Andriy Zaripov və Şamil Qədirov
2014-cü ildə dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində baş vermiş dəyişiklik Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına əhəmiyyətli dərəcədə təkan vermişdir. Kənd təsərrüfatı isə qeyri-neft sektorunun tərkibində ən mühüm sahələrdən biri kimi qiymətləndirilir.
Eləcə də bax: "Ölkəmizdə xam pambıqdan ən azı - PARÇA İSTEHSAL EDİLMƏLİDİR"
Öz növbəsində, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün ən vacib amillərdən biri də maliyyə resurslarına çıxışın olmasıdır.
Kənd təsərrüfatı bazarının iştirakçılarının maliyyəyə çıxışının əhəmiyyətini görmək üçün gəlin Azərbaycanda və digər inkişaf etmiş ölkələrdə bank sektorunun ümumi aktivlərinin və kənd təsərrüfatına ayrılan kreditlərin həcminin (ABŞ dolları məbləğində) ümumi daxili məhsula (ÜDM) olan nisbətinə baxaq:
Ölkə |
İl |
ÜDM, Mln dollar |
Bank sektorunun aktivləri, Mln dollar
|
Bank sektorunun aktivləri ÜDM-a nisbətdə faizlə, % |
Kənd təsərrüfatına verilmiş kreditlər, Mln dollar
|
Kənd təsərrüfatına verilmiş kreditlər ÜDM-a nisbətdə faizlə, % |
Azərbaycan |
2019 |
48 048 |
19 249 |
40% |
320 |
0.7% |
Türkiyə |
2018 |
771 400 |
692 361 |
90% |
14 737 |
1.9% |
Portuqaliya |
2018 |
240 901 |
426 000 |
177% |
55 600 |
23% |
Statistik məlumatlardan da göründüyü kimi, bank sektoru üzrə aktivlərin həcmi ÜDM-a nisbətdə artdıqca iqtisadiyyata təsirin dərinliyi artır, o cümlədən də kənd təsərrüfatına və digər sahələrə maliyyə resurslarının ayrılması imkanları genişlənir. Bank sektoru üzrə aktivlərin həcminin ÜDM-a nisbəti Portuqaliyada 177% (1.77 dəfə üstələyir!), Türkiyədə 90%, Azərbycanda isə hələ ki, 40%-dir.
Kənd təsərrüfatı sektoruna verilmiş kreditlərin həcminə gəldikdə isə görürük ki, bank sektorunun iqtisadiyyata təsirinin dərinliyi və kreditləşmə şərtlərinin əlçatan olması, müvafiq olaraq kənd təsərrüfatının maliyyələşmə səviyyəsinini müəyyən edir – Portuqaliyada bu 23%, Türkiyədə 1.9% və Azərbaycanda 0.7%-dir. Beləliklə, cədvəldən də göründüyü kimi, bankların aktivlərinin həcmi və kənd təsərrüfatı üzrə kreditlərin məbləği arasında korrelyasiya vardır və bu da gələcəkdə kənd təsərrüfatına ayrılacaq kreditlərin ümumi bank sektorunun aktivlərinin artım tempindən asılı olacağını göstərir. Bu baxımdan, Azərbaycanda da bank sektorunun aktivlərinin artması, bankların möhkəmlənməsi və nisbətən ucuz resurs mənbələrinin genişləndirilməsi kənd təsərrüfatının yetərincə maliyyələşməsi imkanlarını da artıra bilər.
Digər tərəfdən, ərzaq təhlükəsizliyi üçün ən böyük problem kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasıdır və bunun səbəblərindən biri də fermerlərin maliyyə mənbələrinə çıxışının zəif olması və ya heç olmamasıdır. Kənd təsərrüfatının yetərincə maliyyələşdirilməsi, bu sahədə məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək, fermerlərin ixrac potensialını artırmaq və kənd əhalisinin yaşayış səviyyəsinin uzunmüddətli dövrdə daha da yüksəltmək qabiliyyətinə malik olan gücləndirmə vasitələrindən biridir.
Həmçinin, əlçatan maliyyə resursları, fermerlərin bol və keyfiyyətli məhsul istehsalı üçün müasir texnologiyaların alınması və tətbiqi baxımından onların investisiya qabiliyyətlərini artırır. Xüsusən də, ixrac meylli kənd təsərrüfatı məhsullarının həm məhsuldarlıq baxımından, həm də xarici bazarlarda tələb olunan keyfiyyət standartlarına uyğun olması baxımından bu sahənin maliyyələşməsinin nə dərəcədə vacib olmasını göstərir.
Kənd təsərrüfatının maliyyələşməsi əsasən iki istiqamətdə aparılır: 1) cari istehsal xərclərini ödəmək üçün dövriyyə kapitalı kimi və ya 2) yeni texnika və texnologiyaların alınması üçün investisiya kapitalı kimi. Göründüyü kimi, fermerlərin investisiya etmək və istehsal etmək qərarlarına yenə də maliyyə alətlərinə çıxışın asan olması və faiz dərəclərinin məqbul olması təsir göstərir.
Bəs maliyyə institutlarının kənd təsərrüfatına yetərincə maliyyə resurslarının ayırmasına və aşağı faizlə kreditlərin verilməsinə maneə olan hansı amillərdir? Araşdırmalara əsasən bir neçə risk amilləri mövcuddur:
- sistem riski - ənənəvi olaraq kənd təsərrüfatı yüksək riskli sahə kimi qəbul olunur, çünki baş verə bilən təbii fəlakətlər və ya əlverişsiz hava şəraiti, eyni vaxtda çox sayda fermer təsərrüfatlarına və emal müəssisələrinə təsir göstərir;
- kənd təsərrüfatında sığorta sisteminin təkmil olmaması (bu sahədə ölkədə hal-hazırda davamlı işlər görülür);
- kənd təsərrüfatında biznes proseslərin və satış kanallarının zəif olması;
- kənd yerlərində maliyyə infrastrukturunun təkmil olmaması;
- yetərincə likvid girovun olmaması;
- maliyyələşmə üçün daha az riskli və yüksək gəlirli alternativlərin mövcudluğu.
Dünya Bankı Qrupunun (DBQ) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” kənd təsərrüfatı iştirakçılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabətliliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və kənd təsərrüfatı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Burada mühüm vəzifə (a) maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçünonların imkanlarının genişləndirilməsi və (b) kənd təsərrüfatı istehsalçılarının bazara daha rəqabətli və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə onların da maliyyə təşkilatları üçün uğurlu müştərilərə çevrilməsidir.