Azərbaycanın son illər sürətlə inkişaf edən və ciddi biznes sahəsinə çevrilən narçılıq ciddi problemlə üzləşib.
Azərbaycanın nar ixracı - 4 DƏFƏ ARTIB
Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə və bu ölkəyə sanksiyaların tətbiq edilməsi indiyədək Azərbaycan narının əsas ixrac bazarı olan Rusiyanı nar istehsalçıları üçün problemli bazara çevirib.
FED.az xəbər verir ki, son illər ölkədə nar istehsalının necə sürətlə artdığını son 5 ilin rəqəmləri də göstərir.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov FED.az-a bildirib ki, 2017-ci ildən bu yana son beş ilə nəzər salsaq, nar meyvəsinin həm ümumi istehsal həcmi, həm nar meyvəsinin ixracı, həm nardan istehsal edilmiş nar şirəsi, konsentratı və digər məhsulları hər il artan istiqamət üzrə davam edib.
Belə ki, 2017-ci ildə Azərbaycandan xaricə 6700 ton nar meyvəsi ixrac edilmişdisə və bundan 9,54 milyon dollar vəsait daxil olmuşdusa, 2022-ci ildə 2022-c ildə isə ixrac 23 335 ton, dəyər olaraq isə 31,1 milyon dollar olub.
«Başqa sözlə, 5 il ərzində Azərbaycanın «milli sərvət»lərindən olan Nar meyvəsinin ixracı - miqdarda 3,4 dəfə, dəyər olaraq isə 3,2 dəfə artıb».
Nar istehsalı da ilbəil artmaqdadır, bunu son 2 ilin statistikası göstərir. 2021-ci nar mövsümündə 185 min ton nar tədarük edildiyi halda 2022-ci ildə bu rəqəm 187,5 min tona yüksəlib. 2021-ci ildə nar meyvəsinin ixracı 21,7 min ton/29,3 milyon dollar olub. 2022-ci ildə isə yuxarıda deyildiyi kimi, bu rəqəmlər 23,3 min ton / 31,6 milyon dollar olub.
Azərbaycan xaricə təkcə nar deyil, onun şirəsini də ixrac edir. 2021-ci ildə xaricə ümumi dəyəri 12,7 milyon dollar olan 10 150 min ton nar şirəsi satılıb, 2022-ci ildə isə bu rəqəm bir qədər azalaraq 8,2 min ton və 10,7 milyon dollar olub. Başqa sözlə, nar istehsalı ilə bağlı problem yoxdur.
Amma ilk baxışda müşahidə olunan müsbət dinamikaya və artan rəqəmlərə baxmayaraq Azərbaycan narının ixracı ilə bağlı ciddi çətinliklər yaranmağa başlayıb.
Məsələ bundadır ki, indiyədək Azərbaycan narının əsas ixrac bazarı Rusiya olub, ölkədən xaricə satılan narın 90%-i məhz bu ölkəyə göndərilir, amma Ukrayna müharibəsi vəziyyəti dəyişib: «Bizim başlıca problemlərdən biri bu gün yaşadığımız ənənəvi bazarlarımızda olan münaqişələrdən doğan problemlərdir. İndiyədək əsasən ixrac bazarımız qonşu Rusiya idi, Ukrayna bazarları da bizim ixrac coğrafiyamıza daxil idi. Keçən il başlanmış Rusiya-Ukrayna münaqişəsinə görə bizim nar istehsalında, xüsusilə nar ixracında narahatlıq yaranıbvə bu bizi çox məyus edir. Azərbaycan narının ixracının 90 faizdən böyük hissəsi Rusiya dövlətinə olduğu üçün bu gün orada tətbiq edilmiş sanksiyaların iqtisadiyyata vurduğu zərbəsi təbii ki, qida sahəsində də öz təsirini göstərir»-deyə F.Qaraşov bildirir.
Bu vəziyyətdə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası çıxış yolunu ixrac coğrafiyasını genişləndirməkdə, yəni, yeni ixrac bazarları tapmaqda görür.
Bunlardan ən böyüyü və etibarlısı Avropa bazarıdır. Amma Rusiyadan fərqli olaraq Avropa bazarında məhsula qoyulan tələblər daha sərtdir və yerli fermerlərin, nar becərənlərin əksəriyyəti buna hazır deyil: «Öncədən də dediyim kimi, Avropa ölkələri bizim üçün prioritet istiqamətdir. Biz bu məsələdə fermerlərlə işləməyə üstünlük veririk. Onların yetişdirdiyi məhsulların Avropa bazarlarının tələb etdiyi sertifikatlara uyğun olaraq yetişdirilməsi və bu sertifikatların alınaraq Avropa ölkələrinə ixrac edilməsi üzərində çalışırıq».
Bununla bağlı Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa İttifaqının qrant layihəsi və dəstəyi ilə fermerlər arasında ciddi şəkildə treninqlər keçirir: «Treninqlər həm aqrotexniki qulluq prosesləri, həm qablaşma, həm ixrac prosedurları haqqında keçirilib».
Assosiasiyanın fermerlərə dəstək üçün həll etməyə çalışdığı digər məsələ nar istehsalçılarına subsidiyaların artırılması ilə bağlıdır. Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən yeni salınan intensiv nar bağının hər hektarına görə sahibkarlara 3 min manat, sonrakı 3 ildə isə bağa qulluq üçün ildə 750 manat nəzərdə tutulur. Assosiasiya hesab edir ki, bu dəstəyi daha da artırmaq və ölkədən nar ixracını dəstəkləmək lazımdır: «Subsidiya rəqəmlərinin dövlət dəstəyinin, əhəmiyyətli dərəcədə artırılması bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Amma biz daha artıq subsidiyanın əldə edilməsini hökumətimizdən gözləyirik və xahiş edirik»-deyə F.Qaraşov bildirir.
Hazırda Assosisiya bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə fəal şəkildə işləyir: «Bununla bağlı olaraq biz dəfələrlə kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi görüşürük. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinə minnətdarlıq eləmək istəyirəm ki, hər zaman Azərbaycan dövlətində, Azərbaycan ölkəsində bizim milli simvolumuz sayılan narın inkişaf etdirilməsi üçün öz dəstəyini verir».
Qurum bir qədər əvvəl narçılar arasında sorğu keçirərək sektorun əsas poblemlərini müəyyən edib və onların həlli üçün təkliflər – narçılıq üzrə «Ağ sənəd» hazırlayıb: «Bunun bariz nümunəsidir ki, Kənd Təsərrüfatı Nazirliyinin strukturu olan Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən 1500 fermer arasında və təqribən 10-a yaxın istehsalçı arasında aparılmış sorğunun nəticələrinə uyğun olaraq, biz, narçılığın «Ağ sənədi»ni hazırladıq. Yaxın vaxtlarda biz onu ictimaiyyətə açıqlayacağıq. Azərbaycanda narçılığın mövcud vəziyyəti, problemləri, onların həlli istiqamətləri və qeyri-neft sektorunda nar meyvəsinin payının artırılması müəyyən edilib, onun iqtisadiyyatımıza verə biləcəyi töhfələr haqqında fikirlər bu sənəddə öz əksini tapır».
Assosiasiya rəhbəri bildirir ki, narçılığa dəstək artsa, istehsal və ixrac rəqəmləri indikindən daha yüksək ola bilər. «Bu ilin rəqəmləri təbii ki, artıb və bildirdiyim kimi, ümumi istehsalımız təqribən 187 500 ton olub. 23,3 min narın ixracı ilə ölkəyə 31,6 milyon dollar vəsait daxil olub. Həmçinin 8214 ton nar şirəsindən 10,7 milyon dollar gəlirimiz olub. Təbii ki, bu rəqəmlər daha da artıq ola bilərdi».
Yeri gəlmişkən, son illər dünyada Azərbaycandan nar ixracına dəstək verən müsbət amillər də yaranıb: «Pandemiya dövründə nar meyvəsinin mikroelement zənginliyi, vitamin zənginliyi daha çox olduğu üçün bütün dünya ölkələri və insanlar nar meyvəsinə və ondan hazırlanmış məhsullara tələbatı artıb».
Azərbaycan narının ixracı üçün digər potensial və iri bazar – Çin ola bilər, hazırda Assosiasiya bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə işlər aparır.
«Bu yaxında Qida Təhlükəsizliyi Agentliyinin tövsiyəsi ilə və digər iş adamlarının gəlişi ilə biz Çin Xalq Respublikasından olan müəyyən iş adamları ilə görüşdük. Azərbaycan narının potensialı haqqında məlumat verildi və ixracla bağlı müəyyən bir razılaşmamız əldə olundu».
Amma bunun reallaşması üçün Azərbaycanla Çin arasında müvafiq razılaşmalar əldə edilməlidir: «Sadəcə olaraq iki dövlət arasında qida anlaşması olmadığı üçün, bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından məsələni həll etməyi xahiş edirəm. Çin bizim üçün çox önəmli bazar sayıla bilər və 10 000 tondan çox olan məhsulumuz Çin bazarına daxil ola bilər. Bunun üçün mən çox xahiş edirəm ki, bizim mövcud çətinliklərimizin qida anlaşması ilə bağlı olduğunu nəzərrə alaraq hökumətlər öz aralarında bu anlaşmanı təsdiq edərdilər və biz də bundan yararlanardıq»- deyə Fərhad Qaraşov bildirir.