Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə pambıq sahələrinə zərər ödənişləri 1 milyon manatı keçib.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış və zərər ödənişləri həyata keçirilən pambıq sahələri ölkənin bütün pambıq rayonlarını əhatə edir.
Pambıq Azərbaycanda 100 min hektardan artıq ərazidə becərilən əsas texniki bitkidir. Aqrar sığotanın əhatə etdiyi pambıq sahələrinin ərazisi hər il artmaqdadır. 2023-cü ildə 14 min hektar pambıq sahəsi sığortalandığı halda, 2024-cü ildə sığortalanan pambıq sahələri 29 min hektara çatıb.
Aqrar sığortaya maraq göstərən fermerlərin sayının artması, sığortalanan əkin sahələrinin genişlənməsi və təbiət hadisələrinin intensivliyi nəticəsində pambıq sahələrində baş verən hadisələr və sığorta ödənişləri də kəskin artıb.
Belə ki, Aqrar Sığorta Fondu tərəfindən 2022-ci ildə 1672 hektar pambıq sahəsinə dəymiş zərərlər üzrə 387 min manat, 2023-cü ildə 8895 hektar pambıq sahəsinə dəymiş zərər üzrə 949 min manat, 2024-cü ildə isə 11 243 hektar pambıq sahəsini əhatə edən müqavilələr üzrə dəymiş zərərlərə görə 1,2 milyon zərər ödənişi hesablanıb.
Müqayisə üçün bildirək ki, 2024-cü il hadisələri üzrə 1,2 milyon manat zərər ödənişi hesbalanmış fermer və təsərrüfatların pambıq sığortası üzrə ödədiyi sığorta haqlarının üümumi məbləği 249 min manat təşkil edir.
Başqa sözlə, pambıq sığortası üzrə ödənişlər həmin təsərrüfatlar üzrə həyata keçirilmiş sığorta haqlarından 4 dəfə artıqdır.
Ən böyük zərər ödənişləri Beyləqan (245 min manat), Ağdam (239 min manat), Tərtər (194 min manat), Ağcabədə (176 min manat) rayonları üzrə nəzərdə tutulur və hazırda həyata keçirilməkdədir.
Başqa sözlə, pambıq əkinləri üzrə sığorta ödənişlərinin təqribən yarısı Qarabağ regionunu əhatə edən rayonların payına düşür.
Statstika göstərir ki, pambıq sahələrinə ən çox zərər vuran hadisələr leysan yağışları, dolu, eləcə də sel-subasma hallarıdır.
Belə ki, ümumi sığorta ödənişlərinin yarıdan çoxu – 743 min manatı sentyabr-oktyabr aylarında yağan leysan yağışlarının payına düşür. Dolu hadisələri üzrə 253 min manat, sel-subasma halları üzrə isə 172 min manat sığorta ödənişi hesablanıb.
Ümumilikdə indiyədək pambıq sahələrinin aqrar sığortası çərçivəsində fermer və təsərrüfatlara edilən ödənişlərin ümumi məbləği 2,5 milyon manatı keçib.
Pambıq becərən fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə pambıq sığortası tarifılərinə yenidən baxılıb və haazırda ölkənin ayrı-ayrı ərazilərində pambıq bitkisinin sığorta haqqı bəyan edilmiş məhsuldarlıqdan asılı olaraq 1 hektar üçün 15-30 manat arasında dəyişir.
Ümumilikdə, 2025-ci ilin ilk 4 ayında Aqrar Sığorta Fondu tərəfindən 9,4 milyon manat sığorta haqqı toplanıb, 3,026 milyon manat sığorta ödənişi həyata keçirilib.
Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyaat keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.