Əhalinin tələbatının yüksək olduğu soğanın ardınca kələmin də qiymətində bahalaşma müşahidə edilir. Hazırda müxtəlif satış məntəqələrində kələmin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik - 2 manat arasına dəyişir. Soğan isə ötən həftəyə nisbətdə 1 manat 50 qəpikdən 1 manatadək ucuzlaşıb.
FED.az xəbər verir ki, Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə kələmin istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib:
“2018-ci ildə Azərbaycanda rekord həcmdə - 108,7 min ton kələm istehsal olunub. Ötən ilədək ökədə il ərzində 90-92 min ton kələm istehsal edilirdi. Buna baxmayaraq, 2018-ci ildə istehsalın 18 faiz artırılmasına nail olmuşuq. Eyni zamanda, son dövrlərə nisbətən kələm ixracında da ciddi artım var. 2017-ci ildə təqribən 700 ton, 2018-ci ildə 800 ton kələm ixrac etmişdiksə, 2019-cu ilin 2 ayı ərzində 1324 ton kələm ixrac olunub. İxracın 550 tonu Gürcüstana, 605 tonu Rusiyaya göndərilib. Bu o deməkdir ki, iki ay ərzində ixrac olunan kələmin 87 faizi iki ölkəyə göndərilib. Məsələ burasındadır ki, adətən mövsümün bu dövründə Gürcüstandan Azərbaycana kələm idxal olunurdu. Amma Gürcüstanda da məhsul qıtlığı olduğu üçün onlar məhsul təchizatını bizim bazar hesabına təmin edirlər”.
Eləcə də bax: İrandan Azərbaycana - KARTOF-SOĞAN QADAĞASI
“Kələm ixracı kəskin artıb”
Nazirlik rəsmisi qeyd edib ki, hazırda bütün regionda məhsul qıtlığı yaşanır:
“İraq, Suriya məsələlərinə görə, qonşu ölkələr - Türkiyə, İrandan ixrac həcmi artıb və bu ölkələrdə bizim məhsullara tələbat yaranıb. Ona görə də bizim məhsullar həmin ölkələrə böyük həcmdə ixrac edilir. Bu da istər-istəməz bazardakı tarazlıq şərtlərinə təsir göstərir. Bazarın bəlli bir həcmi var. Bir il əvvəl planlaşdırırsan ki, bir məhsuldan bu həcmdə əkəcəm. Amma birdən-birə bazarda gözlənilməz tələb yaranır, ixrac kəskin yüksəlir. Bu isə ölkə iqtisadiyyatı üçün müsbət haldır. Bu mənada ki, fermerlərimiz yaxşı şərtlərlə öz məhsullarını satır və məhsulların ixrac coğrafiyası genişlənir. İxracın kəskin artımı isə bazardakı şərtlərə təsir göstərir”.
“Bizim məhsullar daha ucuzdur”
F.Fikrətzadə bildirib ki, Azərbaycanda istehsal olunan məhsulun qiyməti dünya bazarlarındakı qiymətlərdən xeyli ucuzdur:
“Bir ölkə özməhsulunu dünya bazarına ona görə çıxara bilir ki, həmin məhsulu dünya bazarındakı qiymətlərdən daha ucuz istehsal edə bilir. Bizim məhsul da ixrac olunur və satılırsa, deməli dünya bazarındakı qiymətlərdən ucuzdur. Ona görə də biz rahatlıqla deyə bilərik ki, ixrac qiymətlərimiz daxili bazardakı qiymətlərdən yüksəkdir”.
“Bizim üçün risq yoxdur”
Müşavir ixrac zamanı daxili bazarda qiymətin kəskin yüksəlməməsi, ajiotaj yaranmaması üçün hansı addımlar atılacağını da diqqətə çatdırıb:
“Bazar özü ən yaxşı tənzimləyici vasitədir. İnformasiyanın içərisində olanlar daha çox bazar iştirakçılardır və bununla bağlı fermerlərə müsbət siqnallar ötürürlər. Bütün bunlar isə həmin tərəvəz məhsullarının istehsalının artırılması üçün stimul yaradır.
Bu dəfə ixrac artımı mövsümün uyğunsuz dövrünə düşdü. Bizə daxil olan məlumatlara görə, hazırda Kürdəxanı kələmi bazarda dominantlıq təşkil edir. Bazara Qusardan və digər bölgələrdən də məhsul daxil olduqca, qiymətlər stabilləşəcək. Bizim adətən qış-yaz mövsümündə məhsul idxal etdiyimiz bazarların özündə məhsul qıtlığı yaranıb və bizim məhsula tələbat artıb. Bu bir daha göstərir ki, dövlətin ərzaq təhlükəsizliyi, kənd təsərüfatı məshulları ilə özünütəminetmə siyasəti müsbət yöndə inkişaf edir. Qonşu ölkələrdə bu və digər səbəblərdən ciddi məhsul qıtlığı yarandığı halda, bizdə istehsalın həcmi artıb. Bizim bazarda məhsul qıtlığı baxımından risqli vəziyyətlər yaranmır”.