Son illər iqlim şəraitinin dəyişməsi Mil-Muğan bölgəsində, o cümlədən İmişlidə meyvə bağlarına təsirsiz ötüşməyib. Hava şəraiti ağacların məhsuldarlığını aşağı salmaqla həm də bar vermə müddətini qısaldıb. İndi bağbanlar iqlim şəraitinə daha dözümlü olan sortlar becərməklə bağlarda məhsuldar ağacları aqrotexniki qaydalara uyğun olmaqla yetişdirirlər.
Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib - FOTOLAR
FED.az xəbər verir ki, İmişlidə bağbanlar ağacların dərmanlama işlərinə başlayıb. Yaz mərhələsində önəmli hesab edilən dərmanlama əsasən ağacların iç qurduna qarşıdır. Bağban Azər Rzayev deyir ki, bu proses vaxtında aparılmazsa ağaclara birə düşür, daha sonra qurda çevrilərək ciddi ziyana gətirib çıxarır. "Bir aya yaxındır ki, dərmanlama işlərini davam etdiririk, öncə Naxçıvan göycəsi deyilən alça ağacları, daha sonra ərik və gilas ağaclarını dərmanlayırıq. Ziyanvericilərə qarşı sayılan kimyəvi dərmanlama əsasən çiçəkdən çıxan ağaclarda aparılır. Son vaxtlar müşahidə olunan intensiv yağışlar da həşəratların çoxalmasına səbəb olub. Digər bir tərəfdən isə mayalanma prosesini pozub ki, bu da məhsuldarlığa təsir edən amillərdir. Hazırda ziyanverici həşəratlar təsir etməsin deyə dərmanlamanı tezləşdirmişik.
Bağbanları narahat edən əsas məqam iqlim şəraitinin dəyişməsidir. Son 15 ildə havaların dəyişkənliyi bağlarda olan ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb. Bağban A.Rzayev deyir ki, təhlükə əsasən ərik, gilas, alma, armud kimi ağaclarda nəzərəçarpacaq dərəcədə artıb: “Bizim bağlarda olan ağaclar uzunömürlü və bol məhsullu ilə seçilib. Lakin son 5 ildə demək olar ki, ağaclar tez quruyur və yeni əkdiyimiz tinglərin inkişafı ləngiyir. Bu da əsasən hava şəraitindən asılıdır. Buna görə ağaclarda müşahidə aparırıq və daha yetişkən və dözümlü sortlara üstünlük veririk. Bir vaxtlar Mil-Muğan bölgəsində daha çox əkilən qırmızıyanaq əriyin yerini son ildə ağ ərik tutub. Dadı və həcminə görə ağ ərik seçilən meyvə olsa da mövcud hava şəraitinə dözümlülüyü azdır. Lakin qırmızıyanaq ərik daha dözümlüdür. Apardığım müşahidə zamanı şahid oldum ki, yağıntılar digər ağaclara təsir etsə də qırmızıyanaq ərik daha dözümlü olur. Bu məqsədlə son 3 ildə qırmızıyanaq əriyin tinglərini çoxaltmağa başladım. Demək olar ki, hər il 800-1000 ədəd ting yetişdirib sayı çoxaltmağa nail olmuşuq”.
Xəyal Xudiyev də bağçılıq sahəsində kifayət qədər təcrübəyə malikdir. Bağda əsasən gilas, alça, ərik, şaftalı, alma armud və.s ağaclar yetişdirir. Məhsuldarlığın artırılması üçün dərmanlama işlərinin mühüm məsələ olduğunu deyir: “Ağaclar ilin hər fəslinə uyğun olaraq dərmanlanmalıdır. Bu həm ziyanvericilərə qarşı effektiv mübarizə sayılır, həm də məhsuldarlığı artırır. Hazırda yaz fəslində çoxalan həşəratlara qarşı paleqor və motsar adlı dərman vururuq. Əlavə olaraq ağaclara düşən xəstəliklərə qarşı kükürd və göydaşdan istifadə edirik. Bunlar səmərəli mübarizə üsulları sayılır. Mart ayının əvvəlindən başlamışıq, artıq işlərimiz yekunlaşmaq üzrədir. Son günlər intensiv yağıntılar bağlara təsir edib, amma bol məhsul əldə edəcəyimizi düşünürük”.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon ərazisində 800 hektara yaxın meyvə bağları mövcuddur. Bunlar əsasən həyətyanı sahələrdə salınan təsərrüfatlardır və onlar içərisində nar, heyva, alça, ərik, gilas alma, armud, gavalı şaftalı ağacları üstünlük təşkil edir. İntensiv yağıntıların taxılçılıq, otlaq kimi sahələrə müsbət təsiri olsa da, meyvə bağlarına əsasən tez çiçəkləyən çəyirdəkli ağaclara mənfi təsiri var. (Azərtac)