Son günlər koronavirusla bağlı qoyulan qadağalar mağazalarda bəzi məhsulların qiymətinin kəskin artımına səbəb olub.
Eləcə də bax: Koronavirus Azərbaycanda sarımsağı - 5 DƏFƏ BAHALAŞDIRDI
FED.az xəbər verir ki, bu dövrdə xüsusilə zəncəfil təqrilən 20 dəfə bahalaşaraq 4-5 manatdan 35-40 manata, bəzi mağazalarda isə 45 manata yüksəlib. Qeyri-adi qiymətlər alıcıları təəcübləndirməklə yanaşı, bəzi istifadəçilərin hiddətinə də səbəb olub.
«3 gün öncə kilosu 7 manat olan zəncəfil isə 45 manatdır. Bu sadəcə biabırçılıqdır»-deyə istifadəçilərdən biri yazır. Qeyd edək ki, koronavirus yayılması ilə əlaqədar olaraq ölkədə immuniteti gücləndirən məhsullara tələbat artıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli FED.az-a bildirib ki, zəncəfilin qiymətinin artması koronavirusa görədir: «Peşəkər tibbi yanaşmalar öz yerində, amma son vaxtlar sosial izolizasiya şəraitində evdə oturan minlərlə insan müxtəlif türkəçarə metodlardan istifadə edir. Bu Türkiyə və digər xarici ölkələrdə də belədir. Hətta türkəçarə metodlardan düzgün istifadə etmədiklərinə görə həyatını itirənlər də var. Azərbaycanda da eyni proses gedir - insanlar virusdan qorunma, immuniteti artırma yolları axtarırlar. Təbii ki, burada kənd təsərrüfatı məhsulları diqqətdən kənarda qalmır. Bu gün informasiya mənbələrində, o cümlədən sosial şəbəkəlrdə «virusa qarşı immuniteti gücləndirmək» barədə çoxsaylı məlumatlar var, onların çoxu zəncəfillə bağlıdır».
Ekspert deyir ki, normalda, yəni indiyədək, zəncəfil məişətimizdə çox az yer tutan ədviyyat növü olub: «İndiyədək insanlar bundan nadir hallarda, çəki atmaq və digər məqsədlərlə isifadə edirdilər. Amma birdən-birə bu cür tələbatın artması şübhəsiz ki, onun qiymətinə təsir etməliydi».
Bahalaşmanın digər səbəbi Azərbaycanda zəncəfil istehsal edilməməsidir: «İl ərzində Azərbaycana 5 min tona qədər ədviyyat idxal olur. İdxalın əsasını da elə Hindistan və İran tutur. Zəncəfil həm xaricdən idxal olunduğuna, həm də tələbat artdığına görə qiymət artımı özünü göstərməli idi».
Xatırladaq ki, marketlərdə 35-40 manat, bəzi şəbəkələrdə isə 45 manata satılmasına baxmayaraq zəncəfilin Azərbaycana idxal qiyməti olduqca aşağıdır. FED.az xəbər verir ki, yanvar ayında xaricdən Azərbaycana ümumi qiyməti 24 min 880 dollar olan 20 ton 730 kiloqram zəncəfil gətirilib. Başqa sözlə, 1 kiloqram zəncəfilin ölkəyə idxal qiyməti 1,2 dollar və ya 2,04 manatdır.
Ölkəyə zəncəfil Peru, Braziliyə və Çindən gətirilir.
Bu dövrdə Perudan ümumi dəyəri 10 370 dollar olan 8 640 kiloqram (1 kq qiyməti 1,2 dollar və ya 2 manat),
Braziliyadan ümumi dəyəri 12,01 min dollar olan 10,01 ton
Çindən isə ümumi dəyəri 2500 dollar olan 2,08 ton (1 kq qiyməti 1,2 dollar və ya 2 manat) zəncəfil gətirilib.
Diqqəti çəkən məqam odur ki, müxtəlif ölkələrdən, müxtəlif bazarlardan, hətta fərqli qitələrdən gətirilən zəncəfilin qiyməti eynidir.
Bəs zəncəfili Azərbaycanda yetişdirmək olarmı?
Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycanda ədviyyat təsərrüfatçılığı həmişə zəif olub: «Hər ölkənin torpaq və iqlim şəraiti, təssərrüfat vərdişləri və ənənələri var. Azərbaycanda ədviyyat təsərrüfatçılığı həmişə zəif olub və torpaq iqlim şəraiti buna imkan vermir. Buna görə də insanlar bu bitkinin təssərrüfat xüsusiyyətlərin bilmir. Həmçinin bu ədviyyat bitkiləri həddən artıq istilik və münbit torpağa tələbatı olan bitkilərdir. Azərbaycanda bu vərdişlər olmayıb, yəni kənd təsərrüfatı birtərəfli inkişaf edib».
Qeyd edək ki, Zəncəfil - tərkibində efirli yağ olan bitkidir. Ədviyyat və bəzi xəstəliklərin müalicəsi üçün istifadə edilir. Məsələn o, mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə - bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə - bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri vardır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.
Hindistanda isə xüsusilə günəş işığında qurudulmamış zəncəfil soyuqdəymə, astma, öskürmə, bağırsaq xəstəlikləri, iştahsızlıq, həzmsizlik və revmatizm xəstəliklərində müalicə məqsədilə istifadə olunur. Bal ilə dadlandırılmış zəncəfil çayı hindlilər tərəfindən öskürüyə və soyuqdəyməyə qarşı içilir.
Ən əsas məsələ - Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var.