Bu gün dünya bazarında pambığın 1 kiloqramının qiyməti 1,53 dollar və ya milli valyuta ilə 2,60 manatdır. İstehsal müddəti 8 ay davam edən bu zəhmətli əməyin 1 kiloqramının ölkə üzrə qiyməti isə 50 qəpikdir.
FED.az olaraq, pambıqçılıqla məşğul olan fermerlərin qayğılarını və ekspert rəylərini öyrəndik. Məlum oldu ki, istehsal etdiyi məhsulu dünya bazarından qat-qat ucuz alınan fermerlər müqavilədə qeyd olunan müəyyən normadan az pambıq verdikdə gəlir əldə edə bilmirlər. Pambığın istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlər isə suvarma sistemindəki problemlərdən gileyləndilər.
Məhsulu bu ay təhvil vermişik, pulu gələn ilin fevral ayında verəcəklər – Fermer
Fermerlər pambığın istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlərlə müqavilə imzalayırlar. Həmin şirkətlər fermeləri toxum, kimyəvi preparatlar və texnika ilə təmin edirlər. Pambıq yığımı başa çatdıqdan sonra isə fermerlər həmin məhsulu müqavilə imzaladıqları şirkətə təhvil verib qarşılığında pambığın hər kiloqramına görə pul alırlar. Araşdırmamıza görə, bu qiymətlər də ölkə üzrə standart olaraq tətbiq olunur.
Tərtərin Qaraqoyunlu kəndində pambıqçılıqla məşğul olan fermer Şəmsəddin Alıyev deyir ki, aprel ayında toxum səpilib, noyabr ayında məhsul yığılıb və müqavilə bağladığı şirkətə təhvil verilib, amma şirkətdən deyirlər ki, ödəniş gələn ilin fevral ayında olacaq:
“Müqavilə imzaladığımız şirkətlər pambığın 1 kiloqramını bizdən 50 qəpiyə alırlar, 10 qəpik də subsidiya verirlər. Toxum səpimini aprel ayında etmişəm. Yığımı da noyabrın 20-nə qədər yekunlaşdırıb şirkətə təhvil vermişəm. Amma şirkətdən deyirlər ki, ödəniş gələn ilin fevral ayında olacaq. Əsas gətirirlər ki, digər fermerlər məhsulu hələ təhvil verməyiblər. Amma ən böyük problemimiz suvarma sistemləri ilə bağlıdır. Bu mövsüm 40 sentner məhsul vermişəm. Su bol olsaydı məhsuldarlığım daha yüksək ola bilərdi”
Pambıq tədarükü ötən ilə nisbətdə 2 qat artıb – CTS AGRO
Pambıq istehsalı, emalı və satışı ilə məşğul olan “CTS AGRO” şirkətinin baş direktor müavini Ağahüseyn Qədirov açıqlamasında bildirdi ki, alış qiyməti pambığın növünə görə dəyişir. 1-ci növ xam pambığın 1 kiloqramının ötən ilə qədər olan qiyməti 41 qəpik idisə, hazırda bu, 50 qəpiyə, 2-ci növ isə 39 qəpikdən 47 qəpiyə yüksəlib. Xam pambığın 3-cü növü 44 qəpik, 4-cü növü isə 40 qəpik dəyərində qiymətləndirilir:
“Bu qiymətlər ölkə üzrə standart olaraq tətbiq olunur. Əlavə olaraq dövlət tərəfindən fermerlərə hər kiloqramına görə 0,1 manat subsidiya verilir.”
Şirkət rəsmisi deyir ki, məhsuldarlıq ötən ilə nisbətdə iki qat artıb:
“2016-cı ildə respublika üzrə 90 min ton pambıq tədarükü olub. Bu il isə hələ ki, 185 min ton pambıq təhvil verilib. Fermerlər tərəfindən pambığın təhvil verilməsinin davam etdiyini nəzərə alsaq, ilin sonuna qədər bunun 220 min tona qədər yüksələcəyini düşünürük.”
Həm də pambıqçılıq üzrə mütəxəssis olan Ağahüseyn Qədirov fermerlərin əsas probleminin suvarma sistemi ilə bağlı olduğunu qeyd etdi. Bildirdi ki, bu gün Biləsuvar, Goranboy, Tərtər və Saatlı rayonunun fermerlərinin məhsuldarlığının azalması birbaşa su problemi ilə bağlıdır. Dedi ki, bu problemi həll etmək Meliorasiya və Su Təsərrüfatı cəmiyyətinin üzərinə düşür.
Birjalarda göstərilən, təmizlənmiş pambığın qiymətidir - ekspert
Şirkət rəsmisi ölkə ərazisində pambığın 1 kiloqramının qiymətinin dünya bazarından nə üçün aşağı olduğuna da aydınlıq gətirərkən dedi ki, biz xam pambıq alırıq, birjalarda göstərilənlər isə təmizlənmiş mahlıc pambığnın qiymətidir:
“Pambığın dünya bazarında elan olunan qiyməti birja qiymətidir. Bu, bizim pambıq mahlıcına çevirəndə 1-ci növ 3-cü sinifin qiymətidir yəni bu, xam pambığın qiyməti deyil, burada, təmizlənmiş tam hazır pambıq nəzərdə tutulur. Bunun da ümumi sistemdə diferensial şkalası var. Bu qiymət elan olunubsa bu o demək deyil ki, pambığın hamısı bu qiymətədir. 5-ci növ 4-cü sinif mahlıc var ki, bu, orada göstərilən qiymətin 50%-i dəyərindədir. Pambığın qiyməti onun növünə görə də fərqlənir. Növlər də onun rənginə görə müəyyən olunur.”
“CTS AGRO” şirkətindən bildirdilər ki, müqavilə əsasında fermerə şirkət tərəfindən göstərilən xidmət 14 sentner pambıq və ya 700 manat qarşılığında tam olaraq əvəz olunur. Yerdə qalan məbləğ isə fermerin qazancıdır.
Onu da bildirdilər ki, “CTS AGRO” şirkəti bütün fermerlərə məhsulu təhvil verdiyi gün ödənişini karta yükləyir və ödənişlərdə hər hansı gecikmə qeydə alınmır.
Pambıqçılığa maraq artır, bəs qiyməti? – MÖVQE
14:55
22 Noy 2017