“Aqrar Sığorta Fondu 4 il ərzində fəaliyyətə başlasa da, artıq uğurlara imza atıb. Biz fəaliyyətə başlayanda aktivlərimiz 9 milyon manat idisə, bu artıq 30 milyona çatıb. Bu da sığorta hadisələrinin ödənilməsinə geniş imkanlar yaradır”.
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisdə "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmələr zamanı deyib.
O bildirib ki, son iki ildə Fond 12 milyon sığorta ödənişi edib.
Bununla belə, Sadıqov bir çox çətinliklərin olduğunu da dilə gətirib. “Qarşılaşılan əsas çətinliklərdən biri fermerlər arasında sığortanın faydaları haqqında məlumatlılığın artırılması və onları aqrar sığortanın verdiyi imtiyazlardan yararlanmağa həvəsləndirməkdir.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, xüsusən də ucqar ərazilərdə olan fermerlər hələ də yeni təcrübələri mənimsəməkdə tərəddüd edirlər və istəkli olduqlarını nümayiş etdirmirlər. Bunu həll etmək üçün fermerləri sığortanın əhəmiyyəti və onun fermerləri necə qoruya biləcəyi barədə məlumatlandırmaq məqsədi daşıyan geniş maarifləndirici tədbirlər və proqramlar mütəmadi olaraq keçirilməkdədir.
Yekun olaraq bildirmək istərdim ki, qarşıda görüləsi işlərimiz kifayyət qədər çoxdur.
Belə ki, sığortalanan predmetlərin əhatəsini genişləndirməsi, fermerlərimizi narahat edən və ən çox rastaşdığı riskləri təminata almaq üzərində çalışmalıyıq. Eyni zamanda göstərdiyimiz xidmətlərin keyfiyyətinin artılıması və sistemin daha təkmil olması əsas hədəflərimizdəndir”, - o qeyd edib. (Ölkə.az)