Azərbaycanın bəzi rayonlarında kombayn çatışmazlığı müşahidə olunur. Lerikdəki fermerlərin bildirdiyinə görə, kombayn çatışmazlığı səbəbindən taxılın biçin vaxtı keçir və hektarlarla taxıl məhv olur.
“Əkilən taxılın yarısından çoxu biçilib”
FED.az xəbər verir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) şöbə müdiri İsrafil İsmayılov məsələ ilə bağlı bildirib ki, bu günə 584.5 min hektar sahədə taxıl biçini aparılıb:
“Bunun 300.1 min hektarı buğda, 284.4 min hektarı arpa sahələridir. Hazırkı məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 31 s/ha, arpanınkı isə 27.8 s/ha təşkil edir.
Ümumilikdə respublikada taxıl biçinilə məşğul olan 2300-dən yuxarı kombayn var. Onlardan 556 ədədi “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində olan kombaynlar, 926 ədədi lizinq yolu ilə fiziki və hüquqi şəxslərə verilən kombaynlar, 700-ə yaxını isə müəssisələrdə və vətəndaşların şəxsi mülkiyyətində olan kombaynlardır. Bütövlükdə bu kombaynların cəlb edilməsilə 990-1100 hektarda əkilmiş taxılın yarısından çoxu biçilib”.
“Vətəndaş hansı məhsulu əkəcəyini özü seçir”
Şöbə müdiri bəzi yerlərdə kombaynla bağlı müraciətlərdə sıxlığın yaranmasının səbəblərini açıqlayıb:
“Bildiyiniz kimi, ötən illərdə arpanın satış qiyməti baha olduğu üçün vətəndaşlar 2018-ci ilin məhsulu üçün daha çox arpa əkməyə başladı. 2017-ci illə müqayisədə 80-100 min hektar sahədə daha çox arpa əkilib. Arpa buğdaya nisbətən tez yetişir, eyni zamanda kövrək bitkidir. Yəni onun biçini gecikəndə itkiyə gedir. Biz əsas diqqəti arpanın biçininə yönəltmişik. Hazırda arpanın 70-80 faizi biçilib.
Texnikaların lizinq yolu ilə verilməsi və yerlərdə torpaq islahatından sonra vətəndaşların pay torpaqlarında əkdiyi bitkilərin becərilib yığılması məqəsədilə “Aqrolizinq”in rayon bölmələri yaradılıb. Rayon bölmələrinə kifayət qədər texnika, o cümlədən taxılyığan kombaynlar, traktorlar, pambıqyığanlar, becərmə texnikaları, gübrəsəpən, çiləyici və s. verilib. Bu texnikalar ölkədəki aqrotexniki tədiblərin həyata keçirilməsinə kifayət edən səviyyədədir. Qeyd etdiyim kimi, “Aqrolizinq”in rayon bölmələrində 556 ədəd taxılyığan kombayn fəaliyyət göstərir. Bu kombaynlar əkilən taxıl sahəsinin 38 faizini əhatə edə bilər. Qalan hissə lizinqdə olan kombaynlarla biçilməlidir”.
“Kombaynların disloaksiya yeri dəyişdirilib”
İ.İsmayılov deyib ki, taxılın yetişməsinə görə kombaynların dislokasiya yeri dəyişdirilib:
“Biz taxılın yetişməsinə görə, dislokasiya yerini yerdəyişmə etməklə, Aran rayonlarında taxılın tez yığılmasına şərait yaratmışıq. Yəni dağ və dağətəyi rayonlarda taxıl gec yetişdiyindən, kombaynlar Aran rayonlarına göndərildi. Hazırda Aran rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Məlumat üçün onu da bildirim ki, arpa biçini vaxtı havanın əlverişsiz olması səbəbindən biçin gecikib. “Aqrolizinq”in rayon bölmələri əsasən az pay torpağa sahib vətəndaşlara xidmət edir. İri təsərrüfatlar özləri üçün lizinq vasitəsilə kombayn götürür və istifadə edirlər”.
Konkret olaraq Lerikdəki kombayn çatışmazlığına gəlincə, şöbə müdiri problemin həll olunmaq üzrə olduğunu deyib:
“Lerik rayon Kənd Təsərrüfat İdarəsinin müdiri Mahmud Zahidov kombayn çatışmazlığı ilə bağlı bizə müraciət edib. Lerik dağlıq rayon olduğu üçün orada ancaq Rusiya istehsalı olan “SK-5 Niva” kombaynları işləyir. O biri kombaynların dağlıq şəraitdə dayanıqlığı çətindir. Rayon bölməsində 5 ədəd kombayn var.
İyunun 29-da 4 ədəd “SK-5 Niva” markalı kombayn Biləsuvardan, 1 ədədi Lənkərandan Lerikə yola salınıb. Ümid edirik ki, tez bir zamanda rayonda taxıl biçini yekunlşacaq”.
“Əlavə kombayn alınması üçün Nazirlər Kabinetinə müraciət olunacaq”
İ.İsmayılov gələcəkdə bu kimi halların yaşanmaması üçün tədbirlər planı hazırlandığını vurğulayıb:
“2005-2018-ci illər üçün 2132 ədəd taxılyığan kombayn sifariş verilmişdi. Onlardan 1977 ədədi respublikaya gətirilib. 155 ədəd kombayn da ilin sonunadək ölkəyə gətiriləcək. Hansı məhsulun çox əkilməsi vətəndaşların özündən asılıdır, ona görə də tələbat artıb. Kim istəyir taxıl əkir, kim istəyir arpa əkir və s.
2019-2020-ci illər üçün əkiləcək taxıl sahələrilə bağlı proqnozlara uyğun olaraq, avqust-sentyabr aylarında alınması nəzərdə tutulmuş əlavə kombaynlarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Nazirlər Kabinetinə müraciət ediləcək. Amma qeyd edim ki, nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün yerli şəraitdə çatışmazlıqlar var. Vətəndaşların istifadəsində olan torpaqların 60 faizə qədəri 1 hektar və 1 hektardan aşağıdır. 1 hektardan aşağı sahələrin əksəriyyəti ayrı-ayrı kəndlərdə pərakəndə paylanıb. Yəni sahələrarası məsafələr 10-15, 45-50 kilometrdir. Bir kombaynın bir sahədən çıxıb o biri sahəyə getməsi üçün qrunt yollarda ən azı 3-4 saat vaxt gedir. O müddətə kombayn dayandığı yerdə işləsə, 6-8 hektar sahəni biçə bilər.
Onu da deyim ki, bu il taxıl biçini vaxtı yeni metoddan istifadə etdik. Ən çox taxıl əkilmiş rayonlarda 4 operativ kombayn qrupu yaradıldı. 10 kombayndan ibarət qrup Şəkidə, 13 kombayndan ibarət qrup Kürdəmirdə, 12 kombayndan ibarət qrup Ağcabədidə və 12 kombayndan ibarət qrup Sabirabadda yaradıldı. Bu qruplar vətəndaşlardan daxil olmuş müraciətləri dərhal yerinə yetirmək üçün idi. Qarşıdakı illərdə belə metodun genişləndirilməsi nəzərdə tutulub.
Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatı naziri İnam Kərimovun tapşırığına əsasən, rayonlarda fərdi görüşlər keçirilir. Əhalinin təklif və şikayətləri nəzərə alınır”.