Azərbaycanın qida sektorunda yeni biznes növü sürətlə populyarlaşmaqdadır, bu - dovşan ətidir. Heyvandarlıq Elmi Tədqiqat İnstitunun rəhbəri Mahir Hacıyev FED.az-a bildirib ki, dovşan əti alternativ qida mənbəyi ola bilər. Onun sözlərinə hazırda Azərbaycanda çoxsaylı dovşan növləri - Kali, Kaliforniya, Yeni Zelandiya ağ dovşanları, dekorativ karliklər, adlı dovşan növləri yetişdirilir.
Bir qədər əvvəl isə Göygöl rayonunda yeni yaradılan dovşançılıq seleksiya mərkəzi də işə düşüb. Burada dovşanların yemlənməsi üçün xüsusi qrabula yemlərindən istifadə edilir ki, onların da tərkibi arpa və buğdadan ibarətdir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli FED.az-a bildirib ki, dovşan biznesi olduqca sərfəlidir. Məsələ bundadır ki, dovşan əti dietikdir və şəkərli diabetlilər üçün uyğun qida sayılır. Bundan başqa sözügedən dovşan növlərinin əti qan təzyiqi olan insanlar üçün də faydalıdır.
Nicat Nəsirlinin sözlərinə görə dovşan saxlamaq olduqca asandır. Bu heyvanlar hətta 40 santimetrlik qəfəsdə belə yaşayırlar. Dovşanların hərəkətisz olmaları onlara qulluğu asanlaşdırmaqla yanaşı , heyvanların çəkilərinin tez artmasına da səbəb olur.
N.Nəsirlinin sözlərinə görə, dovşanlar doğulandan 120 gün sonra kəsimə gedirlər.
Cins dovşanların üstün cəhətlərindən biri 40-45 gündən bir 5-10 bala vermələridir. Hazırda dovşan ətinin bir kiloqramın qiyməti 8-10 manat təşkil edir. Cins heyvanların qiyməti isə 50-250 manat arasında dəyişir: «İndiyə kimi fermerlərimiz bu dovşanları Rusiyadan və ABŞ-dan gəitirirdilər. İndi isə Göygöldə yerləşən seleksiya mərkəzindən ala biləcəklər» - deyə Nicat Nəsirli bildirib.
Ümumiyyətlə hazırda Azərbaycanda 200 dən çox fermer 10 mindən çox dovşan saxlayır. Azərbaycanda 20 növdən çox cins dovşan növü var. «Ölkəmizdə dovşançılıq ferması ən çox Bakı kəndlərində, Xaçmazda və Qazaxda yerləşir» - deyə Nicat Nəsirli bildirib.