Mayın 7-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına dəstək çərçivəsində reallaşdırdığı “Kəndimiz” kampaniyasına aid 4 layihənin onlayn təqdimatını keçirib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa İttifaqının ölkəmizdə regionların və kənd yerlərinin inkişafı ilə bağlı fəaliyyəti və layihələri barədə danışıb. Qeyd edib ki, kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikro sahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli bio müxtəlifliyin qorunmasına yönələn və sair istiqamətlərdə görülən işlər barədə məlumatlılığını artırmaqdır.
K.Yankauskas bildirib ki, Avropanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi davam etdiriləcək: “Gözləyirik ki, qlobal miqyasda apardığımız işlərə və təşəbbüslərə Azərbaycan da qoşulacaq. Aİ bir sıra istiqamətlərdə - “yaşıl iqtisadiyyat”, bərpaolunan enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, rəqəmsal tranformasiya, dayanıqlı kənd təsərrüfatı, “ağıllı kənd” və “ağıllı şəhər”lə bağlı fəaliyyətini davam etdirəcək”.
Sonra “Kəndimiz” kampaniyasında yer almış layihələrin nümayəndələri videotəqdimatla çıxış ediblər. Birinci təqdimatda Balakən Regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi təqdim olunub. Daha sonra Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafına dair layihənin təqdimatı keçirilib.
Üçüncü təqdimat “Slow Food layihəsi barədə olub. Bu, “Slow Food International”ın Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi “COVCHEG – Azərbaycanda Böyük Qafqaz dağları ərazisində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi” layihəsidir. Bildirilib ki, layihə çərçivəsində 200 təsərrüfat sahibi ilə görüş keçirilib, 31 yerli məhsul Dad Gəmisi kataloquna daxil edilib, 4 nazirlik və 4 dövlət qurumu ilə layihə fəaliyyətləri üzrə əməkdaşlıq əlaqələri qurulub. Həmçinin layihə çərçivəsində “Azərbaycan Milli Aşpazlar Alyansı” qurulub və 5 regionda pilot layihələr həyata keçirilib. “Slow Food Təhsil” istiqamətində 35 yerli müəllim təlimlərə cəlb olunub.
Sonuncu, dördüncü təqdimat “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi”nə dair olub. Layihənin məqsədi Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında sahibkarlıq bacarıqlarını artırmaqdır. Layihənin dəstəklədiyi sahibkarlar tərəfindən 125 yeni iş yeri açılıb.
Qeyd olunub ki, “Kəndimiz” kampaniyası çərçivəsində Avropa İttifaqı regionların və kəndlərin inkişafı üçün 28 bölgədə fəaliyyət aparıb, mərkəzi və yerli hökumət qurumları, özəl sektor, o cümlədən sahibkarlar, ailə müəssisələri müxtəlif yardım alətləri ilə dəstək alıb, 2 min nəfər qadın olmaqla 4 min 500 nəfər yardımdan bəhrələnib.
Kampaniyanın məqsədi kənd təsərrüfatı rayonlarının inkişafı, onların sakinlərinin həyat səviyyəsinin və yaşayış şəraitinin yaxşılaşdırılması, ölkənin adət-ənənələrinin və mədəni irsinin qorunması sahəsində Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq barədə məlumatlılığın artırılmasıdır. Kənd yerlərində həyata keçirilən qrant layihələri vasitəsilə 240 mikro və kiçik ailə biznesi qurulub. (Azərtac)