Lənkəran çayı dadına və ətrinə görə digər çaylardan fərqlənir. Uzun illər tənəzzül dövrü yaşasa da, son 20 ildə rayonda çayçılıqla məşğul olan fermerlər becərdikləri sahələri dövlət dəstəyi sayəsində ilbəil genişləndirirlər.
Biləsuvarda qarğıdalı sahələri - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu sahənin inkişafı, yüksək və keyfiyyətli məhsul əldə olunması üçün vacib amillərdən biri də sertifikatlı toxumdur. Təsərrüfat sahibləri bu amilə xüsusi diqqət yetirirlər. Osaküçə kəndində 50 hektar sahədə salınan plantasiyada yüksək məhsuldarlığı ilə seçilən çay sortları əkilib. Hər il tonlarla məhsul tədarük edən təsərrüfat artıq özü–özünü toxumla da təmin edir.
Çayçılıq təsərrüfatının nümayəndəsi Mirağa Həsənov bildirib ki, bu sahələrin 38 hektarı artıq məhsula düşüb. Digər 12 hektar sahə isə qarşıdakı illərdə məhsul verəcək. Bundan başqa, daha 25 hektar sahədə də çay əkini planlaşdırılır. Bunun üçün də indidən hazırlıq görülür, toxumlar əkilir.
İntensiv yağışlardan sonra havanın günəşli keçməsi əkin prosesinə də əlverişli şərait yaradıb. Dekabrda plantasiyadan yığılan toxumlar indi şitillik salınması üçün əkilir. Bir ay gecikmə olduğundan işlərin sürətli aparılmasına səy göstərilir. Əkin və qulluq işləri türk mütəxəssislərin köməyi ilə aparılır. Əvvəlcə torpağın tərkibi – hansı mineral maddələrin artıq və ya əskik olduğu öyrənilir, bu çatışmazlıq aradan qaldırıldıqdan sonra əkin prosesi başlayır.
Aqronom Ayhan Yalçınkayanın sözlərinə görə, toxum əkini ilə yanaşı, fidan basdırılması da aparılır. O bildirib ki, xüsusi qablarda 400 minə yaxın toxum əkilməsi nəzərdə tutulub. Yeni əkilən çay plantasiyalarında 3 ildən sonra ilk bar götürüləcək.
Təsərrüfatın digər sahəsində yetişdirilən 500 min ədəd ikiillik tinglər payız aylarında torpağa köçürüləcək. Bununla da plantasiya 100 hektara çatdırılacaq.
Qeyd edək ki, hazırda Lənkəranda ümumi çay sahələri 552 hektar təşkil edir. (Azərtac)