Kənd Təsərrüfatı Nazirliyi qoyun və keçiləri qapalı rejimdə saxlamağı təklif edir.
FED.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov bildirib.
ELƏCƏ DƏ BAX: Qoyun və keçilərin sayı açıqlandı – PROBLEM VAR
Şöbə müdiri deyib ki, ölkə üzrə örüş əraziləri 1 milyon 485 min 500 hektar, qışlaq otlaqlar isə 1 milyon 112 min 100 hektardır: “Ancaq bir məsələni də qeyd etmək istəyirəm. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlərə əsasən, 1 hektar sahəyə 1-4 heyvan düşür. Əgər otlaq sahələrini ölkədəki heyvanların baş sayına bölsək, görərik ki, qış otlaqları mövcud heyvanların 35 faizini, örüş sahələri isə mövcud heyvanların 25 faizini təmin edə bilər. Bu da otlaqların həddən artıq yüklənməsinə, erroziyasına gətirib çıxarır. Bir sözlə, otlaqlarımız mövcud iribuynuzlu və xırdabuynuzlu mal-qaranı təmin etmək imkanında deyil. Buna görə də Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi qapalı rejimdə intensiv üsullar tətbiq etməklə heyvandarlığı inkişaf etdirmək məqsədini qarşıya qoyub. Çünki indiki qaydada davam etsək, otlaqlarımızın erroziyaya uğraması prosesi gedəcək. Hazırda üzərində son tamamlama işləri aparılan Azərbaycanda Heyvandarlığın inkişafına dair Dövlət Proqramının layihəsində bu məsələ əksini tapıb. Dövlət Proqramında qoyun və keçilərin qapalı rejimdə saxlanılması xüsusi olaraq əksini tapıb. Düzdür, qoyun və keçilərin qapalı rejimdə saxlanılması məcburi olmayacaq. Fermerlərə praktik olaraq qoyun və keçilərin də qapalı rejimdə saxlanılmasının daha çox gəlir gətirdiyi göstəriləcək”.
Asəf Ömərov qeyd edib ki, ilk mərhələdə qapalı rejimdə qoyun və keçilərin saxlanması onların maya dəyərinə təsir göstərəcək: “Çünki qapalı rejimdə müasir üsulla intensiv yemlənmə tələb olunacaq, bunun üçün müəyyən cihazlar, avadanlıqlar alınmalıdır. Lakin qapalı rejimdə xırdabuynuzlu mal-qaranın yetişmə müddətini hesabladıqda, görünəcək ki, fermer üçün qapalı rejimdə qoyun və keçilərin saxlanılması daha gəlirli olacaq. Otlaqlarımız mövcud iribuynuzlu və xırdabuynuzlu mal-qaranı doydurmağa imkan vermədiyi üçün müasir dünyada tətbiq edilən üsullardan istifadə etmək, intensiv yolla heyvandarlığı inkişafa etdirmək məcburiyyətindəyik. Ən azı Azərbaycanın öz əhalisini sağlam qida, ət və süd məhsulları ilə təmin etməli, imkanlar genişləndikcə isə ixrac etməyi bacarmalıyıq”.
Qoyun və keçilər tövlədə saxlanmalıdır – NAZİRLİKDƏN AÇIQLAMA
20:08
27 Noy 2018