Azərbaycan hökuməti qeyri-neft sektorunun inkşafı baxımından kənd təsərrüfatını prioritet sahələrdən biri kimi seçib. Aqrar sektorun inkişafı ölkə rəhbərliyinin xüsusi diqqətindədir.
"Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur"
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov cavabdeh olduğu sahədə mövcud vəziyyət, gələcək perspektivlərlə bağlı sualları cavablandırıb.
FED.az həmin müsahibəni təqdim edir:
- Rəsmi statistikaya görə, Azərbaycanda kənd təsərrüfatının ümumi daxili məhsulda (ÜDM) payı 10 %-i keçmir. Qeyri-neft sektorunu inkişaf etdirməyi, iqtisadiyyatını şaxələndirməyi hədəfləmiş Azərbaycan aqrar potensialından nə dərəcədə səmərəli yararlanır? Bu sahənin ÜDM-dəki payını necə faizə çatdırmaq mümkündür?
- Əslində aqrar potensialdan səmərəli istifadə olunması və aqrar sahənin ÜDM-də payı məsələləri müəyyən mənada fərqli mövzulardır. Yəni ölkədə aqrar sahənin inkişafı strategiyası bu sahənin ÜDM-də payının artırılmasını hədəfləməyib. Çünki dünya təcrübəsindən çıxış edərək deyə bilərik ki, hazırda aqrar sahənin ÜDM-də payının 10 %-dən yüksək olması Afrika ölkələri, bəzi Latın Amerikası və Asiya ölkələri üçün xarakterikdir. Bunun müqabilində, aqrar sahənin ÜDM-də pay göstəricisi orta inkişaf səviyyəsində olan ölkələrdə 4-8 %, ABŞ və Avropa İttifaqının inkişaf etmiş ölkələrində isə 0,5-3 %-dir. Ümumilikdə isə qlobal iqtisadiyyatda aqrar sahənin payı azalma trendinə malikdir. Müasir dövrdə kənd təsərrüfatı daha çox insanların ərzaq tələbatını ödəyən, əksər hallarda fəaliyyəti daha çox dövlət dəstəyi hesabına təmin olunan sahədir. Buna görə də qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq bizdə də ölkənin sosial-iqtisadi inkişaf strategiyası iqtisadi artımın daha çox qeyri-neft sektorunun sənaye və xidmət sahələri hesabına təmin olunmasını nəzərdə tutur.
Ancaq bir daha xüsusi olaraq vurğulayıram ki, aqrar sahənin ÜDM-də payının nə qədər təşkil etməsindən asılı olmayaraq bu sahənin potensialından səmərəli istifadə olunması məsələsi bizim əsas vəzifəmizdir. Təsadüfi deyil ki, ölkədə aqrar sahənin inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərənlərin təşviq edilməsi məqsədilə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir.
Hazırda Azərbaycanda aqrar sahənin potensialından səmərəli istifadə olunması ilə bağlı məsələləri biz şərti olaraq 3 istiqamətə ayıra bilərik.
Birinci istiqamət ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin optimal həddə çatdırılmasıdır. Bu istiqamət üzrə, bildiyiniz kimi, xüsusilə aktual məsələ ərzaqlıq buğda üzrə yerli istehsal potensialının artırılmasıdır ki, bununla bağlı cənab Prezident müvafiq proqram təsdiq edib, icra edilir. Həmçinin ət və süd məhsulları istehsalının intensiv metodlarla artırılması vəzifəsi qarşımızda durur. Bu məqsədlə biz intensiv fermaların xüsusi çəkisini daha da artırmalıyıq, kökəltmə sənayesinin fəaliyyətini təşviq etməliyik, sənaye əsaslı quşçuluq müəssisələrinin daha da modernləşdirilməsinə dəstək siyasətini davam etdirməliyik.
İkinci istiqamət kənd təsərrüfatı üzrə ixrac potensialının daha da artırılmasıdır. Məlumdur ki, bizdə ixracyönümlü əsas sahələr kimi meyvə-tərəvəz məhsulları istehsalı və texniki bitkilərdən xüsusilə pambıq istehsalı çıxış edir. Bu istiqamətdə əsas fəaliyyət intensiv meyvə bağlarının sahələrinin genişləndirilməsi ilə bağlıdır. Bildiyiniz kimi hazırda yeni intensiv meyvə bağlarının salınmasını təşviq etmək üçün xüsusi subsidiya proqramı mövcuddur. Pambıq məhsulları üzrə ixrac potensialının artırılması bir tərəfdən xam pambıq istehsalının daha mütərəqqi texnologiyaların tətbiqi hesabına artırılmasını, digər tərəfdən isə pambıq klasterinin emal komponentləri hesabına gücləndirilməsini nəzərdə tutur. Həmçinin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac bazarlarının diversifikasiyası da əsas çağırışlardan biridir.
