Qusar rayonunda müasirtipli intensiv meyvə bağlarının salınmasına maraq artıb.
FED.az xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektara çatdırılıb. Bu bağların 3500 hektarında alma əkilib.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Təkcə 2021-ci ildə rayonda 623 hektar intensiv meyvə bağları salınıb.
Bağban Elfad Mirzəbəyov rayonun Yuxarı Zeyxur kəndində 6 hektar sahədə müasir tipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem bütün bağı bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.
“İntensiv üsulla müasir bağ salmışıq. Altı hektar alma bağıdır. Bağda Türkiyədən gətirilən xarici alma sortlarının tinglərini əkmişik. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. İntensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin əkildiyi ilk illərdə məhsula düşməsidir. Artıq ikinci il 1 hektar intensiv alma bağından 15 ton məhsul almaq mümkündür”, - deyə E.Mirzəbəyov bildirib.
İntensiv bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də az olur. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bildirib ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır (Azertag).