Sən demə, ətrafımızda mövcud olan hər canlının və cansızın fərqli bir ruhu, bəstəsi varmış. Təbiətin müxtəlif mənzərələrinin, hətta zərif bir çiçəyin də özünəməxsus nəğməsi olurmuş. Dünyanın bütün gözəllikləri də elə bu xırda incəliklərdən boy alır. Uşaqlıqdan bu ecazkar səslərin arxasınca düşüb gedər, arıların bəstəsini yaddaşımızın not dəftərinə sətirbəsətir həkk edərdik.
Arıçılıq təsərrüfatı qışda da bal verir - REPORTAJ - FOTOLAR
Siz də yəqin ki, nə vaxtsa daşların, torpağın, çiçəklərin və yaşıllıqların nəğməsini eşidib duya bilmisiniz. Uzaq uşaqlıq illərindən yaddaşımıza hopan belə kövrək xatirələr, arı pətəklərindən göyə yüksələn "musiqi" arıların həzin bəstəsidir. Xatirələrin qanadında keçmişə qayıdanda bu kövrək nəğmə yaddaşımızda az qala heyrətamiz arı simfoniyası kimi səslənir.
Yadımdadır, oturardıq çubuqdan toxunan pətəklərin qabağında və içəridən gələn zərif uğultunu heyranlıqla dinləyərdik. Bağımızda alma ağaclarının arasına düzülən arı pətəklərinin sayı-hesabı yox idi. Həmişə balımız bol olardı, qohum-əqrəbanın da payını kəsməyi atam günah sayardı. Arılara atam özü baxardı, bizi də əlinin altında fırladardı ki, nəsə öyrənək. Deyərdi, heç olmasa biriniz öyrənin ki, mən öləndən sonra arılar yiyəsiz qalıb qırılmasınlar. Yəni arı elə saf həşəratdır ki, sahibinin yox olmasını zamanında anlayır və əgər əvvəlki qayğını, diqqəti görməsə, pətəyini, yəni yuvasını tərk edib gedir. Pis qulluq, soyuq münasibət olan yerdə yaşamır.
Ötən əsrin 60-70-ci illərində arı saxlamaq indiki qədər çətin deyildi. Atamla gedərdik meşəyə, 10-15 arı pətəyi toxumaq üçün arı çubuğu qırıb gətirərdik. Sonra düşərdik kənddə kimin atı vardısa onun dalına ki, peyinini pətəkləri suvamaq üçün yığaq. Zülm iş idi. Bir-iki kilo peyin yığmaq üçün bir neçə gün əsir-yesir olurduq. Atam yığdığımız peyini sarı torpaqla qarışdırıb yoğurar, çubuqlardan toxuduğu səbətləri suvayardı.
Arılar yazda beçə verib ayrılanda pətəklərin keşiyini çəkərdik ki, arılar uçub getməsin. Yeni arı ailələri bulud kimi göyə qalxanda onları saxlamaq üçün vedrə, qazan döyəcləyib elə küy salardıq, guya yağış yağır. Arılar da çox uzağa ucub getməz, yaxınlıqdakı ağaclardan birinin budağından topa ilə asılıb ana arının başına yığılardılar. Atam işdən gəlib ehmalca budağı kəsər, arıları pətəyin içinə silkələyərdi.
Bax beləcə, arılar lap uşaqlıqdan həyatımızın bir parçasına çevrilmişdi. O vaxt təbiət elə güllü-çiçəkli, əsrarəngiz olduğundan may ayında yaz balı - çiçək balı alardıq. İndi belə şeylər nağıl kimidir. O yaz balının ətri, tamı da ağlımızı başımızdan alardı. Yeməkdən doymurduq. Bir dəfə qardaşım necə tamahsılanmışdısa, bir stəkan balı başına çəkəndən sonra yerindəcə yıxılıb özündən getmişdi. Bir gün özünə gəlmədi, ölməsin deyə, həkimə apardıq, iynə vurdurduq. Axşama güclə özünə gəldi. Bir dəfə də əmim oğlu əlində çubuqla bizim pətəkdən bal oğurlamağa gəlmişdi. Gözünə döndüyüm arılar əmioğlunu xəlbirləyib elə günə qoymuşdular ki, aradan 50 il keçsə də, indiyəcən pətəklərə yaxın düşmür.
Heç vaxt boş-bekar olmazdıq, arılarla bağlı həmişə işimiz var idi. Yazda hərəmiz əlimizə bir çubuq alıb pətəklərin qarşısında oturar və kələsərləri - ana arını mayalayan erkəkləri qırardıq ki, balı yeyib dağıtmasınlar. Çox qarınqulu idilər. Bundan sonra payız yaxınlaşardı və gəndalaş başı qaralanda deyirdilər ki, hə, indi pətəklərdən bal almaq olar. Arıçılar iki bir, üç bir birləşərdilər və köməkləşib bir yerdə bal süzərdilər. Bizim neçə-neçə bidon dolu balımız olardı. O vaxtı 3 litrlik bankanı 10 manata satardılar (indi 130 manatadır). Atam anama deyirdi ki, mürəbbə-zad bişirməsin, bal olan yerdə ona ehtiyac yoxdur. Amma anam da dinc oturmazdı, mürəbbəsini bişirərdi, özü də cürbəcür.