Üçüncü istiqamət isə kənd təsərrüfatı məhsullarının ixrac əsaslı emalı sənayesinin daha da inkişaf etdirilməsidir. Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının emalı sənayesində yaradılan əlavə dəyərin aqrar sahədə yaradılan əlavə dəyərə nisbəti təqribən 0.3 vahid təşkil edir. Yəni hər 1 vahid ilkin kənd təsərrüfatı məhsulu istehsalına 0.3 vahid müvafiq emal məhsulu düşür. İnkişaf etmiş ölkələrdə bu göstərici 1-1.5 vahid təşkil edir. Ortamüddətli dövr ərzində Azərbaycanda bu nisbət göstəricisi təqribən 0.5-ə çatdırıla bilər. Bunun üçün potensial sahələr olaraq pambıqdan iplik və parça istehsalı, yerli xammala əsaslanan zeytun yağı, pambıq yağı istehsalı, yerli təbii xammala əsaslanan süd məhsullarının istehsalı, yerli xammala əsaslanan təbii üzüm şərabları və brendi istehsalı, meyvə-tərəvəz məhsullarının emalı sahələri kimi pomidor şirəsi və tomat istehsalı, nar şirəsi, fındıq məhsulları, meyvə və üzüm quruları, meyvə və üzüm sirkəsi, meyvə püresi istehsalı və s. alt-sahələri göstərmək olar. Əsas vəzifələrdən biri bu sahələrin inkişafı üzrə təşviq mexanizmlərinin daha da təkmilləşdirilməsidir.
Təbii ki, istər ərzaq təhlükəsizliyinin gücləndirilməsi, istərsə də aqrar ixrac potensialının daha da artırılması baxımından əsas vəzifə həm də dəqiq əkinçilik, resursqoruyucu və iqlimə həssas texnologiyaların, əkin dövriyyəsinə riayət edilməsi kimi kənd təsərrüfatı metodlarının tətbiqinin genişləndirilməsidir. Aqrar sahə üzrə təşviq tədbirlərinin məhz bu qeyd edilən məsələlərə yönəldilməsi prioritet təşkil edir.
- Azərbaycan hələ də ərzaqlıq buğdaya tələbatını özü ödəyə bilmir. Bununla belə, ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 22,4 % azaldılaraq 450 manat/ton müəyyən edilib. Ölkədə buğda istehsalını stimullaşdırmaq üçün görülən tədbirlər effektivdirmi? İdxaldan asılılığa nə vaxt son qoyula bilər?
- Bizim apardığımız qiymətləndirmələrə əsasən son bir neçə ilə qədər ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi təqribən 25 % idi, 2023-cü il üzrə isə bu göstərici 34 % təşkil edib. Qeyd etdiyimiz kimi, hazırda ölkədə ərzaqlıq buğda ilə yerli istehsal potensialının artırılması ilə bağlı cənab Prezidentin təsdiq etdiyi proqram icra edilir. Bu proqram üzrə əsas təşviq mexanizmi budur ki, sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir. Məlum olduğu kimi, 2022-ci ildə buğdanın istehsal xərcləri xüsusilə gübrələrin qiymətlərindəki kəskin artıma görə yüksək idi, 2023-cü ildə isə müvafiq xərclər ciddi şəkildə azaldı ki, bu da təbii olaraq buğdanın maya dəyərinin azalmasını şərtləndirdi.
