Təsəvvür edin, sizin 5 hektar torpaq sahəniz var və siz orada buğda əkimi ilə məşğulsunuz. Dəni səpir, suvarır, biçinə hazır olduqda isə kombayın çağıraraq onu biçdirir, bir neçə fəhlənin köməyi ilə öz həyətinizə daşıyır və satırsınız. Bu proseslərin hər birində siz təksiniz və bütün məsuliyyət sizin üzərinizə düşür. Üstəlik taxılın səpini, sulanması zamanı da fəhlə köməyindən istifadə edir və satışdan gələn gəlirlər xərcləri ödəyirsiniz.
Bütün bunları əkin sahələri sizin əkin sahənizlə qonşu olan Əhməd və Vaqif kişi də edir. Üstəlik siz yeni sort dən almaq istəsəniz, bankdan kredit almaq istəsəniz bir sıra çətinliklərlə qarşılacaqsınız. Sahənin istismarı zamanı çəkdiyiniz xərclər (fəhlə, kombayn, suvarma və s) də hər birinizdən eyni həcmdə çıxacaq. Hər il buğda biçini vaxtı hər üçünüz eyni şeyləri edir və torpaq sahənizin sahəsindən asılı olaraq gəlir əldə edirsiniz.
Lakin siz kənd təsərrüfatı kooperativi yaratsanız torpaqlarınızı birləşdirəcəksiniz. Yeni sort dən almaq (Dövlət bu sahəni dəstəkləyir), bankdan kredit almaq sizin üçün asanlaşacaq. Üstəlik ümumi torpağın bir hissəsində taxıl, bir hissəsində başqa bitki yetişdirə, onların səpini, suvarılması, biçilməsi ilə bağlı xərcləri azalda və aranzıda bölə, hazır məhsulu özünüz istifadə edə və ya satışından əldə edilən gəliri bölə bilərsiniz.
Üstəlik, adətən aqrar sahədə böyük şirkətlər hazır məhsulları tək-tək şəxslərdən ucuz qiymətə alır ki, həmin tək-tək şəxslər kooperativlərdə birləşsələr bu sahədə qiymət tənzimlənməsinə də təsir edəcək.
Kənd təsərrüfatı kooporasiyaları – fermerlərin könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələridir. Bu müəssisələrin yaradılması onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaq mümkündür.
Bu sahə üzrə ilkin hüquqi baza var – bu "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikası Qanunudur. Amma hələlik fermerlər kooperasyalar qurub burada birləşməkdə həvəsizdirlər və daha çox fərdiyyətçiliyə üstünlük verirlər. Üstəlik kənd təsərrüfatı təyinatlı torpaqların xırda hissələrə bölünməsi, pərakəndə şəkildə yerləşməsi bu sahənin inkişafına təkan verməlidir.
Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması bu sahədə bir sıra problemlərin aradana qaldırılmasına xidmət edə bilər.
Beynəlxalq təcrübəyə baxsaq, dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrində 100 illik inkişaf tarixi olan kənd təsərrüfatı kooperativləri istehsalçıların mütərəqqi inteqrasiya forması kimi təşəkkül tapmışdır.
Bu ölkələrdə kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır və kooperativlərin inkişafına davamlı dövlət dəstəyi nəticəsində ümumi istehsalda iri təsərrüfatların payı getdikcə artır. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər.
Təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılmışdır. Onun formalaşması uzunmüddətli proses olsa da, kooperasiya aqrar sektorda iqtisadi effektivliyə nail olmağın başlıca şərti sayılır. İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları təsərrüfatın gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər.
Kooperativlər fermerlərə təchizat, tədarük və satış məsələlərində kömək göstərirlər. İstehsal edilmiş məhsulun satışını, emalını, kreditlərin əldə edilməsini, toxum, cins mal-qara və texnikanın satın alınmasını kooperativ əsasda bir neçə təsərrüfat həyata keçirə bilər. Kooperativlər təsərrüfat fəaliyyətinin təşkilinin mütərəqqi və ədalətli forması kimi iştirakçıların mülkiyyət hüquqlarına toxunmur və yalnız birgə təsərrüfatçılığa şərait yaradır. Kənd təsərrüfatında kooperasiya məsələsi ciddiliyi və ictimai əhəmiyyəti ilə səciyyələnir.
