Göyçay sakinlərinin payızda gəlir sahələrindən biri olan nar təsərrüfatlarında yığıma başlanılıb. Narın həm şirəsi, həm də ondan hazırlanan məhsullar dünyanın onlarla ölkəsinə ixrac olunur.
FED.az xəbər verir ki, son 50 ildə göyçaylılar narın 20-dən çox növünü yetişdirməyə nail olsalar da, əsasən bağlarda Gülövşə, Vələs, Şıxbaba, Şirin nar və Bala Mürsəl nar sortlarının əkilməsinə üstünlük verirlər.
Otuz ildən çoxdur narçılıqla məşğul olan, “Əmək ordeni” ilə təltif edilən Göyçayın Qaraxıdır kənd sakini Eyvaz Səmədov deyir ki, ötən illə müqayisədə bu il məhsul boldur, amma qiymətlər qaneedici deyil. Bunun da əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı problemdir. “Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxa bilək. Dövlət də dəstəyini göstərir. Amma bu o demək deyil ki, məhsulumuz ağacda batacaq. Nar elə bir meyvədir ki, onun yerli bazarda kifayət qədər alıcısı var. Yəni, çox gəlirli sahədir, üstəlik də dövlət dəstəyi var. Şəxsən mən bu il dövlət güzəşti ilə 3 texnika almışam. Dövlət öz dəstəyini göstərir, biz kəndlilərin öhdəsinə isə yalnız çalışmaq düşür".
Göyçayda narçılığa maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 70 hektar sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Göyçayın nar bağlarında məhsul yığımı oktyabr ayının ilk günlərindən başlayır, növbəti ayın ortalarına qədər yekunlaşır. Tədarük edilən məhsulun 85 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.
Şahsoltanlı kənd sakini Cümşüd Məhiyevin sözlərinə görə, bir neçə gündür həyətlərində olan narın tədarükünə başlayıblar. Yığım prosesi 15-20 gün davam edən nar ilk növbədə çeşidlənir: “Biz birinci növ narı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər nisbətən ucuzdur. Qiymətlərin aşağı olmasının yaxşı tərəfi odur ki, hamı nar alıb yeyə bilir".
Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı vardısa, hazırda bağların sahəsi 3632 hektara çatıb. 3562 hektar bağdan isə məhsul yetişir. Bu il hər ağacdan orta hesabla 30-50 kiloqram məhsul götürülür.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Famil Nəbiyev deyir ki, son illərdə dövlətin bu sahəyə olan dəstəyi əhalinin narçılığa marağını daha da artırıb. “Rayonumuzda əsasən nar bağları Bığır, Alxasava, Qaraxıdır, Qarayazı və bir çox kəndləri əhatə edir. Bu il məhsuldarlıq həm keyfiyyət, həm də kəmiyyətcə yaxşıdır. Son illər dövlət tərəfindən digər meyvə bağlarında olduğu kimi, nar bağlarına da birdəfəlik subsidiya müəyyənləşməsi fermerlərə əlavə stimul verir. Biz də istehsalçılarla görüş zamanı, eləcə də nar bağları salınarkən həm sortların seçiminin, həm də düzgün aqrotexniki qulluq etməyin vacibliyini vurğulayırıq. Vətəndaşlar bağlarını intensiv texnologiya əsasında salsalar, həm dövlətin bu sahəyə dəstəyini hiss edəcəklər, həm də bol məhsul götürəcəklər”, - deyə F.Nəbiyev vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın bir çox regionlarında nar yetişdirilsə də, narın vətəni Göyçay hesab edilir. Rayonun bütün kəndlərində nar bağlarına rast gəlmək mümkündür. Bol vitamin deposu, şəfa qaynağı olan nardan ev şəraitində nar şirəsi, narşərab, nar turşusu, nar çaxırı, limonad, mürəbbə, kompot da hazırlanır. (Azərtac)