Azərbaycanın ilk pambıq qəbulu və istehsalı məntəqəsi sayılan Dəliməmmədli pambıqtəmizləmə zavodunun fəaliyyəti bərpa olunub.
FED.az xəbər verir ki, “Goran Cotton” MMC-nin rəhbəri Rüfət Ruhi müsahibəsində bildirib ki, hazırda yenidənqurma işləri davam edən müəssisədə dünya bazarı üçün yüksəkkeyfiyyətli mahlıc istehsal edilir.
İlk dəfə 1905-ci ildə fəaliyyətə başlayan Dəliməmmədli pambıqtəmizləmə zavodu sovet dövründə ölkənin müxtəlif bölgələrindən, hətta Orta Asiyadan pambıq tədarük edib. Zavod hər il 40 min ton mahlıc istehsal edərək xarici ölkələrə satışını həyata keçirib. Ötən əsrin 90-cı illərindən Azərbaycanda pambıqçılığa marağın azalması zavodun 2008-ci ildə fəaliyyətini dayandırmasına səbəb oldu. Uzun müddət baxımsız qalan istehsal sahəsi 2017-ci ildən fəaliyyətini tədricən bərpa etməyə başlayıb. Bu məqsədlə zavodun sexləri yenidən qurulub, avadanlıqları təzələnib. Goranboy və ətraf rayonlardan olan 40 nəfər sakin isə burada özünə yeni iş yeri tapıb.
Rüfət Ruhi qeyd edib ki, ötən il müəssisə 838 hektar ərazidə pambıq əkib. Sahələrdən 1000 ton pambıq tədarük olunub və mahlıc istehsal edilib. Müəssisənin istehsal etdiyi mahlıc çox təmiz olduğu üçün məhsul dünya bazarında da yüksək qiymətləndirilib. Belə ki, müəssisə tərəfindən İsveçrə, Türkiyə, Çin və Sinqapurla müqavilə bağlanıb və həmin ölkələrə mahlıc ixrac edilib.
Bu il isə 1500-2000 hektar ərazidə pambıq əkini həyata keçiriləcək. Tədarük olunacaq pambıqdan 300-400 ton mahlıc istehsal etmək və xarici bazara çıxarmaq planlaşdırılır. Həmçinin müəssisə pambıq istehsalı zamanı əldə olunan çiyidin çeşidlənməsini də aparıb. Hazırda 170 ton texniki və əkin üçün yararlı olan çiyid tədarük olunaraq qablaşdırılır.
Cari mövsümdə 50 ton toxumluq çiyidin istehsal edildiyini deyən müəssisə rəhbəri qeyd edib ki, hazırda qablaşdırılan çiyidlər fermerlərə 1 kiloqramı 40 qəpikdən satılacaq. Bununla yanaşı, müəssisədə yerli fermerlərə mal-qaranın yemlənməsində istifadə olunan texniki çiyid də təklif ediləcək.
“Goran Cotton” MMC-nin rəhbəri bildirib ki, müəssisə bu il fermerlərlə bağlanılan müqavilənin şərtlərini yerinə yetirmək üçün 25-ə yaxın müxtəlif təyinatlı texnikanı işlək vəziyyətə gətirib. Bundan başqa, bölgədə pambıqçılığı daha da inkişaf etdirmək məqsədilə fermerlərə güzəştli şərtlərlə toxum, gübrə və herbisitlər verilib.
Qeyd edək ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar. Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,3 dəfə çoxdur.
@azertag
Rayondakı zavod İsveçrə və Sinqapura mal göndərir
20:47
15 Yan 2018