O ki qaldı, ərzaqlıq buğda üzrə idxaldan asılılıq məsələsinə, burada söhbət idxala son qoyulmasından deyil, idxaldan asılılığın azaldılmasından gedə bilər. Buğda idxalına tam olaraq son qoymaq ona görə mümkün deyil ki, hər bir ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilk növbədə, təbii resurslardan və iqlim şəraitindən asılıdır. Bizim təbii-iqlim şəraitimiz və torpaq resurslarımız daha çox meyvə-tərəvəzlərin və bəzi texniki bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, buğda istehsalı, ümumilikdə taxıl məhsulları istehsalı böyük ərazilərdə, daha çox dəmyə şəraitində və çox da yüksək olmayan, hətta çox aşağı məhsuldarlığa əsaslanır. Bizim regionda Rusiya, Ukrayna, Qazaxıstan, dünyanın digər əsas taxılçılıq ölkələri kimi ABŞ, Kanada, Avstraliya, Argentina, Avropa ölkələrindən Fransa, Almaniya, Rumıniya və s. ölkələrin taxılçılıq üzrə biznes modeli demək olar ki, eynidir – böyük ərazilər, bir hektara düşən aşağı əlavə dəyər və bir istehsalçıya düşən minlərlə hektar taxıl sahəsi. Necə ki, keçmiş sovetlər dövründə Rusiya, Ukrayna, Qazaxıstan ittifaq respublikaları üçün əsas taxıl mənbəyi idi, meyvə-tərəvəz təchizatı isə bizdən və digər respublikalardan asılı idi, oxşar olaraq hazırda Avropa Birliyi ölkələrində də, məsələn, Fransa, Almaniya, Rumıniya və s. ölkələrdə əsasən taxıl istehsal edilir, əvəzində, məsələn, Hollandiya, İtaliya, İspaniyada meyvə-tərəvəz istehsal edilir, nəticədə bu ixtisaslaşma hesabına hər bir ölkədə yüksək əlavə dəyər yaradılır.
Ancaq çox təəssüf ki, dünyada davam edən qeyri-stabil şərait bizi məcbur edir ki, öz resurslarımız hesabına əsas ərzaq məhsulları, xüsusilə də buğda ilə özümüzü mümkün qədər daha çox yerli istehsal hesabına təmin edək. Nəticədə biz beynəlxalq ixtisaslaşmada daha çox müqayisəli üstünlüyə malik olduğumuz, daha yüksək əlavə dəyər yarada biləcəyimiz sahələri tam inkişaf etdirə bilmirik.
Eyni zamanda, biz buğda istehsalının həcmini tələbatımıza uyğun həddə çatdırmaq üçün zəruri təbii resurslara malik olmadığımıza görə böyük investisiya qoyuluşları, o cümlədən dövlət vəsaitləri hesabına texnoloji inkişaf vasitəsilə məhsuldarlığı yüksəltməklə aşağı iqtisadi səmərəlilik hesabına da olsa, yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60 %-ə çatdırılması çox məqbul olardı.
- Ötən il nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi 4 min müraciət üzrə 73,7 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayırsa da, bunun nəticəsində cəmi 355 daimi və müvəqqəti iş yeri açılıb. Kreditərin əhalinin məşğulluğu baxımından effektivliyini necə artırmaq olar?
- Sualınızda deyildiyi kimi, bu vəsaitin hamısı fermerlərə kredit kimi verilməyib, fermerlərin texnika və avadanlıqları güzəştli şərtlərlə əldə etmələri üçün sərf olunub. Əslində fermerlərin kredit vəsaitlərinə çıxışı arzu olunan səviyyədə deyil. Aparılan araşdırmalara əsasən Elektron Kənd Təsərrrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan fermerlərin orta hesabla 12-15 %-i kredit əldə edə bilirlər. Fermerlərin kreditə çıxışının yaxşılaşdırılması üçün əlavə bir sıra yeni mexanizmlərin yaradılması ilə bağlı hazırda Azərbaycan Mərkəzi Banı ilə birgə yeni təşəbbüslər hazırlanır, biz bunun nəticələrini zaman-zaman görəcəyik.
Bununla belə aqrar sahədə hər hansı bir tənzimləmə tədbirinin bu sahədə məşğulluqla əlaqələndirilməsini də məqbul hesab etmirik. Bizdə aqrar sahənin məşğulluqdakı payı dünya üzrə ən yüksək göstəricilərdən biridir ki, bu o qədər də müsbət məqam deyil. Yəni bundan sonra aqrar sahədə yeni məşğulluq imkanlarının, yeni iş yerlərinin yaranmasından daha çox bu sahədə mövcud məşğul olanların gəlir əldəetmə imkanlarının genişləndirilməsi çağırışı mövcuddur.
