Saatlıda əsasən təkrar əkin sayılan küncüt səpininə başlanılıb. Sözügedən rayonda bu bitki daha çox Əhmədbəyli kəndində əkilir.
"Daxili bazarlara 3-4 manata təhvil verilir, xaricdən də sifarişlər almışıq" - FOTOLAR
FED/az xəbər verir ki, uzun illərdir küncüt əkən fermerlərdən biri də kənd sakini Şahmurad İmanovdur. Deyir ki, küncüt zəhmət tələb edən bitki olsa da, qazancı yaxşıdır. Ötən il 4 hektar küncüt əkən təsərrüfatçı bu il sahəni 8 hektara qədər genişləndirib.
“Küncüt adətən ikinci əkin kimi, arpa biçildikdən sonra əkilir. Amma, bu il birinci əkin kimi sınaqdan keçiririk. Planlaşdırdıq ki, mayın 15-də səpin aparaq, lakin qeyri-sabit hava əkini təxminən 15 gün gecikdirdi. Toxum qumla qarışdırılır, plastik qablara doldurularaq texnikanın aqreqatındakı yuvalara qoyulur. Ümumiyyətlə, bir hektar sahəyə 2 kiloqram toxum səpilir. Toxumu da elə öz sahəmizdən götürürük. Bu bitki həm məhsuldardır, həm də yaxşı satışı olur. Bir hektar sahədən 1 tona qədər məhsul tədarük edə bilirik və kiloqramını 4-5 manata satırıq”, - deyə fermer bildirir.
Şahmurad İmanov deyir ki, küncüt ağ, qəhvəyi və qara olur. Lakin o, qəhvəyi küncüt əkməyə üstünlük verir: “Bu küncüt yağlılığına görə daha keyfiyyətlidir. Qənnadı məhsullarında, həmçinin dərman kimi də istifadə olunur”.
Fermerin sözlərinə görə, bu bitki susuzluğa olduqca davamlıdır və 90-120 gün müddətinə yetişir. Lakin onun becərilməsi asan başa gəlmir. “Çətinliklər çoxdur, müasir əkin-biçin texnikası olmadığı üçün 70-80 faiz iş əl əməyi ilə olur. Bu da həm məsrəfi artırır, həm də vaxt itkisinə səbəb olur. Hazırda köhnə texnikadan istifadə edirik. Müasir texnika olsa, küncüt sahələrini genişləndirmək olar. Buna baxmayaraq, küncüt əkininə diqqət çoxdur, ətraf rayonlardan da bu bitkinin əkini ilə maraqlananlar var”, - deyə o əlavə edib. (Azərtac)