Zeytun bitkisinin əsas məhsulu sayılan “zeytun yağından” istifadənin tarixi çox qədimlərər gedir, bəzi mənbələrdə 2500 il, bəzi mənbələrdə 3000 il və hətta daha qədim tarixlərin göstərildiyi mənbələr də mövcuddur. Zeytun bitkisini əsas olaraq, Aralıq dənizi hövzəsində (İtaliya, İspaniya, Portuqaliya, Fransa, Suriya, Türkiyə, Tunis, Əlcəzair, Mərakeş, İordaniya, İsrail və s.) becərilməsinə baxmayaraq, bu gün zeytunu qiymətli bitki kimi Şimali Ameriakda, Cənubi Amerikada, Çində, Hindistanda, hətta Avstraliyada da böyük həcmdə becərirlər. Zeytun yağı qiymətli qida növü olaraq, mütamadi istifadə olunduqda, ürək-damar xəstəliklərinin ən gözəl profilaktıkası kimi, həm də tərkibindəki antioksidantların bol olmasına görə, qocalmanın qarşısını alan bir qida kimi tanınır.
Azərbaycanda zeytun bağlarının kütləvi şəkildə salınması və zeytun meyvəsinin emalı əsasən XX əsrin 2-ci yarısından etibarən başlanmışdır. Sovetlər dönəmində sənaye məqsədləri üçün salınan bağların həcmi 2000 hektara yaxın olmuşdur ki, bu da əsasən Abşeron ərazisini əhatə etmişdir. Eyni zamanda Bakı ətrafı parklarda, yol kənarlarında yaşıllıq məqsədilə salınmış zeytun ağaclarının böyük bir hissəsi bu gün də şəhərimizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əvəzolunmaz rol oynayır.
Alimlərimiz tərəfindən aparılmış tədqiqatların nəticəsinə uyğun olaraq, zeytun bitkisini Azərbaycanda Abşerondan başqa digər bölgələrdə də yetişdirmək və bu ağaclardan bol məhsul almaq mükündür. Aran Şirvanda Ğöyçay, Agdaş, Ağsuda, Mərkəzi aran zonasında Salyanda, Neftçalada, Şirvanda, Saatlı və Sabirabadda, İmişlidə, aran Qarabağ zonasında, Agdamda, Bərdə və Tər-tərdə, eyni zamanda Gəncədə və Goranboyda zeytun ağaclarını yerli iqlim şəraiti yetişdirməyə imkan verir. Buna əyani sübüt kimi, son illərdə həmin bölgələrdə yaşıllaşdırma məqsədilə əkilmiş zeytun ağaclarını misal gətirmək olar. Təbii ki, Abşeronun təbii iqlim şəraiti daha keyfiyyətli və faydalı elementlərlə zəngin zeytun yağının istehsal edilməsi üçün daha münasibdir, bu da ilk növbədə ərazinin dənizə daha yaxın olması ilə səciyyələnir.
Zeytun bitkisini iqtisadi baxımdan daha cəlbedici edən bir neçə məqamı nəzərdən keçirək: zeytun ağacı əkildiyindən 4-5 il sonra bar verməyə başlayır, 10 ildən sonra məhsuldarlıq hər ağacdan 25-30 kiloqram həddinə çatır. Təbii ki, belə bir məhsuldarlığı əldə etmək üçün digər ağaclar kimi zeytuna da müvafiq aqrotexniki qulluq vacibdir. Ağacın növündən və yerləşdiyi ərazidən asılı olaraq, bəzi yerlərdə məhsuldarlıq 40 kq və daha artıq ola bilər. Zeytun ağacı uzun ömürlü olduğundan yuxarıda göstərilən məhsuldarlığı ağaclar 100 yaşına qədər qoruyub saxlaya bilir, sonrakı illərdə məhsuldarlıq tədricən aşağı düşür. Buna əsaslanaraq, demək olar ki, zeytun ağaclarının sənaye üsulu ilə becərilməsi heç də başqa meyvə ağaclarında olduğu kimi ciddi əməliyyat xərcləri tələb etmir, eyni zamanda bu ağacın xəstəliklərə də başqa ağaclardan fərqli olaraq yoluxma ehtimalı azdır.
Zeytunu cəlbedici edən məqamlardan biri onun susuzluğa davamlı olmasıdır. Böyük ağaclar yay mövsümündə hava quraqlıq olduğu zaman digər meyvə ağaclarından fərqli olaraq susuzluğa dözə bilir. Eyni zamanda zeytunu təkcə münbit torpaqlarda deyil daşlı, qumlu və gilli torpaqlarda da becərmək və ondan bol məhsul almaq mümkündür. Bütün bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, zeytuna yatırılan sərmayə uzun müddətli bir investisiyadır. Təbii ki, yerli investorlar belə bir uzunmüddətli investisiyaya kütləvi maraq göstərmirlər. Zeytun haqqında formalaşmış bir fikir də var ki, “zeytunu ata əkir, oğul becərir, nəvə isə barını görür”. Bu fikrə əsaslanaraq demək olar ki, zeytunun Aralığ dənizi hövzəsinə aid olan ölkələrdə əsasən ailə fermer təsərrüfatları becərirlər və bu ənənəni nəsildən nəsilə ötürürlər. Hesab edirəm ki, bu ənənənin Azərbaycanda təbliğ olunması və həyata keçirilməsi zeytuna olan marağı artıra bilər və ondan əldə olunacaq gəlirlərin dəfələrlə çoxalmasına təkan verə bilər.
