Ötən ilin yanvar ayından aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.
Nazir: "Ötən il Yevlax Pilot Aqroparkda 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib"
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
"Hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bugünədək 58.6 min ha ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir." -deyə sədr əlavə edib.
Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. Belə ki, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat dəyərində güzəşt əldə edilib.
Seymur Adıgözəlov bildirib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Qeydiyyata alınan aqroparklarda ümumilikdə 5000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda aqroparklarda 2660 nəfərdən çox insan daimi işlə təmin edilib, 4300 nəfərədək insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2023-cü ildə aqroparklarda buğda istehsalı 41 min ton, arpa istehsalı 24 min ton, dən qarğıdalı istehsalı 31 min ton, şəkər çuğunduru istehsalı 78 min ton, kartof istehsalı 14 min ton, soya istehsalı 1.2 min ton, pambıq istehsalı 11 min ton, silos üçün qarğıdalı istehsalı 52 min ton və yonca istehsalı 11 min ton olub. İstehsal olunan 41 min ton buğdanın 66%-i ərzaqlıq, 18%-i toxumluq, 16%-i yemlik buğda olub.
Bundan əlavə, 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib. Aqroparklarda yeni intensiv və superintensiv meyvə bağlarının sahələri fındıq üzrə 3700 ha, badam üzrə 983 ha, nar üzrə 337 ha, alma üzrə 202 ha, gilas üzrə 156 ha, üzüm üzrə 127 ha və müxtəlif növ meyvə bağları üzrə isə 468 ha olmaqla, ümumilikdə 5973 ha təşkil edib.
Aqroparklarda salınan fındıq bağı ölkədə sahəsinə görə ən böyük intensiv bağdır. Aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilib. Belə ki, aqroparkların əkin sahələrinin 16.3 min ha pivot, 6.1 min ha damlama, 1 min ha sprinkler vasitəsi ilə suvarılır. İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur. Fəaliyyətə başlamış aqroparklardan 5-i ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Şamaxı rayonu ərazisində ətlik və südlük istiqamətli yeni aqroparkın yaradılması ilə bağlı tikinti işləri artıq yekunlaşmaq üzrədir. Sözügedən 5 aqroparkda 2023-cü ildə 36.1 min ton süd və 1.3 min ton ət istehsal olunub.
Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən Yevlax Pilot Aqroparkında ümumilikdə 51 milyon manatdan artıq investisiyanın qoyulması, 305 daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2023-cü il ərzində Aqroparkın 8 rezidenti tərəfindən 868 hektar sahədə əkin işləri aparılıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.
"Sabirabad Pilot Aqroparkda indiyədək 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən Aqroparka 60 milyon manatdan çox özəl investisiyanın qoyulması, 260 daimi, 1000-dən artıq mövsümü iş yerinin yaradılması planlaşdırılır ". deyə - İZİA-nın sədi bildirib.