Aparılan aqrar islahatlar nəticəsində Azərbaycanda bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət təcrübə əldə edilib. Bu təcrübə xüsusilə kartofçuluqda özünü daha çox göstərir.
SSRİ dövründə bu sahə respublikada zəif inkişaf etdiyindən əhalinin kartofa olan tələbatı əsasən Belorusiyadan, Baltikyanı respublikalardan və Rusiyadan gətirilən məhsul hesabına ödənilirdi. Müstəqilliyin ilk illərində ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda hər il 50 min tondan çox faraş kartof ixrac edilir.
Hesablamalara əsasən, 1990-cı ildə ölkədə 185.2 min ton kartof istehsal edilirdisə, 2015-ci ildə bu rəqəm 839,8 min tona çatıb. Bu göstərici 2016-cı ildə 902,4 min tona, 2017-ci ildə isə, 913,9 min tona kimi yüksəlib. 2018-ci ildə bu rəqəmin daha da artırılması planlaşdırılır.
Kartof istehsalındakı artım tək sahələrin genişlənməsi hesabına deyil, həm də məhsuldarlıqda artıma nail olunması ilə reallaşıb. Araşdırmalara görə, 1990-cı ildə kartofun 1 hektardan məhsuldarlığı 78 sentner olduğu halda, 2014-cü ildə 152 sentnerə çatıb. Hazırda fermerlər məhsuldarlığı dah da artırmağın yolları üzərində düşünür.
Dünyanın bir çox ölkəsində kartofdan yüksək məhsuldarlıq əldə edirlər. Belə ki, Fransada 1 hektarın məhsuldarlığı 479 sentner, Hollandiyada 456 sentner, Almaniyada 474 sentner, Türkiyədə 321 sentner, Polşada 277 sentner, Belarusda 203 sentnerdir. Dünya üzrə orta göstərici isə 200 sentnerdi.