Azərbaycanın tələbatını ödəmək üçün ölkədə kifayət qədər – bir neçə aylıq ərzaq ehtiyatı var.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib.
Azərbaycan ərzaq ehtiyatı toplayır? – RƏQƏMLƏR AÇIQLANDI
R.Hüseyn bildirib ki, hazırda bütün proseslərə baxmayaraq kənd təsərrüfatında artım davam edir: «Bu il koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də, kənd təsərrüfatı sahəsində artım olacaq».
İlk rübdə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb: «Xüsusən də, bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər planı çərçivəsində görüləcək işlər də kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına kömək edəcək».
Onun sözlərinə görə, koronavirus dövründə əhalini taxılla təmin etmək üçün Dövlət Taxıl Fondunda kifayət qədər buğda ehtiyatı var: «Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxıstandan idxal edir və hazırda bununla bağlı işlər gedir».
Kartof ehtiyatları da kifayət qədərdir: «Ölkəmizdə faraş kartofda bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır».
Ekspert şəkər ehtiyatlarının həcmini də açıqlayıb. DSK-nın məlumatlarına əsasən ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir.
Əsas ərzaq məhsullarından olan düyü ehtiyatı da bir neçə aya kifayət edəcək: «2020-ci ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatların həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir». Ət və süd məhsulları ilə isə tələbatın ödənilməsi əsasən yerli istehsal hesabına təmin olunur.
Ekspert bildirib ki, Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq: «Eyni zamanda bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad ediləcək».
R.Hüseyn deyib ki, koronavirusun kənd təsərrüfatına mənfi təsirini azaltmaq üçün bu sahədə çalışanların hərəkətinə məhdudiyyət qoyulmayıb: «Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat karantin dövründə bu sahə ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir».
Direktor müavini Prezidentin Sərəncamı ilə fermerlərə girovsuz kreditlərin verilməsi üçün vəsait ayrılmasına da toxunub: «Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcək».