Biləsuvar sakini Səadət Həsənova rayon mərkəzindən 30 kilometr aralıda yerləşən Səmədabad kəndi ərazisində keçi təsərrüfatı yaradıb. O, rayonda bu sahə ilə məşğul olan ilk xanım fermerdir.
Ölkədə qoyun və keçilərin sayı azalaraq - Son Onilliyin Minimumuna Düşüb
FED.az xəbər verir ki, hazırda onun təsərrüfatında 100 başdan çox qoyun, 50 başdan çox keçi var.
Əvvəlcə heyvandarlıq təsərrüfatı ilə məşğul olan Səadət Həsənova deyir ki, son illərdə daha çox keçi saxlamağa üstünlük verir. O, təsərrüfatında bəslədiyi “Hələb” keçilərinin digər keçi sortlarına nisbətən çox sərfəli olduğunu bildirir. “Gələcəkdə bu keçiləri 150 başa çatdırmaq istəyirəm. “Hələb” keçisindən alınan məhsullara tələbat daha çox olur. Həm də keçi artımlı heyvandır”, - deyə fermer söyləyir.
Xanım fermerin sözlərinə görə, keçilərin əti ilə yanaşı, onun piyindən, südündən də müalicə üçün istifadə edilir: “Keçinin südü min bir dərdin dərmanıdır. Hər keçi iki-üç litr süd verir. Həm südünə, pendirinə, həm də qatığına tələbat çoxdur. Südünün litri 2-2,50 qəpik olur, pendiri isə 10 manata satırıq. Sifarişlərimiz əsasən, Bakı şəhərindən olur”.
Heyvandarlıq təsərrüfatının saxlanılmasında görülən işlərdən də söz açan S.Həsənova bildirib ki, xəstəliklərə qarşı bütün tədbirləri vaxtlı-vaxtında görür.
Səadət xanım təsərrüfatını bu keçilərlə məhdudlaşdırmaq fikrində deyil. Gələcəkdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təsərrüfatını daha da genişləndirib, südlük istiqamətli keçi sortlarının sayını artırmaq istəyir.
“Qarşıya məqsəd qoymuşuq ki, damazlıq keçi təsərrüfatı yaradılsın. Bununla bağlı bir sıra çətinliyimiz var. Ən böyük çətinliyimiz odur ki, qoyun və keçidən aldığımız yunu qəbul edən tədarük məntəqəsi yoxdur. Belə tədarük məntəqəsi olarsa, bu sahəyə maraq da artar. Biz təkliflərimizi vermişik. Yəqin ki, nəzərə alınacaq”, - deyə xanım fermer əlavə edib.
Qeyd edək ki, Biləsuvarda, ümumilikdə, rayonun heyvandarlıq təsərrüfatlarında xırdabuynuzlu heyvanların sayı 140 min başı ötüb. Bunların təxminən 20 mini keçidir. (Azərtac)