Hazırda dünyada bal arıları arasında bir çox xəstəliklər və arı parazitləri yayılmaqdadır. Arıçıların “tropi” adlandırdığı, elmi adı tropilelapsoz olan arı parazitinin ölkəmizdə də müşahidə edilməsi barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bu parazit olduqca cəld hərəkət edir, arı ailəsi daxilində sürətlə yayıla bilmək bacarığına malikdir, öldürücü fəsadlara gətirib çıxara bilir.
Arıçılığın inkişafı üçün 16 min manat güzəştli kredit verildi
FED.az xəbər verir ki, qərb bölgəsinin arıçıları da “tropi”nin mümkün təsirindən narahatdırlar, eyni zamanda, artıq buna qarşı arı yuvalarında müəyyən qabaqlayıcı hazırlıqlar həyata keçirirlər. Ümumiyyətlə “tropi” paraziti dünya arıçıları üçün tanış bir addır. Bu parazit bəzi ölkələrdə artıq illərdir ki, mövcuddur.
Tovuzlu arıçılar da bölgədə hələ ki, müşahidə edilməyən “tropi” paraziti barədə məlumatlıdırlar. Onun bəzi ölkələrdə mövcud olduğunu, artıq ölkəmizin bəzi rayonlarında müşahidə edildiyini bilirlər. Buna görə də indidən müəyyən tədbirlər həyata keçirirlər.
Uzun illərdir arıçılıqla məşğul olan Dilarə Yusibova deyib: “Arıxanamızda “tropi” paraziti müşahidə edilməyib. Lakin buna baxmayaraq, müəyyən qabaqlayıcı tədbirlər görürük. Məsələn, ana arını yuvada bir növ “izolyasiya”, təcrid edirik və buna el arasında “ana damlaması” deyirik. Məhz bu cür izolyasiya nəticəsində ana arı yumurta qoya bilmir. Hələ ki, arıxanamızda parazitin izləri də müşahidə edilmir. Artıq bütün arıları qışa hazırlamışıq. Yem qidası ehtiyatı az olan arı yuvalarına yemlər - “arı keki” əlavə edirik”.
Havalar soyuduqca üzərində arısı olmayan boş çərçivələr götürülür. Arı ailələri sıxlaşdırılır, yeminə isə xüsusi diqqət yetirilir. Bal ehtiyatı olan yuvalar həmin prosesdən sonra qış mövsümünə daxil olur.
Tovuz arıçılar birliyinin sədri Qabil Hacıyev hazırda vəziyyətin yaxşı olduğunu, lakin arxayınlaşmadıqlarını bildirib: “Qərb arıçılarının dediyinə görə, “tropi” paraziti gec-tez bizim bölgəyə də gələcək. Həmin parazitə qarşı görülməli tədbirlər və mübarizə üsulları var. Parazitə qarşı ən yaxşı mübarizə üsullarından biri “qarışqa turşusu”ndan istifadə etməkdir. Təcrübəli arıçıların dediyinə görə, “qarışqa turşusu” ilə üç dəfə müalicə edəndə xəstəliyin qarşısı alınır”.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bölgədə arı ailələri içərisində paraziti aşkar edilməyib.
Qeyd edək ki, rayonda 13 min 400-dən çox arı ailəsi mövcuddur. Zəruri olan preparatların, profilaktiki tədbirlər üçün mübarizə vasitələrinin əlçatanlığı nikbinlik doğurur. Havalar soyuduqca arılar qış mövsümünə daxil olur. Onların oyanma dövrü isə yazın əvvəllərində müşahidə ediləcək. (Azərtac)