O vaxtdan 50 il keçib, arılar da dəyişib, insanlar da. Axırıncı dəfə kəndə gedəndə qardaşımın arı pətəklərinin yanında oturdum, səslərinə qulaq asdım, elə bil arılar bir az dərdlidir, əvvəlki səsləri sanki öləziyib. Bəlkə də mən o yaşda deyildim, ona görə idi. Amma qardaşım deyir ki, indi arıların da çörəyi daşdan çıxır. Əvvəl belə idi ki, hətta ildə iki dəfə pətəkdən bal ala bilirdik, arıları da bağdan dağa gəzdirmirdik, elə yerində qalırdılar. Amma indi elə deyil. Artıq biz arıçılar da çobanlar kimi tərəkəməlik etmək məcburiyyətindəyik. Təbiət elə zəifləyib, sısqalaşıb ki, əvvəlki zənginliyi qalmayıb. Arılar bal yığsın deyə, özün əməlli-başlı diribaş olmalısan, gözünü təbiətdən çəkməli deyilsən, zəngin torpaqları beş barmağın kimi tanımalısan. Vaxtında hərəkət etməsən, təbii ki, ruzin də bol olmayacaq.
Ölkənin şimalında artıq neçə ildir ki, arıçılar pətəkləri il boyu dənizin sahillərindən tutmuş dağlara kimi gəzdirmək məcburiyyətindədirlər. Elə il olur ki, 3 dəfə yer dəyişirlər. Amma 50 il əvvəl kimə desəydin ki, arıları gəzdirməsən bal olmayacaq, sənə gülərdi, lağa qoyardı. Çünki onda buna ehtiyac yox idi, hər yan başdan-ayağa gül-çiçək idi, pətək qoyulan yerdən də 4-5 balon bal almaq olardı.
İndisə bal yığmaq üçün az qala arıdan betər əziyyət çəkməlisən. Digər tərəfdən isə bütün dünyada arıların qırılmaq təhlükəsi artır. Problem elə ciddiləşib ki, bütün dünyanın arıçıları, alimləri bu məsələ ilə məşğuldurlar. Arıların sayı getdikcə azalır, problemlər isə artır. Dünyanın hər yerində belədir. Bir-iki rəqəmə fikir verək: yalnız Rusiyada günəbaxanın və digər bağ məhsullarının tam mayalanması üçün 7 milyon arı pətəyi lazımdır. Amma acı reallıq odur ki, arı ailələrinin sayı Rusiyada cəmi 1,21 milyondur. Bütün dünyada son 10 ildə pətəklərin ümumi sayı 15 milyon azalmışdır. Qlobal istilik, torpaqların müalicəsi zamanı aqrotexniki qaydaların pozulması arıların kütləvi qırılmasına səbəb olur.
Ölkəmizin şimalında müraciət etdiyimiz arıçılar da arılarının səbəbsiz yerə qırıldıqlarını deyirlər. Əslində isə bu, səbəbsiz deyil. Kütləvi palmet bağlarının salınması və onlara ildə 10-15 dəfə dərman verilməsi arıçılara və arılara baha başa gəlir. Yəni, demək istədiyimiz odur ki, dünyada mövcud olan təhlükələr bizim arıçılar üçün də izsiz ötüşmür.
Arı isə təkcə bal istehsalçısı deyil. Dünyada yetişdirilən 115 əsas kənd təsərrüfatı məhsulunun 87-nin məhsuldarlığı arılardan asılıdır. Mütəxəssislər deyirlər ki, dünyadakı kənd təsərrüfatı məhsullarının üçdəbiri arıların hesabına yetişir. Bütün bunların fonunda, məsələn, təkcə Avropada tam tozlandırma aparmaq üçün 13 milyon arı ailəsi çatışmır. Əgər planetdə arılar tam itərsə, aqrar sektora dəyən ziyanın məbləği 350 milyard avro ətrafında ola bilər. Bu isə bütün bəşəriyyət üçün real təhlükə deməkdir.
Yenə qayıdaq ölkəmizə. Biz gedən bu prosesləri dərk etmək üçün yerli arıçılara müraciət etdik. İstədik aydınlaşdıraq ki, Azərbaycan arıçılığı üçün hansı hallar xarakterikdir. Qubada arıçılar bizə danışdılar ki, əgər 50 il əvvəl arıya baxmaq üçün arı alıb pətəyə doldurmaq yetərli idisə, indi belə deyil. Arı saxlamaq üçün xüsusi biliklər lazımdır. Yəni kimin biliyi, təcrübəsi dərindirsə, arılarına yaxşı baxa bilir. Kim ki təcrübəsiz və heç bir bilik sahibi deyil, arıları qırılır. Bir qayda olaraq zəif arıçıların pətəklərinin 10-15 faizi il ərzində məhv olur. Quba rayonunun Xucbala kəndində Mustafanın, Anarın arıları bu minvalla qırılıb. Başqa rayonlarda da belə nümunələr tapmaq mümkündür.
Arıçılığı inkişaf etdirməyin yolları, əslində, məlumdur. Amma arı ailələrinin sayını artırmaqla, yem bazasını gücləndirməklə iş bitmir. Arıçılığın elmi əsaslarla bütün ölkə səviyyəsində inkişaf etdirilməsi gündəlikdə duran ciddi məsələlərdəndir. Bunun özü ayrı bir mövzu olduğu üçün daha geniş şərh edilməlidir. Əsas diqqətçəkən odur ki, arıçılıq nə qədər çətin sahə olsa da, Azərbaycanda bu sahəyə maraq çoxdur. Maraq çoxdursa, deməli, perspektiv də var. Qalır keçmiş təcrübəni və gələcək perspektivi qovuşdurub iş görmək. (Bahadur İmanquliyev, Azərbaycan qəzeti)