Bəzən kooperativlər yanlış olaraq kollektiv təsərrüfatlarla (kolxozlarla) eyniləşdirilir. Halbuki, bunlar fərqli anlayışlardır. Kolxozdan fərqli olaraq kooperativlər mülkiyyətçilərin müstəqil sahibkarlığına əsaslanır. Burada da torpaq və əmlakdan birgə istifadə nəzərdə tutulsa da, fermer istənilən vaxt öz daşınar və daşınmaz əmlakı ilə kooperativin tərkibindən çıxa bilər.
Kolxozların vahid təsərrüfat sistemi, öz suvarma şəbəkəsi, kənd təsərrüfatı texnikası parkı, kadr ehtiyatı, anbar və avadanlığı, vahid əkin dövriyyəsi sistemi olsa da, torpaq üzərində sahiblik hissi və təşəbbüskarlıq yox idi. Kooperasiyanın əsasını fermer təsərrüfatları təşkil edir. Həm də bu təsərrüfatlar yalnız üzvlərin könüllüyü prinsipinə əsaslanır.
Bundan başqa, kooperativlərdə insanlar yalnız öz tanıdıqları, etibar etdikləri şəxslərlə birləşirlər. Misal üçün bir kəndin ərazisində torpaqları yan-yana olan bir neçə qonşu birləşib kooperativ yaradarsa onlar özləri kooperativin idarəçiliyini və fəaliyyət istiqamətləri müəyyən edəcəklər.
Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.
Kooperasiya məhsulun istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sistemidir. Məlum olduğu kimi, aqrar sənaye kompleksində mənfəət və ya əlavə dəyərin əsas hissəsi kənd təsərrüfatı xammalının emalı və məhsulun satışı həlqəsində yaranır. Kooperativlər isə gəlirlərin "istehsal-emal-satış" həlqələri üzrə ədalətli bölgüsünə imkan verir.
Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verir. Belə təsərrüfatlar, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan verir.
Kooperativlər təsisçilərinin vəsaiti hesabına yaradılır, fəaliyyətlərini öz xərcini ödəmə və özünü maliyyələşdirmə prinsipləri əsasında qururlar. Kooperativin yaradılması və fəaliyyəti qanunla və kooperativin nizamnaməsi ilə tənzimlənir. Buraya
• kooperativə üzvlük,
• üzvlərin hüquq və vəzifələri,
• kooperativin əmlakı,
• üzvlərin pay haqları və kooperativin pay fondu,
• kooperativin mənfəəti və onun bölüşdürülməsi,
• kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti,
• kooperativdə idarəetmə,
• üzvlüyə xitam verilməsi və payın keçməsi,
• kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı məsələlər aiddir.
Kooperativin hüquqları da genişdir. Buraya
• mülkiyyətində olan əmlak barəsində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirmək,
• öz üzvləri və kənar fiziki və hüquqi şəxslərlə kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq,
• dövlət tərəfindən tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, öz məhsulu, işi və xidmətinə bazara uyğun qiymət (tarif) müəyyən etmək,
• kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşmək,
• kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək və sair aiddir.
Maraqlı cəhətlərdən biri də odur ki, kooperativin üzvləri və kooperativə üzv olmayan şəxslər öz torpaqlarını və texnikalarını kooperativin istifadəsinə və ya icarəsinə verə bilərlər. Kooperativ üzvlərinin kooperativin istifadəsinə və ya icarəsinə verdikləri torpaqlar onların əmlak pay haqqına aid edilmir və kooperativin xüsusi mülkiyyəti hesab olunmur. Bu torpaqlar kooperativin mənfəəti bölüşdürülərkən kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada meyar kimi nəzərə alına bilər.
Kooperativlərin nəzdində satış şəbəkələri (fermer mağazaları, yaşıl marketlər, kooperativ bazarlar, topdansatış mərkəzləri), eyni zamanda kənd təsərrüfatında brend məhsullar istehsalını formalaşdırmaq məqsədilə kooperativ bazarlar yaradıla bilər.
Nyaşşayyat, kooperativlyarin fyaaliyyyatini stimullaşdırmaq tsçtsn qanunda bu qurumlara byazi iqtisadi – kredit etszyaştlyari nyazyardya tutulub. Bura kooperativlərin güzəştli şərtlərlə kreditləşməsi, kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi vya kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması daxildir.
Müəllif: Hüseyn İsmayılov, hüquqşünas