Aqrar Sığorta Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərliyi ilə TARSİM nümayəndə heyəti oktyabrın 4-də Gəncədə səfərdə olub.
Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir – TARSİM nümaynədə heyəti Azərbaycana səfərə gəlib
FED.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopu ziyarət edib, daha sonra qonaqlar Gəncədə 2020-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan və insan tələfatıilə nəticələnən ərazilərdə yaradılacaq Qələbə Abidəsinin ərazisini ziyarət edib, vəfat edənləri yad ediblər.
Səfər zamanı Azərbaycan Dövlət Aqrar Universitetində «Türkiyə və Azərbaycan aqrar sığorta sistemlərinin təqdimatı» mövzusunda tədbir keçirilib.
Tədbirdə rektor Zəfər Qurbanov ADAU-da görülən işlər və yeniliklər barədə məlumat verib, bildirib ki, yaxın vaxtlarda təhsil ocağı tam elektron sistemə keçəcək. Onun sözlərinə görə, ötən il ADAu-nun 100 tələbəsi xaricdə təcrübə keçib, hazırda isə 30 tələbə İsraildə təcrübə mübadiləsindədir.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov Azərbaycanda aqrar sığorta sisteminin qurulmasında qardaş Türkiyənin TARSİM təşkilatının rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, məhz Türkiyə təcrübəsi ilə işə düşməsi sistemin dayanıqlığını təmin edib. Fond rəhbəri ADAU rəhbərliyinə təklif edib ki, Universitetdə aqrar sığorta mütəxəssisi ixtisası üzrə də tədrisə başlanılsın, universitetin rəhbərliyi təklifi müsbət qarşılayıb.
TARSİM Müşahidə şurasının sədri Osman Yıldız bildirib ki, son illər baş verən hadisələr dünyada ərzaq təhlükəsizliyini mühüm məsələyə çevrilib, «qida milliyətçiliyi» adlı davranışlar ortaya çıxıb, nəticədə artıq hər bir ölkə öz ərzaq təminatını həyata keçirmək məcburiyyətində qalıb. Belə vəziyyətdə əkinlərin qorunması üçün ən mühüm alət aqrar sığortadır.
TARSİM rəhbəri Azərbaycanlı fermerləri məhsullarını etibarlı qorumağa, əkin sahələrini bütünlüklə sığorta etməyə çağırıb.
TARSİM Müşahidə Şurasının üzvü, TARSİM-in baş direktoru Bekir Engürülü Türkiyədə fəlakət riskləri, onların aqrar sektora təsiri, aqrar sığortada Azərbaycan təcrübəsinin başqa ölkələrdə tətbiqi barədə məlumat verib.
O dünyadakı aqrar sığorta modelləri barədə məlumat verərək bildirib ki, təcrübə göstərir ki, yalnız dövlət idarəçiliyində olan və risklərin sırasını ehtiyatla genişləndirən sistemlər daha dayanıqlı olur. Bir qədər əvvəl İtaliyada aqrar sığorta sisteminin üzləşdiyi uğursuzluğu misal gətirən B.Engürülünün sözlərinə görə, buna səbəb sistemin gücü çatmayan riskləri üzərinə götürməsi olub.
Tədbirdə ADAU-nun «Maliyyə və iqtisadi nəzəriyyə» kafedrasının müdiri Məhərrəm Hüseynov aqrar sektorun ölkə iqtisadiyyatında və qeyri-neft sektorunda rolu, dayanıqlı aqrar biznes mühitinin yaradılmasında sığorta mexanizminin əhəmiyyəti barədə məlumat verib. M.Hüseynov aqrar sığorta sahəsindəki çağırışları qeyd edərək, sistemin fəaliyyətinin daha da genişlənməsi üçün təkliflərini səsləndirib.
ADAU-nun tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə aqrar sığortanın ölkəmizə gətirdiyi yenilik - müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti barədə danışılıb, bununla bağlı ayrıca təqdimat edilib. Bildirilib ki, artıq 71 sayda ixtisas sahibi müvafiq prosedurlardan keçməklə aqrar sığorta eksperti sertifikatı ala bilər, belə ekspertlərə xidmət haqqı və yol xərci ödənilir, nəticədə onların orta aylıq gəliri 1000 manatdan artıqdır. Tədbirdə univuerstitenin məzun və tələbələrinə bu sahədə də fəaliyyət göstərmək təklif edilib.
Qeyd edək ki, TARSİM nümaynədə heyətinin Azərbaycana 1-5 oktyabr tarixlərində davam edəcək səfəri zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycanda aqrar sığorta sisteminə üzv olan sığorta şirkətlərində də görüşləri nəzərdə tutulur.
Görüş zamanı Azərbaycanda Sığorta Məlumat Mərkəzinin yaradılması, eləcə də sığorta ekspenrtlərinin sertifikatlaşdırma prosesinə dəstək məsələləri müzakirə ediləcək. Bununla bağlı TARSİM nümaynədə heyətinin Azəbaycan Mərkəzi Bankında təqdimatı gözlənilir.