Yeri gəlmişkən bir məsələ də nəzərə alınmalıdır ki, qlobal miqyasda aqrar sahədə məşğulluğun həm ümumi məşğulluqda payının azalması, həm də mütləq sayının azalması trendi gedir. Məsələn, son 20 illik dövr ərzində dünyada aqrar sahənin ümumi məşğulluqda payı 13,5 faiz bəndi aşağı düşüb, mütləq ifadədə isə dünya üzrə aqrar sahədə məşğul olanların sayı təqribən 13 % azalıb. Bu trend daha rəqabətqabiliyyətli müasir sənaye və xidmət sahələrinin inkişafını hədəfləyən bütün ölkələr üçün xarakterikdir.
- Qlobal istiləşmənin geniş vüsət aldığı, su ehtiyatlarının azaldığı bir şəraitdə suvarma sistemlərinin çox az hissəsi idarə olunandır. Vəziyyəti dəyişmək üçün hansı ölkələrin təcrübəsindən istifadə oluna bilər?
- Bəli, çox təəssüf ki, bu belədir. Ancaq aqrar sahənin dayanıqlı inkişafı siyasəti çərçivəsində ölkəmizdə müasir suvarma sistemlərinin tətbiqi subsidiya vasitəsilə təşviq olunur. Yəni müasir suvarma avadanlıqlarının dəyərinin 40 %-ni dövlət subsidiyalaşdırır. Bu istiqamətdə dünya təcrübəsi də göstərir ki, müxtəlif ölkələrdə oxşar dəstək mexanizmi tətbiq olunur.
Hazırda ölkədə təqribən 100 min ha sahədə müasir suvarma sistemləri tətbiq olunur. Bu sahələrin bundan sonra da genişləndirilməsi davam edəcək, xüsusilə də ərzaqlıq buğda proqramının icrası, habelə yeni intensiv bağların salınmasının təşviq siyasəti burda öz müsbət rolunu oynayacaq.
Qeyd edilməlidir ki, yeni sututarların/anbarların yaradılması ölkəmizdə sudan səmərəli istifadəyə öz töhfəsini verəcək. Eyni zamanda, müasir dövrdə sudan qənaətcil istifadənin təmin edilməsi məqsədilə qapalı su şəbəkələrinə keçidin sürətləndirilməsinə və suyun sahədə ölçülməsinə ehtiyac vardır. Nümunə ölkə olaraq Türkiyə və İsrail təcrübəsi nəzərdən keçirilə bilər. İsraildə bütün sahələrdə idarəolunan suvarma sistemləri tətbiq edilir, selləmə suvarma isə qadağandır. Türkiyədə isə son illərdə sürətlə su nəqliyyatı qapalı sistemə dəyişdirilir.
- Azərbaycanda ötən il 160 min hektara yaxın sahə quraqlıqdan zərər çəkib. Aqrar sığorta zərərlərin qarşılanması baxımından effektiv mexanizmə çevrilə bilibmi? Bu növ sığortanın potensialından neçə faiz istifadə olunur?
- Dövlət-özəl tərəfdaşlığı mexanizmi ilə artıq bir neçə ildir ki, fəaliyyət göstərən aqrar sığorta sistemi mövcuddur. Hazırda sığortalanan bitkilərin sayı 41 növə çatdırılmış, südlük istiqamətli iribuynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanlar və ətlik istiqamətli iribuynuzlu mal-qaranın da sığortalanması həyata keçirilir.
Bununla belə, aqrar sığorta göstəriciləri hələ ki, ilkin mərhələnin nəticələri ilə xarakterizə olunur. Məsələn, 2023-cü ildə 46,5 min müqavilə imzalanıb ki, bu da 429 min ha əkin sahəsini və 7901 baş heyvanı əhatə edib. Ancaq burda belə bir müsbət məqam var ki, ümumiləşdirilmiş göstərici kimi yığılmış sığorta haqları ötən illərlə müqayisədə hər il artım dinamikası sərgiləyir, bu da öz növbəsində fermer və sahibkarların sığorta xidmətlərindən faydalandığını göstərir.