Hazırda dünyanın böyük zeytun yağı istehsalçıları ənənəvi üsuldan daha çox intensiv becərmə üsullarına daha maraq göstərirlər. İntensiv üsulun tətbiqi, əsasən xüsusi yağlıq sortlardan istifadə olunması ilə (məsələn, Arbekina sortu), agacların daha sıx məsafədə əkilməsi ilə, damcı üsulu ilə suvarılması və məhsulun texnika vasitəsilə toplanması ilə fərqlənir. Bu da həm əməliyyat xərclərinə qənaət edilməsinə şərait yaradaraq məhsulun maya dəyərini aşağı salır, eyni zamanda daha böyük ərazilərdə zeytun yetişdirilməsinə imkan verir. İntensiv üsulla zeytunun becərilməsi zamanı hər hektardan 8-9 ton məhsul götürmək mümkündür. Zeytunun növündən və yetişmə dərəcəsindən asılı olaraq, toplanan məhsulun təxminən 18-23%-i həcmində yağ almaq mümkündür. Hazırda dünya bazarında zeytun yağının orta topdansatış qiyməti hər bir tonuna görə 4000-5000 ABŞ dolları arasında dəyişir. Əsasən qiymət payız və qış aylarında nisbətən aşağı, yaz və yay aylarında isə nisbətən baha olur.
Dünyada zeytun yağı istehsalında İspaniya uzun illərdir ki, liderliyi qoruyub saxlayır. Aşağıdakı cədvəldə dünyada 10 ən böyük zeytun yağı istehsalçıları və onların orta illik istehsal həcmi göstərilmişdir.
Sıra | Ölkə | Orta illik istehsal həcmi (ton) | 1 tona görə orta topdansatış qiyməti (USD) | Satışdan əldə olunan toplam gəlir (USD) |
1 | İspaniya | 1.059.194 | 4.500 | 4.766.373.000 |
2 | İtaliya | 557.574 | 4.500 | 2.509.083.000 |
3 | Yunanıstan | 344.615 | 4.500 | 1.550.767.500 |
4 | Tunis | 159.990 | 4.500 | 719.955.000 |
5 | Suriya | 140.460 | 4.500 | 632.070.000 |
6 | Türkiyə | 128.168 | 4.500 | 576.756.000 |
7 | Mərakeş | 77.145 | 4.500 | 347.152.000 |
8 | Portuqaliya | 49.463 | 4.500 | 222.583.500 |
9 | Əlcazair | 37.404 | 4.500 | 168.318.000 |
10 | İordaniya | 18.702 | 4.500 | 84.159.000 |
Nəzərə alsaq ki, cədvəldə göstərilən qiymət topdansatış qiymətidir və əla növ zeytun yağının pərakəndə satış qiyməti brendindən və keyfiyyətindən asılı olaraq, göstəriləndən 2 dəfə və ya daha çox baha ola bilər.
Əgər bu sahəyə Azərbaycanda maraq artarsa, yuxarıda göstərilən bölgələrdə kütləvi zeytun plantasiyaları salmaqla Azərbaycan 5-10 il ərzində böyük istehsalçilar sırasına qoşula bilər. Zeytun yağından illik olaraq 1 milyard ABŞ dolları əldə etmək üçün Azərbaycanda təxminən 150 min hektar ərazidə zeytun bağları salmaq lazımdır. Bu təxminən ötən ilin statistikasına uyğun olaraq, Azərbaycanda pambıq əkilmiş sahələrin ümumi ərazisinə yaxındır (132 min hektar).
Hesab edirəm ki, bu nəticəni əldə etmək üçün, zeytunçuluğun inkişafı ilə bağlı xususi Dövlət Proqramı hazırlanmalı və həyata keçirilməsi üçün ciddi təbliğat-təşviqat işləri aparılmalıdır. Belə bir proqram tətbiq olunarsa, bunun nəticəsində tədricən iqtisadiyyatın müxtəlif sahələrində müsbət dəyişikliklər baş verə bilər:
- Bölgələrdə işsizliyin azaldılması;
- İqtisadi durumun və sosial vəziyyətin inkişafına nail olmaq;
- Ekoloji vəziyyətin qismən yaxşılaşdırılmasına nail olmaq;
- Sağlam və faydalı qida təchizatının yaxşılaşdırılmasına nail olmaq olar, bu da əhalimizin müxtəlif xəstəliklərə tutulmasını azalda bilər;
- Digər əlaqəli sahələrin inkişafına təkan vermək olar (təbabət, ətriyyat və s.)
Düşünürəm ki, bu barədə ciddi qərarlar vermək heç vaxt gec deyil.
Pərviz Quliyev, MBA
Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,
Azərbaycan Bank Tədris Mərkəzinin eksperti
FED.az Təhlil Qrupunun üzvü