Dünya bazarındakı yüksək qiyməti, üstəlik dövlətin böyük məbləğdə dəstəyi Azərbaycanda fermerləri badam biznesinə həvəsləndirib.
FED.az xəbər verir ki, son illər badamın xarici bazarlarında mövqeyinin möhkəmləndiyini, yaxşı gəlir gətirdiyini görən iş adamları bağların sahəsini genişləndirirlər.
Ölkə üzrə bağların sahəsi 652 hektardan, hər il əldə olunan məhsul 1000 min tondan, hektara düşən məhsuldarlıq isə 12 tondan çoxdur.
Badam bağlarının artırılmasında Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da kömək edir. İnstitutun dəstəyi ilə Qusarda 10, Şabranda isə 33 hektar badam bağı salınıb. Əkilən badam sortu Amerika mənşəli, “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Şaxtaya və quraqlığa davamlıdır, ləpə çıxımı təxminən 40-48 %-dir. Yeni bağların salınmasında istifadə olunacaq badam tingləri institutun öz laboratoriyalarında mikroklonal üsulla yetişdiriləcək. Başqa sözlə, həmin bağlar biznes olmaqla yanaşı, həm də elmi layihədir, yəni bu bağlarda badam bitkilərinin necə məhsuldarlıq verdiyi və digər xüsusiyyətləri öyrənilir.
Dünya üzrə badamın məhsuldarlığı bir hektardan 12-16 ton ətrafında dəyişir. Türkiyədə bu göstərici 12 ton, ABŞ-da isə 15-16 tondur. Hələlik Azərbaycanda yeni yaradılan bağlarda məhsuldarlıq 6-10 ton ətrafındadır. Yəni dünya göstəricisindən xeyli aşağıdır, amma hazırda sözügedən institut bu tinglərin yerli şərtlərə uyğunlaşdırılması yerli ting növlərinin yetişdirilməsi üçün işlər görür. Tinglər yerli olsa, məhsuldarlıq daha da artacaq və xəstəliyə daha dözümlü olacaq.
Qeyd edək ki, tinglərin qiyməti 7-8 manat ətrafındadır və qaydaya görə badam bağlarında hər hektarda 600 ting olmalıdır.
Bu sahəni sərfəli edən digər məqam dövlət subsidiyasının verilməsimdir. Bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi yeni subsidiya qaydalarına görə, badam bağlarının hər hektarına ildə 3200 manat subsidiya nəzərdə tutulub. Bu məbləğ fermerlərə ilk 4 il ərzində, yəni bağlar meyvə verməyə başlayanadək ödəniləcək. Bağ məhsul verdikdən sonra isə subsidiyanın məbləği hektara 240 manata düşəcək.
Qusarda badam əkini ilə məşğul olan fermer Baba Məmmədov FED.az-a bildirib ki, 10 hektar bağı 3 il əvvəl salıb və artıq bu ildən məhsul toplamağa başlayıb. Hələlik məhsuldarlıq aşağıdır – hekğardan 4-5 ton. Amma qarşıdakı bir-iki il ərzində bu göstərici hektardan 10-15 tona yüksələcək. Ümumiyyətlə tam məhsuldarlığa çıxmaq üçün badama 5 il tələb olunur: «Hazırda qabıqdan çıxarılma və qurutma prosesi gelir. Hələlik bu işlər əllə aparılır, amma gələcəkdə qabıqdan təmizləmə və qurutma aparatı alınacaq».
B.Məmmədoav bildirir ki, hələlik yığılan badamın yerli və xarici bazara satılacağı məlum deyil: «Bu müştəridən asılı olacaq. Yerli bazarda topdansatış qiyməti minimum 5-6 manatdan başlayacaq.
Qeyd edək ki, dünya bazarında badama böyük tələbat var və bir çox ölkələrdə böyük valyuta gətirən məhsullardan sayılır. Badam ləpəsinin qiyməti 9 avro və ya 10 dollar ətrafında dəyişir. Yeri gəlmişkən, Azərbaycanda ləpənin pərakəndə satış qiyməti 25 manat ətrafındadır. Badamın yetişdirilməsi həm də ona görə srfəli sayılır ki, Azərbaycan hər il xaricdən 5 min tona yaxın badam alır.
Ümumiyyətlə isə hər il dünyada 1 milyon tondan artıq badam istehsalın olunur, onun 79%-i ABŞ verir. 70 min tonla Avstraliya ikinci, 40 min tonla İspaniya üçüncüdür. Qardaş Türkiyə isə ildə 13 min ton badam istehsal edərək dördüncü sırada yer tutur.