Hazırda sığorta predmetinin və sığorta risklərinin sayının artırılması hesabına aqrar sahənin sığorta xidmətləri ilə təminatının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Quraqlıq sığortasının tətbiqi üçün hələ ki yetərincə data yoxdur. Bu səbəbdən hər hansı ərazidə riskin baş vermə ehtimalı, əhatə dairəsi və vura biləcəyi zərər hesablana bilinmir. Belə şəraitdə bu növ sığortanın tətbiqi sığorta qurumunu sığorta öhdəliyini qarşılaya bilməmə riski ilə qarşı-qarşıya qoyur və sığorta qurumunun iflasına səbəb ola bilər. Belə halda digər sığortaedənlər də itirmiş olacaq. Bu səbəbdən quraqlıq sığortası zamanla etibarlı və ölçüləbilən data toplandıqca tətbiq edilə bilər.
- Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı uzun illərdir ki, Rusiya olaraq qalır. Azərbaycanın meyvə-tərəvəzini ABŞ və Avropa ölkələrinin bazarlarına çıxarmaq üçün əngəllər nədir?
- Əslində burda əngəllərdən daha vacib olan bir sıra obyektiv və subyektiv səbəblər mövcuddur. Yəni Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixracında Rusiya bazarının payının yüksək olması faktı tarixi ənənələrlə yanaşı, həm də obyektiv səbəbə görədir.
Məsələn, Rusiya dünyanın ən böyük kənd təsərrüfatı və ərzaq məhsulları idxalatçısı olan ölkələrdən biridir (Rusiya müvafiq məhsulların idxalının həcminə görə dünya üzrə 13-cü ölkədir, o cümlədən tərəvəz üzrə 13-cü, meyvə üzrə 7-ci böyük idxalatçı ölkədir.) Yəni Rusiya dünyanın ən müxtəlif coğrafiyalarında olan ölkələr üçün də cazibəli bazardır.
Kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı üzrə kifayət qədər cəlbedici olan Rusiya bazarına Azərbaycandan ixrac həm də logistika baxımından sərfəlidir. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixracda o cümlədən, müvafiq sahədə Azərbaycanla oxşar ixrac strukturu olan Özbəkistanın ixracında region ölkələri üstün paya malikdir. Məsələn, aparılan təhlillər göstərir ki, Özbəkistanın tərəvəz ixracında digər qonşu ölkələr olan Qazaxıstan 20 %, Pakistan 19 %, Çin 13 %, Əfqanıstan 11 %, Qırğızıstan 9 % paya malik olmaqla, Rusiya 17 % paya malikdir. Oxşar olaraq Özbəkistanın meyvə ixracında isə Qazaxıstan 28 %, Qırğızıstan 24 %, Çin 3 %, Ukrayna 2 % paya malik olmaqla, Rusiya 32 % paya malikdir.
Göründüyü kimi, Özbəkistanın digər qonşu ölkələrə ixrac imkanının olması bu ölkəni dünyanın ən böyük bazarlarından biri olan Rusiya bazarından ixrac asılılığını azaltmağa imkan verir. Özbəkistandan fərqli olaraq Azərbaycanın digər qonşu ölkələri olan Gürcüstanın bazarı kiçikdir (bu bazarda Türkiyə və İran da aktiv iştirak edir), İranla Azərbaycanın aqrar sahədə idxal-ixrac strukturu oxşardır.
Bir sözlə, Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracında dünyanın ən böyük bazarlarından biri olan qonşu Rusiya bazarının payının yüksək olmasının obyektiv səbəbləri var. Xüsusilə də özəl sektorun nümayəndələri ilə aparılan müzakirələr göstərir ki, iqtisadi siyasət qərarları mütəxəssisləri və ya müstəqil ekspertlərdən fərqli olaraq, mövcud ixracatçılar Rusiya bazarını həm qiymət, həm də xüsusilə logistika baxımından daha sərfəli bazar hesab edirlər.
Yəni hər il milyonlarla dollarlıq məhsul ixrac edən sahibkarların, ixrac prosesinin oyunçularının hələ ki, Rusiyadan kənar ixrac bazarına daxil olmaqla bağlı ciddi bir təşəbbüsləri (epizodik hallar istisna olmaqla) müşahidə olunmur. Doğrudur, son vaxtlar sahibkarların Yaxın Şərq, Asiya və Avropa bazarlarına məhsul ixracı ilə bağlı müəyyən təcrübələri yaranmağa başlayıb. Əsas məsələ bu təcrübələrin miqyasının daha da genişləndirilməsini, başqa sözlə, ixrac bazarlarının diversifikasiyasını təşviq etməkdir.
