Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkini və innovativ üsullarla səpin işlərinə start verilib. Maraqlı məqam isə sınaq üçün əkilən yeni sortların azad olunan ərazilərimizin adını daşımasıdır. Bu sortlar içində "Ağdərə", "Xarı bülbül", "Xudafərin" adlı toxumlar yer alır.
Eləcə də bax: Azərbaycanda buğdanın yeni keyfiyyət standartı - Təsdiq Olunub
FED.az xəbər verir ki, Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkininə və innovativ üsullarla taxıl səpininə başlanılıb. Bu işləri Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə aparıb.
İnstitutun direktoru Faiq Xudayevin sözlərinə görə, əsas məsələ yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olmasıdır. Hazırda Beyləqanda 24 yerli sortun sınağı gedir. Direktor bildirib ki, yeni sortlar arasında işğaldan azad edilən ərazilərimizin adını daşıyan Ağdərə, Xarı bülbül, Xudafərin sortları da var. Həmçinin təkcə Qarabağ torpaqlarını deyil, Qərbi Azərbaycanın toponimi olan Gomur adlı taxıl növü də mövcuddur. "Bu sortlar üzərində hələ bir neçə il əvvəldən işləməyə başladıq. Həmin vaxt torpaqlarımız hələ işğal altından idi. İnanırdıq ki, torpaqlar azad ediləcək və toxumlar üzərində işləyirdik. Bu sortlar öz adlarını daşıyan ərazilərimizdə də əkilib becəriləcək"-deyə o bildirib.
Yeni sortların sınaq əkini ilə yanaşı, Beyləqanda innovativ üsulla taxıl səpini də həyata keçirilir. Hazırda toxumların şırımla tirəyə əkilməsi işləri görülür.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov bildirib ki, burada əsas məqsəd keyfiyyətli və yüksək məhsuldarlıq əldə etməkdir: “Bu üsulun xüsusi üstünlükləri var. Burada suya və işçi qüvvəsinə qənaət edilməsi özünü büruzə verir. Bu üsulun digər bir üstünlüyü isə ekoloji cəhətdən saf məhsulun əldə edilməsinə zəmin yaradır. Şırımlar arasında havalandırma daha yaxşı olduğu üçün pestisidlərdən istifadə azalır.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyib ki, bu kimi yeniliklər mütəmadi olaraq həyata keçirilir. Yeni yaradılan sortların əkini və innovativ üsul olan tirəyə səpin üçün xüsusi hazırlanan ərazi ayrılıb. Əsas məqsəd fermerlərin maddi rifahinin yüksəldilməsi üçün məhsuldarlığın artırılmasıdır. Həmçinin region şəraitini nəzərə alaraq yerli iqlimə uyğun yüksək potensialı olan sortların əldə edilməsidir. Həmçinin başlıca şərt vahid sahə hesabına daha çox məhsul almaqdır.