Cəlilabadda yetişdirilən çiyələk yerli bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur.
Azərbaycanda çiyələk mövsümü: fermerlər itkidən, müştərilər qiymətdən əziyyət çəkir - VİDEO
FED.az xəbər verir ki, İtaliya və İspaniya mənşəli çiyələk toxumları hesabına bu il Cəlilabadda əkin sahələri 600 hektardan 700 hektara qədər artırılıb. İstehsalçılar intensiv metodlarla becərdiyi bu giləmeyvə sahələrində məhsuldarlıqla yanaşı, keyfiyyəti də əsas meyar seçiblər. Bu səbəbdən təsərrüfat sahibləri İtaliya və İspaniya təcrübəsini olduğu kimi plantasiyalarda tətbiq edirlər.
İnnovativ üsullarla məhsul yetişdirən fermer Aqil Bəşirov deyir ki, çəkilən zəhmət hədər getmir. O, ötən mövsüm 7 hektarlıq çiyələk sahəsindən 400 tona yaxın məhsul tədarük edib. Hazırda örtükaltı sahələrdən toplanan məhsuldarlıq da fermerin ürəyincədir. Onun yetişdirdiyi çiyələk aprelin 10-dan Rusiyaya da ixrac olunur. Fermer deyir ki, ərəb ölkələrindən də təkliflər. İşləri yaxşı gedərsə, bu ölkələrə də Cəlilabad çiyələyi ixrac olunacaq.
Örtükaltı çiyələk plantasiyalarında yetişdirilən məhsulun yığımı hava şəraitinə görə bu il nisbətən gecikib. Buna baxmayaraq, yığım sürətlə aparılır. Hər gün sahələrdən 10-12 ton məhsul toplanır. Məhsul yığıldıqdan sonra bazarlara daha keyfiyyətli çatdırılması üçün soyuducu anbarlara daşınır.
Aqil Bəşirov deyir ki, bu il çiyələk mövsümün ilk günlərində 1 kiloqramı 3 manat 50 qəpiyə təklif olunub. Hazırda isə 2 manat 50 qəpiyə satılır.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Hafis Kərimov da Cəlilabad çiyələyinə xarici bazarlarda tələbatın artdığını deyir. Bildirir ki, xarici dövlətlərdən alıcılar yerli fermerlərlə ixrac müqavilələri bağlayırlar. Bu da fermerlərin çiyələk yetişdirməyə marağını daha da artırır.
Onun sözlərinə görə, məhsulun builki ixracında ciddi artım müşahidə olunur. Mövsüm başlayandan sahələrdən 400 tondan çox məhsul tədarük olunub ki, bunun da 300 tona yaxını Rusiyaya ixrac edilib. Hazırda örtükaltı sahələrlə yanaşı, açıq sahələrdə də çiyələk yığımına başlanılıb. (Azərtac)