Aydın məsələdir ki, daha çox bazarlara çıxış, qlobal bazara daha geniş inteqrasiya, yəni bizim üçün aktual olan ixrac bazarlarının diversifikasiya prosesi qarşılıqlı olaraq daxili bazarın da sərt qorunması siyasətinə tamamilə fərqli yanaşma tələb edir. Bu yanaşma xüsusilə də Azərbaycanın aktiv təşəbbüsü ilə yeni yaradılan regional logistika infrastrukturu və Türkiyə ilə olan strateji müttəfiqlik əlaqələrində nəzərə alına bilər. Bizim Türkiyə ilə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarətimizin genişləndirilməsi sonrakı mərhələlərdə həm də Avropa və Yaxın Şərq bazarlarında daha aktiv iştirakımızı təmin etmiş olar.
Qeyd olunan obyektiv səbəblərlə yanaşı, Avropa ölkələrinin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə daxili bazarları tarif və qeyri-tarif metodları ilə sərt şəkildə qoruması da çox ciddi faktordur. Avropa ölkələrinin ittifaqa üzv olmayan ölkələrə yüksək tarif dərəcələri tətbiq etməsi, həmçinin Azərbaycanın bu ölkələrlə əlverişli preferensial ticarət sazişlərinin olmaması Avropa bazarı üçün Azərbaycan məhsulunun cəlbediciliyini azaldır. Avropa bazarlarında mövcud olan qida təhlükəsizliyi standartları, bioloji təhlükəsizlik və texniki reqlamentlərin tələbləri də Azərbaycanın ixracına məhdudlaşdırıcı amillər kimi çıxış edir.
Bunun müqabilində bizdə Avropa bazarlarına uyğun sertifikatlaşdırma işi zəifdir. Azərbaycanda müvafiq məhsulların istehsalı, çeşidlənməsi, qablaşdırılması və distribusiya fəaliyyətlərinin Avropa ölkələrində sərt qaydalarla tənzimlənən standartlara / texniki normalara uyğunluğu aşağı səviyyədədir, o cümlədən bu uyğunluğu təsdiq edən sertifikatlaşdırma sistemi / prosesi inkişaf etdirilməlidir. Bunu nəzərə alaraq biz növbəti mərhələdə fermerlərin beynəlxalq sertifikatlar tətbiq etməsini təşviq edən dəstək tədbiri həyata keçirəcəyik.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixrac coğrafiyasının genişləndirilməsi baxımından həm də ixracın strukturunun məhsullar üzrə diversifikasiyası da aktualdır. Hesab edirik ki, ixracın strukturunun məhsullar üzrə diversifikasiyası bazarların coğrafi strukturunun da genişləndirilməsində müsbət təsirə malik olacaq.
Məsələn, hazırda Azərbaycandan Avropa ölkələrinə ixrac olunan kənd təsərrüfatı və ərzaq məhsullarının təqribən 90 %-ni fındıq ləpəsi, az bir hissəsini isə nar şirəsi təşkil edir. Hesab edirik ki, Azərbaycanın aqrar sahə üzrə ixracyönümlü meyvəçilik sahələri kimi fındıqçılıq və narçılıq daha da genişləndirilmə potensialına malikdir. Həmçinin son illər ixracında yüksək dinamika müşahidə olunan gilas, albalı, nektarin, gavalı, ərik kimi çəyirdəkli meyvələrin də istehsalının artırılması hesabına ənənəvi Rusiya bazarı ilə yanaşı, Çin və digər Asiya ölkələri bazarlarına da böyük həcmdə ixrac mümkündür.
Eyni zamanda istehsal etdiyimiz məhsulun rəf ömrünün az olması da bizim ixracatçıları yaxın olan Rusiyaya yönləndirib. Emal sənayemizin inkişafı ilə daha uzun rəf ömrü olan məhsullar istehsal oluna biləcək və daha uzaq ölkələrə ixrac imkanı artacaq.
Bütün deyilənlərlə bərabər, Avropa ölkələrinin, elə digər böyük bazarlardakı ticarət şəbəkələrinin də tələbatına uyğun həcmlərdə stabil məhsul təminatının olmaması ixracın başqa bir problemidir. Yəni bu ölkələrin ticarət şəbəkələrinin davamlı olaraq böyük həcmlərdə məhsul ilə stabil təchiz edilməsi tələbi də Azərbaycanın bu bazarlara daxil olmasına çətinliklər yaradır. (Report)