75 milyon ABŞ dolları |
Layihənin icra müddəti | 2014-2018 |
Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi
Layihənin məqsədi | Ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi vasitəsilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında kənd yoxsulluğunun azaldılmasından ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün layihə ərazilərindəki təsərrüfatdaxili suvarma sistemlərinin təmir-bərpası, bitkiçiliyin, heyvandarlığın, süni mayalama və baytarlıq xidmətlərinin inkişafı, yeni əkin texnologiyalarının yayımı, təsərrüfatlara müasir maliyyə xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. |
Layihənin ümumi dəyəri | US$ 103.8 mln |
Layihənin maliyyə mənbələri | Azərbaycan Respublikası Hökuməti - 13.1 milyon ABŞ dolları (12.6 %), İslam İnkişaf Bankı (İİB)- 66.4 milyon ABŞ dolları (64.1%), İFAD- 19,7 milyon ABŞ dolları (18,9%), Bank Olmayan Kredit Təşkilatları- 2.2 milyon ABŞ dolları (2,1%), Benefisiarlar (Layihədən faydalanan fermerlər)- 2,4 milyon ABŞ dolları (2,3%) |
Layihənin icra müddəti | 2011-2018 |
Bunlarla yanaşı, xarici donorlarla bir neçə texniki yardım layihələri də reallaşdırılır. Bunlardan 4-nün müddəti başa çatıb. Digərləri isə gələn il tamamlanacaq. Özü də bu layihələr təkcə aqrar sahəyə deyil, ümumiyyətlə kəndin inkişafına, buradakı həyat şəraitinin yüksəlməsinə, o cümlədən Azərbaycan kəndlərində ənənəvi ağır infrastruktur şəraitinin, əhalinin sosial infrastruktura çıxışının yaxşılaşmasına yönəlir. Məsələn, bəzi layihələrdə su kanallarının çəkilməsi, kəndarası yolların təmiri, hətta məktəb-bağça və tibb məntəqəsinin yaradılması kimi aqrar sektora birbaşa əlaqəsi olmayan məsələlər də yer alır.
Məqsəd aqrar sahənin inkişaf ilə yanaşı, əhalinin kəndə bağlanması, kənddə yaşayışa çətinlik gətirən səbbələrin azaldılması, o cümlədən gəlirlərin artırılması, müxtəlif sosial xidmətlərə çıxışı yaxşılaşdırmaqdır. Əks halda əhalinin şəhərlərə axını güclənəcək və kəndlərdə demoqrafik və işçi qüvvəsi ilə bağlı çətinliklər yaranacaq. Əslində bu işlər digər qurumların vəzifəsi olsa da, layihənin sürətli reallaşası üçün bu işlər də həyata keçirilir.
Aşağıdakı xəritədə bu layihələr çərçivəsində hansı işlərin görüldüyü və onların hansı ərazilərdə reallaşdığı göstərilib.
Donorlarla görüşün məqsədi isə onların qarşıdakı dövr üçün layihələrə cəlb olunmasıdır. Son illər dövlət rəhbərliyi tərəfindən bu sahəyə diqqətin artması (görüşdə də xüsusi qeyd edildiyi kimi), aqrar sektorun strateji ahəyə çevrilməsi və bu sahəni dəstəkləyən yeni mexanizmlərin (maliyyəyə çıxışı və aqrar sığorta) tətbiqi, ümumilikdə isə hökumətdə bu sahədə nümayiş etdirilən çevikliyi nəzərə alanda güman etmək olar ki, donorlar sonrakı layihələrə də maraq göstərəcəklər.
Üstəlik, son illər baş verən bir sıra yeniliklər aqrar sektorun inkişafı və ölkədən xaricə mal ixracına dəstək verir.
Bunlardan biri milli valyutanın devalvasiyasıdır. Təqribən 2,5 dəfə ucuzlaşan manat, xaricə göndərilən Azərbaycan mallarının da rəqabət qabiliyyətini təqribən 2 dəfə artırıb. Nəticədə daha sərfəli qiymətə olan meyvə-tərəvəz xarici bazarlarda yaxşı satılır.
Digər yenilik Azərbaycan məsüullarının regiondakı satış bazarlarının genişlənməsi oldu. Həm regionda baş verən müxtəlif siyasi proseslər – müxtəlif dövlətlərin bir-birinə tətbiq etdiyi sanksiyalar, həm də hökumətin xarici iqtisadi aktivliyi yerli məhsulların yolunu bir sıra region ölkələrinə açdı. Hazırda ərəb ölkələrinə meyvə-tərəvəzin ixracı adi hala çevrilib. Belə dayanıqlı bazar investorlar və donorlar üçün əla stimuldur.
Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi isə hazır məhsulların daşınması üçün yeni imkan yaradıb. İndiyədək bunun üçün avtomobil nəqliyyatından istifadə edildiyi halda, bundan sonra məhsulların qatarla daşınması iş adamları üçün əlavə qənaət imkanı olacaq. Bu da özünü məhsulun maya dəyəri və satış qiymətində göstərəcək.
Başqa sözlə, hazırda həm ölkədəki, həm də ölkə xaricindəki iqtisadi situasiya aqrar sektorun inkişafına və bəzi məllar istisna olmaqla Azərbaycanın aqrar sektorunun mallarının xaricə ixracına imkan yaradır. Bu vəziyyət aqrar sahələ reallaşan dəstək layihələrinin daha tez nəticə verməsinə imkan yaradır. Böyük ehtimalla donorlar qərar verərkən bu amilləri də nəzərə alacaq və kəndə dəstək vermkdə davam edəcəklər.